AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib
Nov 16, 2023 | 11:23 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları, AMEA-nın magistrları, Akademiyada 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmuş şəxslər, onların elmi rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə ölkə başçısının Sərəncamı ilə təltif olunmuş akademik Teymur Kərimliyə “Şöhrət” ordeni təqdim olunub. Sonra akademik Nazim Məmmədova və fəlsəfə elmləri doktoru İlham Məmmədzadəyə 70, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevə isə 50 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanı verilib. Həmçinin akademiklər Arif Həşimov, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Nərgiz Axundova, Teymur Kərimli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, professor Kərim Şükürov və AMEA-nın bir qrup əməkdaşına Rusiya Fəlsəfə və Hüquq İnstitutunun təsis etdiyi “Akademik Cahangir Kərimov” nişanı təqdim edilib. Bundan əlavə, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri üzrə məzunlara magistr diplomları verilib. Təltif və diplomları AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.

Daha sonra elmi-təşkilati məsələlər müzakirə edilib.

İclasda müzakirəyə çıxarılan birinci məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsindən irəli gələn vəzifələr haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı Azərbaycan elmi, o cümlədən AMEA qarşısında bir sıra vəzifələri qoyub və Akademiyanın yeni Nizamnaməsinin hazırlanmasını zəruri edib.

AMEA rəhbəri qeyd edib ki, geniş müzakirələr nəticəsində hazırlanmış yeni Nizamnamənin 3 noyabr 2023-cü il tarixində təsdiq edilməsi səksən ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və mövcud olduğu bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının müasir dövrdə, ölkəmizin dünyada və regionda geosiyasi və iq­ti­sa­di ar­xi­tek­to­ni­ka­­nın müəy­yən­ləş­mə­sin­də əsas fak­to­ra çev­ril­diyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Nizamnamədə Azərbaycan Milli Elmlər Akademiyasının  hüquqi statusu “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” olaraq müəyyən edilib. Diqqətə çatdırıb ki, intellektual inkişaf modelinin dövlət siyasətində xüsusi olaraq prioritetləşdiyi, “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın 2030-cu ilədək ölkənin əsas beş prioritetindən biri olaraq müəyyənləşdirildiyi hazırkı şəraitdə Akademiyaya “dövlət ali elmi təşkilatı” kimi yüksək hüquqi statusun verilməsi onun dövlətin elm siyasətinin həyata keçirilməsində funksional baxımdan xüsusi və əlahiddə rolunu müəyyən edir.

AMEA prezidenti bildirib ki, Nizamnamədə təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədi olaraq müəyyən edilmişdir: “Bu da Akademiyanın müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sın­da tə­bi­ət, texnika, hu­ma­ni­tar və ictimai elm­lər sahəsində fun­da­men­tal təd­qi­qat­la­r üzrə ye­ni bi­lik­lə­rin əl­də edil­mə­si, top­lan­ma­sı, sax­lan­ma­sı, ötü­rül­mə­si, tətbiqi­ və hə­min ba­za üzə­rin­də ge­ne­ra­si­ya­sının baş­lı­ca sfe­ra­sı ki­mi  dövlətin iqtisadi, sosial, mədəni və in­no­va­si­ya sis­te­mi struk­tu­run­da mühüm rolunu ifadə edir. Həmçinin Nizamnamədəki Azərbaycan dilinin saflığının qorunması, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanması, Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsi kimi vəzifələr Akademiyanın yeni mərhələdəki fəaliyyətində ic­ti­mai-hu­ma­ni­tar elm sa­hə­lə­ri­nin xüsusi rolunu, döv­lə­tin mədə­ni-mə­nə­vi, so­si­al-humanitar və ideoloji in­ki­şa­fın­da, mil­li ma­raq­la­rı­nın qorunmasında mühüm əhəmiyyətini ifadə edir”.

Nizamnamənin AMEA Rəyasət Heyəti, AMEA-nın üzvləri, bütövlükdə respublikanın elmi ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki,  AMEA-nın üzvləri və əməkdaşları, onun respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalılar qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi və Akademiyanın modernləşməsi üçün bütün səylərini, intellektual, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, vəzifələrin icrası istiqamətində kompleks tədbirlər həyata keçirməlidirlər.

Çıxışlardan sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsindən irəli gələn vəzifələrin icrası üçün Komissiya yaradılıb və bir sıra tapşırıqlar verilib.

İclasda müzakirə olunan növbəti məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ekspedisiyaların təşkili ilə əlaqədar 30 oktyabr 2023-cü il tarixli Qərarının icrasından irəli gələn məsələlər haqqında olub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında həyata keçirilən tədqiqatların nəticələri elmi müəssisənin yerləşdiyi ərazidən kənar, çöl şəraitində elmi tədqiqat və eksperimental işlərin aparılması forması olan elmi ekspedisiyalardan bilavasitə asılıdır. Vurğulayıb ki, buna görə də elmi ekspedisiya işlərinin səmərəliliyinin artırılması, bu sahədə fəaliyyətin dünyanın qabaqcıl elm tələblərinə uyğun şəkildə təşkil edilməsi istiqamətində AMEA-da kompleks tədbirlər həyata keçirilir. Bildirib ki, bu sahədə görülən işlərin tərkib hissəsi kimi, Akademiyada arxeologiya, etnoqrafiya, folklor, dialektologiya və seysmologiya sahələrində ekspedisiyaların səmərəliliyinin artırılması məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” qərar qəbul edilib və AMEA-nın aidiyyəti qurumlarına tapşırıqlar verilib.

