AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ağdamın Zəfər bayramı
Nov 20, 2023 | 11:45 Mühüm hadisələr

Şanlı Zəfərin təqvimlərimizdə al qırmızı rəngə boyadığı daha bir qürurlu tarixi, qədim Qarabağın xanzadə yurdu Ağdamın azadlıq gününü fəxrlə qeyd edirik...

Ürəyimizdə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusuna böyük minnətdarlıq, ana torpağımız uğrunda şəhid olan vətən övladlarının ruhuna dərin ehtiram hissi ilə...

2020-ci il noyabrın 20-də cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, həyata keçirdiyi mükəmməl hərbi taktika sayəsində Ağdam bir güllə atılmadan, bir itki verilmədən azad edildi, 27 illik həsrətin, intizarın sonunda bu tarixi türk diyarında yenidən Azərbaycan bayrağı dalğalandırıldı.

Biz ağdamlılar doğma yurdumuzdan olan çəkiliş kadrlarından bir zamanlar öz əllərimizlə tikib-qurduğumuz ev-eşiklərimizin vəhşi düşmən tərəfindən dağıdılmasını, əzizlərimizin məzarlıqlarının belə yerlə yeksan olmasını böyük sarsıntı, ürəkağrısı ilə seyr etmiş, doğulub boya-başa çatdığımız, amma doyunca yaşaya bilmədiyimiz torpağımızın viran halına uşaq kimi ağlamışdıq.

Lakin qalib lider İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə 2020-ci il noyabrın 23-də, azadlığından cəmi üç gün sonra Ağdama yollanması,  rayonun mənəvi rəmzi Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən ağdamlılara, Azərbaycan xalqına Ağdam şəhərinin, bütün kəndlərin bərpa ediləcəyinə dair əzm və qətiyyətlə söz verməsi ürəyimizi dağa döndərdi, ağ damlı şəhərimizin ruhunun tezliklə özünə qaytarılacağının xoşbəxtliyini yaşadıq.

Budur, artıq qurucu lider İlham Əliyev Qarabağın barlı-bərəkətli yurdu Ağdamı müasir inkişaf və quruculuq məkanına çevirib.

Ağdamda doğulub, boya-başa çatan biri kimi buranın abad günlərinin də, ən ağrılı-acılı zamanlarının da şahidiyəm. Qarabağda 1988-ci il hadisələri başlayanda milis məktəbində işləyirdim və o zaman kursantlarımızı Ağdərəyə, Gədəbəyə, Xankəndiyə və digər ərazilərə aparırdıq. Düzdür, intensiv döyüş getməsə də, atışmalar olurdu, gərginlik var idi. Əsgərlər vuruşurdular, bizim də öz mövqelərimiz vardı, kursantlar postlar qurmuşdular, onlara nəzarət edirdik. Müharibə ərəfəsində də hər həftə Ağdama gedirdim. Dost-tanışlarla birgə yardım, patron, geyim, yorğan-döşək, çörək, başqa ehtiyac olan şeylər yığıb aparırdıq döyüşçülərimizə, camaata...

Döyüşkən oğullarımız düşmənə qan uddururdu. Həmin vaxt ən çox küçə döyüşləri aparılan rayon da məhz Ağdam olub və Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verib.

Lakin həmin zaman xalqımıza, cəsur döyüşçülərimizə dayaq, arxa duran qüdrətli dövlət, həmin dövlətə rəhbərlik edən müdrik liderimiz olmadığı üçün müharibəni uduzduq, müsibətlərə tuş gəldik, rayonlarımız bir-bir işğal olundu, o cümlədən də Ağdam.

Elimiz didərgin düşdü, hərə bir yana dağıldı, ancaq yas düşəndə, toy olanda bir yerə yığışa bildik, gah xoş günlərimizi xatırladıq, gah vətən nisgili boğazımızda düyünləndi.

Çox insanlarımız bir daha doğma yurdu görmədən, vətən qübarı ilə köçdü bu dünyadan, çox körpələrimiz doğuldu Ağdamı yalnız valideynlərinin sözləri ilə tanıyan... 

Düz 27 il Ağdama həsrət yaşadıq, amma bir gün də olsun doğulduğumuz torpağa qayıdacağımızın ümidini itirmədik.

Bir gün torpaqlarımızın işğaldan azad olunacağı ümidini Ulu Öndər Heydər Əliyev, doğma yurda qayıdacağımız inamını qətiyyətli lider İlham Əliyev verdi bizə...

Müdrik rəhbərimiz İlham Əliyev hər zaman torpaqlarımızın işğaldan azad edilməsinin, bir milyona yaxın köçkünümüzün yurduna qaytarılmasının özünün ən ümdə vəzifəsi olduğunu bəyan etdi. Ötən müddətdə milli mənafelərimizin təmini istiqamətində atdığı ardıcıl və mükəmməl addımlarla möhtərəm Prezident İlham Əliyev bizi o şanlı günlərə, Böyük Zəfərə, Böyük Qayıdışa  yaxınlaşdırdı.

2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə Ağdamı ağ bəxtli diyar, biz ağdamlıları bəxtəvər etdi.

Müharibədən qısa müddət sonra dövlətimiz tərəfindən bütün işğaldan azad edilən ərazilərdə olduğu kimi, Ağdamda da sürətli tikinti və bərpa işləri aparılmasının nəticəsidir ki, indi rayonumuz quruculuq, abadlıq ünvanına çevrilib.

