AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar
Sep 30, 2023 | 18:00 Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qalib ordumuzun Qarabağda apardığı lokal antiterror tədbirlərinin qısa müddətdə, cəmi 23 saat ərzində başa çatdırılması müstəqil dövlətimizin suverenliyinin tam olaraq təmin edilməsi ilə nəticələnmişdir. Çoxəsrlik Azərbaycan tarixinin təkrarolunmaz qəhrəmanlıq nümunəsi olan 44 günlük Vətən müharibəsində böyük Zəfərin qazanılması və 20 sentyabr 2023-cü il tarixdə Qarabağda separatçı qüvvələrin tərksilah edilərək dövlət suverenliyimizin tam təmin edilməsi Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın Naxçıvanda mətbuata Bəyanatında səsləndirilmiş Qarabağda keçirilən lokal antiterror tədbirlərinin «son dərəcədə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur» kimi ürəkdən gələn səmimi sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətlərinin sözün böyük mənasında milli iftixar nümunəsi olduğunu nümayiş etdirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımıza ünvanladığı müraciət ölkəmizdə və regionda baş vermiş reallıqların siyasi cəhətdən qiymətləndirilməsi ümummilli iftixar duyğusunun parlaq ifadəsi və gələcəyə doğru çağırışların bəyanatıdır.

Qarabağda qazanılmış tam Qələbə ilə Ermənistanın uydurma «böyük Ermənistan» xülyasına birdəfəlik son qoyulmuş, «Arsax» adlandırılan qondarma qurum süquta uğramış, ləğv edilmişdir. Eyni zamanda, tarixi Qarabağ Zəfərinin əbədiyyətini müəyyən edən 20 sentyabr 2023-cü il qısa müddətli lokal antiterror tədbirləri ilə həm də dövlət suverenliyimiz bərpa olunmuş, həmçinin regionda və dünyada yeni bir tarixi mərhələyə yol açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına səfəri, burada apardıqları danışıqlar və imzalanan sənədlər ölkəmizdə tam suverenliyin təmin edilməsindən sonrakı arzu edilən yeni tarixi mərhələnin başlanması hadisəsinə çevrilmişdir. Dünya liderləri arasında xüsusi yeri olan Prezident İlham Əliyevin və Cümhurbaşkanı Rəcəb Tayib Ərdoğanın Naxçıvanda keçirdikləri görüşlər, buradan verilmiş bəyanatlar və atılmış qətiyyətli addımlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan  Naxçıvan Muxtar Respublikasının müasir inkişafına böyük təkan verməklə bərabər, həm də geniş mənada beynəlxalq münasibətlərin, xarici iqtisadi əlaqələrin, ölkəmizin nəqliyyat-loqistika siyasətinin hərtərəfli surətdə yeni hədəflərə doğru aparılmasına xidmət edir. Bu baxımdan mühüm tarixi əhəmiyyətə malik olan 25 sentyabr 2023-cü il Naxçıvan Zirvə görüşü Avrasiya miqyasında Azərbaycanın mövqelərinin daha da genişləndirilməsinə, regionla əlaqədar zəruri problemlərin uğurla həll edilməsinə meydan açan tarixi hadisədir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın Naxçıvana səfəri  «Bir millət – iki dövlət» olan qardaş ölkələrinin əlaqələrinin inkişafında yeni və əhəmiyyətli səhifələrdən biri olmuşdur. Qarabağda qazanılan tam suverenliyin təmin edilməsindən sonra Azərbaycanın Naxçıvan bölgəsindən Türkiyəyə və oradan da dünyaya yeni enerji axını ilə əlaqədar məsələlərin gündəmə gətirilməsi, çoxdan haqqında söhbət gedən Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İqdır-Naxçıvan qolunun çəkilməsinin rəsmiləşdirilməsi və muxtar respublikanın dünyaya çıxışına daha bir yol açılması ölkəmizdə yeni bir inkişafa start verilməsinin başlanmasının bəyanatı kimi səslənir.

