AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda “Haqqın qulu – Məhtimqulu” mövzusunda beynəlxalq elmi-bədii konfrans keçirilib
Nov 20, 2023 | 10:35 Konfranslar, iclaslar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Türk dünyasının dahi mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş “Haqqın qulu – Məhtimqulu” mövzusunda beynəlxalq elmi-bədii konfrans keçirilib.

Əlyazmalar İnstitutunda baş tutan konfrans çərçivəsində filologiya elmləri doktoru, professor Ramiz Əskərin türkməncədən dilimizə tərcümə etdiyi “Maxdumkulu. Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi də baş tutub.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyəsindən, iki qardaş ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs edib. Şairin Azərbaycanda – AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tapılan “Divan”ının türkmən mütəxəssislər ilə birlikdə çapının ədəbi əlaqələrimizə böyük töhfə verdiyini qeyd edən akademik İsa Həbibbəyli görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığının, onun xatirəsinin ölkəmizdə hər zaman əziz tutulduğunu və bu münasibətlə ardıcıl şəkildə konfrans və tədbirlərin keçirildiyini vurğulayıb.

Daha sonra Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmməd Elyasov çıxış edib. O, Azərbaycanda böyük türkmən şairi Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Səfir ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan-Azərbaycan münasibətlərindən söz açaraq, iki qardaş ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsi üçün hər cür dəstəyi göstərəcəyini vurğulayıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında gələn qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və Məhtimqulu Fəraqinin 300 illik yubileyi ilə bağlı beynəlxalq elmi konfransın Bakıda ­– Əlyazmalar İnstitutunda keçirilməsinin iki ölkə arasında müxtəlif istiqamətlərdə davam edən əməkdaşlıq əlaqələrinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Natiq Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini vurğulayaraq ölkəmizdə Türkmənistandan sonra şairin həyat və yaradıcılığının, fəlsəfi ideallarının öyrənilməsi baxımından ikinci böyük elmi məktəbin formalaşdığını bildirib.

Açılış nitqindən sonra Türkmənistan Respublikasının Oğuz Xan adına Türkmənfilm studiyasının istehsalı olan Məhtimqulu Fəraqi haqqında “Haqqın qulu – Məhtimqulu” adlı sənədli film nümayiş olunub.

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

Türkmənistan Elmlər Akademiyasının Filologiya və Hüquq Elmləri Bölməsinin müdiri Gövhər Gəldiyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, fil.e.d., professor Məmməd Əliyev, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun elmi işçiləri – Gözəl Allakova və Maya Babayeva, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, fil.e.d. Firuzə Ağayeva və Məhtimqulu adına Türkmən Dövlət Universitetinin Türkmən ədəbiyyatı kafedrasının müdiri Amannəfəs Şıxnəfəsov şairin yaradıcılığının müxtəlif istiqamətləri haqqında məruzələrlə çıxış ediblər. Məruzəçilər, həmçinin türkmən ədəbiyyatının ən görkəmli nümayəndəsinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, Azərbaycan alimləri tərəfindən tədqiqi tarixinə də nəzər salıblar.

Çıxışlardan sonra Bakı Dövlət Universitetinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri, Türkmənistanın “Altın əsr” mükafatı laureatı, filologiya elmləri doktoru, professor Ramiz Əskər müəllifi olduğu tərcümələrdən ibarət və təqdimatı keçirilən, Aşqabadda nəşr olunan “Maxdumkulu. Seçilmiş əsərlər” kitabı haqqında məlumat verib, təqdimat mərasiminin keçirilməsinə şərait yaratdıqları üçün Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinə, AMEA-nın və Əlyazmalar İnstitutunun rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Konfransın bədii hissəsində Azərbaycan və Türkmənistanın istedadlı gəncləri dahi şair və mütəfəkkir Məhtimqulu Fəraqinin müəllifi olduğu şeirlərdən nümunələr səsləndiriblər.

Sonra konfrans iştirakçıları Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadənin müşayiəti ilə Ekspozisiya zalında sərgilənən dahi şairin qədim əlyazma nüsxələri və nadir eksponatlarla tanış olublar.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023