AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor: “Kitabi-Dədə Qorqud”dakı toponimlər Göyçənin qədim oğuz yurdu olduğunu sübut edir
Nov 23, 2023 | 15:20 Mühüm hadisələr

Türk xalqlarının qədim mənşəyi haqqında məlumatları məhz coğrafi adların köməyi ilə müəyyənləşdirmək mümkündür. Çünki toponimlər adi söz deyil, tarixi abidə kimi xalqın formalaşmasını, mənşəyini özündə qoruyub saxlayır. Qərbi Azərbaycanda işlənən toponimlər də azərbaycanlıların burada qədimdən yaşadığını sübut edən faktlardır. Qərbi Azərbaycanın tərkib hissəsi olan Göyçə mahalının toponimləri - kənd, dağ, çay, məhəllə, qala və s. adları xalqın minillik tarixindən xəbər verir. Coğrafi adlardan tutmuş toponimlərin formalaşmasında iştirak edən sözlərin və coğrafi nomenlərin hər biri burada yaşayan xalqların tarixini özündə yaşadır. Göycə mahalı Qərbi Azərbaycanda ərazisinin genişliyinə və əhalinin sayına görə fərqlənir.

Bu fikirləri noyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda keçirilən respublika elmi konfransında professor Sayalı Sadıqova söyləyib.

Professor qeyd edib ki, Qərbi Azərbaycanın qədim yer-yurd adları fonetik tərkibcə türk mənşəlidir. Onların türk mənşəli olmasının sübut edən tarixi abidələrdən biri olan “Kitabi-Dədə Qorqud” dastanlarıdır. Dastanda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlərin verilməsi bu yerdə yaşayan azərbaycanlıların qədim tarixini özündə əks etdirir. Çünki Göyçə hövzəsi türklərin ən qədim yaşayış məskəni olub. Göyçədə olan kənd, mahal adları bunu bir daha sübut edir. Burada adı çəkilən toponimlərin köməyi ilə türk tayfalarının yerini dəqiqləşdirmək mümkündür. Verilən toponimlərin yaradılmasında istifadə edilən söz və qrammatik formaların semantikası və quruluşunda ciddi bir dəyişiklik olmadan müasir Azərbaycan dilində olduğu kimi işlənməkdədir. Dastanda adı çəkilən “Gökcə”, “Gökcə gölü” toponimləri bu yerlərin qədim oğuz yurdu olduğunu sübut edir. Qədim abidələrdən bir çoxunda təkcə oykonomik deyil, bir sıra oronimik və hidronomik obyektlərin adları diqqəti cəlb edir.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023