Akademiyanın ekspedisiyaların təşkili ilə bağlı bir sıra təkliflərlə Nazirlər Kabinetinə müraciət etdiyini qeyd edən akademik İsa Həbibbəyli təkliflərin Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli Qərarı ilə qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu Qərar alimlərimizə uzun illər erməni vandalizminə məruz qalaraq dağıdılmış, elmi tədqiqatlardan kənar düşmüş Qarabağ və Şərqi Zəngəzur ərazisində də arxeoloji ekspedisiyaların mütəmadi, sistemli və müasir tələblərə uyğun şəkildə təşkilində mühüm rol oynayacaq.

Qeyd olunan Qərardan irəli gələrək AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

İclasda AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi tarixinin müəyyən edilməsi haqqında da müzakirələr aparılıb.

Məsələ ilə əlaqədar çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, son dövrlər bir tərəfdən müasir dünyanın elmi çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənərək Azərbaycan Milli Elmlər Akademiyasında çoxşaxəli islahatlar həyata keçirilməkdədir.

AMEA rəhbəri qeyd edib ki, bu islahatlar beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin milli-ideoloji əsaslar üzərində yenidən qurulması, elmi kadr potensialından daha səmərəli istifadə edilməsi, elmin, dövlətin sosial-iqtisadi, mədəni, xüsusən də ideoloji siyasətinin həyata keçirilməsində daha yaxından iştirakının təmin edilməsi, elmin normativ-hüquqi bazasının yeni elmi idarəetmə mexanizmlərinə uyğunlaşdırılması, elmin populyarlaşdırılması və təbliğinin yeni innovativ meyarlar əsasında təşkil edilməsi, elektron elmin inkişafı, elmi qurumların strukturunun optimallaşdırılması və s. istiqamətləri əhatə edir.

“Qeyd olunan istiqamətlərdə islahatların həyata keçirilməsi üçün son vaxtlar AMEA-nın əsas kollegial icra orqanı olan Rəyasət Heyətində bir çox məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Lakin AMEA-nın Nizamnaməsinə əsasən, bir sıra məsələlərə, xüsusən struktur dəyişikliyinə aid müvafiq qərarları qəbul etmək və dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququ AMEA-nın Ümumi yığıncağının səlahiyyətinə aiddir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb və AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi zərurətinin yarandığını söyləyib.

Qeyd edilənləri nəzərə alaraq, AMEA-nın növbəti Ümumi yığıncağının 29 noyabr 2023-cü il tarixində keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.

İclasda AMEA-da 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri də müzakirə olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün ilk dəfə olaraq Rəyasət Heyətinin genişləndirilmiş iclasında AMEA-nın gənc alimləri, magistrları, Akademiyanın fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbul olmuş şəxslər, onların elmi rəhbərləri iştirak edirlər və Azərbaycanın görkəmli alimlərilə birgə tədbirdə iştirak onların gələcək elmi fəaliyyətlərinə müsbət töhfə və stimul verəcək. Akademiyada gənclərə göstərilən diqqətin Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi gənclər siyasətinin tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli gənc kadrların hazırlanmasının Azərbaycan elminin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra iclasda AMEA-da 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmuş şəxslərin elmi işlərinin mövzuları müzakirə olunaraq təsdiqlənib.

Həmçinin iclasda “Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin, Rəyasət Heyətinin tərkibinin, Bölmə Elmi Şurasının tərkibinin, elmi  müəssisələrin rəhbərlərinin seçkilərinin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə” təsdiq edilib.

İclasda bir sıra struktur dəyişikliyi də müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın “Elm” Nəşriyyatının, Şəki Regional Elmi Mərkəzinin və Lənkəran Regional Elmi Mərkəzinin strukturu və işçilərinin say həddi təsdiqlənib. Həmçinin AMEA-nın Şəki Regional Elmi Mərkəzində daxili imkanlar hesabına Kitabxananın yaradılması, AMEA-nın Gəncə Bölməsində daxili imkanlar hesabına Beynəlxalq əlaqələr şöbəsinin yaradılması, həmin bölmənin Təsərrüfat və xidmət şöbəsinin Təchizat və xidmət şöbəsi adlandırılması haqqında qərarlar qəbul edilib. Eyni zamanda AMEA-nın Elm Tarixi İnstitutunun, o cümlədən AMEA-nın təsərrüfat hesablı Avtobazasının, Təmir-Tikinti və Quraşdırma İdarəsinin ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması haqqında qərarlar verilib.

Bundan əlavə, Məhməd Akif Ərsoyun 150 illik yubileyi ilə əlaqədar elmi konfransın keçirilməsi, həmçinin AMEA-nın müxbir üzvü Böyükağa Əzimovun 100, AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin 75 və AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023