Oct 03, 2023 | 15:57 Konfranslar, iclaslar
Oktyabrın 3-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Elmi şuranın iclasını AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
Tariximizin ən şanlı və qürurlu günlərini yaşadığımızı söyləyən akademik İsa Həbibbəyli bildirib ki, son iki yüz ildə baş vermiş faciə və məğlubiyyətlərimizi sevinc və qələbə ilə əvəzləyən Zəfər savaşımız başa çatdı. 44 günlük müharibədən sonra da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev peşəkarlıqla uzaqgörən siyasətini davam etdirdi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Qarabağın azad edilməsi uğrunda başladığı işi Zəfərlə başa çatdırdı, bununla da Azərbaycan tarixinin yeni dövrünə möhtəşəm qələbə səhifələri həkk edildi.
Sonra akademik İsa Həbibbəyli institutun əməkdaşı, filologiya elmləri doktoru Aida Feyzullayevanın səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət etdiyini bildirib. O, Ədəbiyyat İnstitutunun ən çətin, ciddi problemlərinin həlli ilə məşğul olan Aida Feyzullayevanın institutun, eləcə də ədəbiyyatşünaslıq elminin inkişafında özünəməxsus yeri və rolu olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli görkəmli alim Aida Feyzullayevanın ictimai əsaslarla institutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi məsləhətçisi təyin edildiyini söyləyib.
Elmi şuranın iclasında institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülçin Babayeva 70 illik yubileyi münasibəti ilə Fəxri fərmanla təltif edilib.
Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru Məhərrəm Qasımlını, institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Cavanşir Yusiflini və XX əsr Azərbaycan ədəbiyyatı (Sovet dövrü) şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yadigar Mehdiyevanı 65 illik yubileyləri münasibətilə təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra tədbirdə bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
Birinci məsələ AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyası Ədəbi Tədqiqatlar İnstitutu arasında “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək” mövzusunda birgə elmi-tədqiqat layihəsinin və Azərbaycan tərəfindən işçi qrupunun təsdiqi ilə bağlı olub.
Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının prezidentinin dəvəti ilə cari il iyulun 4-də Bolqarıstana səfər etdiyini xatırladaraq, səfər çərçivəsində Bolqarıstan Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Bildirib ki, həmin müqavilənin müddəalarından biri də ortaq elmi layihələrin işlənib hazırlanması olub.
İclasda “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək” elmi-tədqiqat layihəsinin Azərbaycan tərəfindən işçi qrupunun üzvləri təsdiq edilib.
Sonra Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyinin qeyd edilməsi məsələsinə baxılıb. Oktyabrın 11-də Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-da görkəmli şairin yubiley sessiyasının keçirilməsi qərara alınıb.
Tədbirdə, həmçinin “Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti”nin fəaliyyətində ədəbiyyat məsələləri” mövzusunda elmi sessiyanın təşkili və Mehmet Akif Ərsoyun anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub.
Elmi şuranın iclasında “Ədəbi Proses – 2023” Yaradıcılıq müşavirəsinin məruzəçilərinin müəyyən edilməsi məsələsi də müzakirə olunub.
Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında son zamanlar bütün istiqamətlər üzrə yeniləşmə prosesinin getdiyini deyərək, Rəyasət Heyəti aparatının strukturunda “Elektron Akademiya” şöbəsinin yaradıldığını və son aylarda elmi-tədqiqat institutlarında elektron xidmətlər şəbəkəsinin genişləndirildiyini bildirib.
Daha sonra fil.f.d., dos. Günay Qarayeva 2023-cü il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərləri və mövzularının təsdiqi ilə bağlı çıxış edib.
Sonda institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, fil.e.d., dos. Salidə Şərifovanın “İlk Azərbaycan romanları” monoqrafiyasının, Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi, fil.f.d. Gülnar Qasımlının “Sözümüz sözdür - 2” kitabının və Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fil.f.d. Gülnar Qəmbərovanın “Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü” monoqrafiyasının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.
www.science.gov.az