Nov 16, 2023 | 12:10 Mühüm hadisələr
Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının “Heydər Əliyev İli” nəşrlərinin təqdimatı keçirilib.
Sərginin son günü baş tutan təqdimat mərasimi Şuşa təqdimat zonasında təşkil olunub.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, eləcə də Akademiyanın elmi müəssisələrinin rəhbərləri və əməkdaşları, ölkənin tanınmış mədəniyyət xadimləri, kitabsevərlər iştirak ediblər.
Mərasimdə çıxış edən akademik İsa Həbibbəyli bu günlərdə ölkəmizdə akademik səviyyədə keçirilən kitab sərgisinin əhali arasında kitab bayramı əhval-ruhiyyəsi yaratdığını bildirib. O, müxtəlif ölkələrdən xarici təşkilatların, eləcə də yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələrin iştirak etdiyi IX Bakı Beynəlxalq Kitab Sərgisinin alimlərimiz, şair və yazıçılarımız, müəllimlərimiz üçün mühüm əhəmiyyət kəsb edən platforma olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın “Heydər Əliyev İli”nə töhfə olaraq bir çox nüfuzlu konfranslar, tədbirlər keçirdiyini xatırladaraq Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması üçün əhəmiyyətli işlərin görüldüyünü, elmi-populyar nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. Alim AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 50-yə yaxın kitab və monoqrafiyaların işıq üzü gördüyünü qeyd edib. Bildirib ki, bu il ərzində çap olunmuş kitablar, keçirilən konfranslar Ulu Öndərin həyatının, yorulmaz fəaliyyətinin, ideallarının fonunda müstəqillik uğrunda aparılan mübarizənin ən aktual məsələlərindən biridir.
AMEA prezidenti vurğulayıb ki, bugünkü sərgidə təqdim olunan kitablarda Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə ehtiva edən Heydər Əliyev epoxası, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər, əzəli və əbədi torpaqlarımızın işğaldan azad olunması, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Ulu Öndərin irsinin öyrənilməsi, tədqiqi istiqamətində həyata keçirilən mühüm tədbirlər geniş şəkildə öz əksini tapmışdır.
Akademik İsa Həbibbəyli əlavə edib ki, Ulu Öndərin arzu etdiyi kimi, Ali Baş Komandan İlham Əliyevin suverenliyimizin və ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunmasına nail olması cənab Prezidentin Azərbaycanın çoxəsrlik tarixində qazandığı ən böyük zirvədir.
AMEA rəhbəri çıxışının sonunda kitab sərgisində Akademiyanın institut və təşkilatlarının rəhbərləri və əməkdaşlarının böyük bir qisminin iştirak etməsi və sərgiyə böyük maraq göstərməsinin Akademiyada kitaba verilən böyük dəyərin göstəricisi olduğunu vurğulayıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və digərləri çıxış ediblər. Çıxış edənlər AMEA tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq hazırlanmış, nəfis tərtibatı və məzmunu ilə seçilən kitabların Ümummilli Liderin irsinin dərindən öyrənilməsi baxımından önəminə toxunublar.
Qeyd edək ki, IX Bakı Beynəlxalq Kitab Sərgisində AMEA xüsusi stendlə təmsil olunub.
www.science.gov.az