Bir zamanlar görənlərin dəhşət, qorxu ilə "ruhlar şəhəri", "Qafqazın Xirosiması" adlandırdığı viranə şəhərdən əsər-əlamət qalmayıb, Ağdam gündən-günə dirçəlməyə, yaşamağa başlayıb.

Xoşbəxt insanam ki, cənab Prezident İlham Əliyev öz əlləri ilə qədim Ağdamın yeni təməl daşını qoyanda mən də orada idim.

2021-ci il - Müstəqillik Günündə Ağdamın bərpasının başlanğıcını qoyan dövlət rəhbərimiz ən müasir Ağdamın qurulacağının və buranın tezliklə modern şəhərə çevriləcəyinin xoş xəbərini verdi.

Həmin tarixi gündə demək olar ki, Ağdamın Baş Planında yer alan bütün layihələri bir-bir bizimlə müzakirə edən, fikirlərimizi dinləyən möhtərəm Prezident layihənin icraçılarına tapşırıq verdi ki, Ağdam üçün elə ağaclar, güllər seçsinlər ki, burada bitsin. Onda mən də söylədim ki, cənab Prezident, Ağdamda nə əksən bitər, subtropik bitkilərin hamısı Ağdamda bitir. Ağdamın torpağı çox münbitdir. 

Yeni Ağdam 100 min əhalisi olan möhtəşəm bir şəhər kimi salınır. Parklar, meşələr salınacaq, kanal çəkiləcək. Evlərin hər biri gözəl layihələr əsasında tikiləcək. Köhnə abidələrin hamısı bərpa olunacaq: Fərhadın heykəli, Cümə məscidi, Çörək muzeyi və digərləri. Ağdamın işğal və qələbə tarixi iki muzeydə yaşadılacaq, "İşğal" və "Zəfər" muzeyləri yaradılacaq.

Ağdamda vaxtilə təhsil aldığım və erməni vandalları tərəfindən dağıdılmış qədim 1 saylı orta məktəbin də yenidən təməli qoyuldu. Artıq bu qədim məktəbin tikintisi yekunlaşmaq üzrədir.

Ağdamın Baş Planında Qarabağ Universitetinin yaradılmasının nəzərdə tutulması isə ümumilikdə Azərbaycan elm camiəsi üçün böyük töhfə, həm də Ağdamın elm-təhsil mərkəzi olacağının bariz göstəricisidir.

Onu da vurğulayım ki, Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağ Regional Elmi Mərkəzinin yaradılması planlaşdırılır ki, bu addımın  özü də burada elm sahəsinin inkişafına böyük təkan verəcək.

2021-ci il mayın 28-dəki görüş zamanı cənab Prezident söylədi ki, biz elə bir şəhər yaradacağıq, elə bir Ağdam quracağıq ki, bu, bütün dünya üçün örnək olacaqdır.

Artıq həmin tarixi görüşdən ilyarım ötüb və bu dövrdə Ağdamın siması xeyli dəyişib, dövlət başçımızın yeni Ağdamla bağlı planlaşdırdığı layihələr bir-bir həyata keçirilməyə başlanıb.

Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bütün quruculuq bərpa işlərinə şəxsən nəzarət edən dövlət başçımız mütəmadi olaraq Ağdam rayonuna da səfərlər edir və görülən işlərlə yaxından tanış olur, yeni açılışlar edir, bünövrələr qoyur.

Ötən il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər edərək "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyub.

2022-ci il oktyabrın 4-də Ağdamda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, rayonun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər, yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan, həmçinin Pənahəlixanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.

Elə 2023-cü il də Ağdam üçün böyük quruculuq ili oldu. Mayın 2-də Mehriban xanım Əliyeva ilə birlikdə yenidən yolunu Ağdamdan salan Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq yeni mühüm layihələrin təməllərini qoydu. Səfər zamanı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olan dövlət başçısı "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin bünövrəsini qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində tikiləcək inzibati binanın, eləcə də şəhərdə salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməllərinin qoyulması mərasimində iştirak etdilər. Mayın 2-də rayonda Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması isə daha bir möhtəşəm hadisə oldu.

Xüsusi vurğulayım ki, işğaldan azad edilən bütün yurdlarda tarixi, dini, mədəni irsimiz, o cümlədən də Ağdamın mənəvi simvolu sayılan Ağdam Cümə məscidi Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa olunur.

Ağdam gündən-günə çiçəklənir, gülüstana çevrilir. Dövlətimiz tərəfindən Qarabağın qədim diyarında görülən bütün bu möhtəşəm işlər tezliklə doğma yurdumuz Ağdama doğru da qayıdış karvanlarının yol alacağının xoş sorağını verir.

Bizə yaşatdığı bu xoşbəxtliyə görə Ulu Öndər siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevə ömürboyu minnətdar olacağıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə qazandığı parlaq Zəfər bizə yeni-yeni qələbələr ərmağan edib.

Çox fəxrliyik ki, bu il 20 Noyabr - Ağdam Şəhəri Gününün sevincini həm də Azərbaycanın suverenliyinin bərpası, Xankəndidə bayrağımızın əbədi dalğalandırılmasının misilsiz qüruru ilə qeyd edirik.

Habil QURBANOV, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor

“Azərbaycan” qəzeti

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023