Naxçıvan görüşünün əsas mövzularından olan Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərin də gündəmdə mühüm yer tutması artıq regionda ideyadan-əmələ doğru keçidin də böyük sürətlə irəli doğru getdiyini düşünməyə əsas verir. Bütün bunlar Azərbaycan Respublikasının ictimai-siyasi həyanatında, Cənubi Qafqazda və Türkiyə ilə əlaqələrdə yeni bir tarixi mərhələsinin başlanmasının qəti anonsunun verilməsi deməkdir. Naxçıvan Zirvə görüşündə ümumiyyətlə ölkəmizin inkişafı dövlətlərarası münasibətlərin yeni mərhələyə çatdırılması üçün əhəmiyyətli olan rəsmi sənədlərin imzalanması bu tarixi görüşün beynəlxalq miqyasını diqqət mərkəzinə çatdırır. Bu cəhətdən Naxçıvan Zirvə görüşündə imzalanmış «Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq baxçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi» və «Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsindən Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Anlaşma Memorandumu» müstəqil dövlətimizin və beynəlxalq münasibətlərimizin daha da inkişaf etdirilməsi sahəsində qəbul edilmiş əhəmiyyətli qərarlardır.

Məlum olduğu kimi, dünyanın diqqət mərkəzində olan Zəngəzur dəhlizi məsələsi əslində XX əsrin əvvəllərində sovet Rusiyası ilə Ermənistanın Cənubi Qafqazda, xüsusən Naxçıvan regionunda məqsədli şəkildə yaratdığı problemdir. Rusiya bolşevik hökumətinin Azərbaycanın Türkiyə ilə əlaqələrini kəsmək, Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayırmaq və münasib şərait yarandığı təqdirdə bu diyarı Ermənistanın tərkibinə qatmaq üçün yaratdığı həmin problem Ermənistanın ərazi iddialarının məkrli şəkildə gerçəkləşdirə bildiyi ədalətsizliklərdən biridir. Azərbaycanın o zaman Rusiyadakı Fövqəladə səlahiyyətli  nümayəndəsi olan Behbud ağa Şahtaxtinski 1920-ci ildə Vladimir Leninə yazdığı məktublarda rəsmi surətdə Zəngəzurun Ermənistana verilməsinə özünün etirazını bildirmiş və bunun Rusiyanın cənubi-qərb sərhədlərində gərginlik yaradacağını sovet dövlətinin rəhbərlərinə çatdırmışdır. Buna baxmayaraq, ermənipərəst Rusiya bolşevik hakimiyyəti Erməni daşnak qüvvələrinə dəstək verərək, qədim Azərbaycan ərazisi olan Zəngəzuru işğal edib, zorla Ermənistanın tərkibinə qatmışlar. Bütün bunlar nəzərə alınmaqla, müasir şəraitdə Zəngəzur dəhlizi məsələsinin həlli prosesində Naxçıvan faktoru xüsusi yer tutur. Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə əlaqələrinin bərpa edilməsi, muxtar respublikanın blokadadan çıxarılması kimi zəruri problemlərin həllindən başqa Zəngəzur dəhlizinin açılması həm region dövlətləri olan Türkiyə, Rusiya və İranla və eyni zamanda, Yaxın Şərq və Avropa ilə əlaqələrinin daha da intensivləşdirilməsində mühüm rol oynayır. Ona görə də Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan görüşü zamanı Zəngəzur dəhlizi məsələsinin gündəmdə olması geniş mənada regionda həm regional, həm də qlobal problemlərin həll edilməsinin müzakirə olunması baxımından əhəmiyyətlidir. Zəngəzur dəhlizinə dair müzakirələrin vaxtilə süni şəkildə Azərbaycan üçün Zəngəzur problemin yaradıldığı bir məkanda aparılması məsələnin həllinin daha optimal yollarını müəyyən etmək baxımından daha bir mühüm addım kimi qiymətləndirilə bilər. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğanın, 25  sentyabr 2023-cü il Naxçıvan Zirvəsindən səsləndirdikləri bəyanatlar Avrasiya və Cənubi Qafqaz, o cümlədən də Azərbaycan-Türkiyə və həm də İran və Ermənistan üçün də aktual və əhəmiyyətli məsələlərin tarixin yeni dövrünün diqqət mərkəzinə çəkilməsi baxımından mühüm ictimai-siyasi əhəmiyyətə malikdir.

Dövlət başçılarının Naxçıvan görüşünün əsas mövzularından biri olan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin müzakirə edilməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin dünya birliyinə böyük töhfə olacaq Orta dəhlizin yaradılmasına kömək edəcəkdir. Beləliklə, Avropada ilə Asiyanı birləşdirən tarixi İpək Yolunun region və dünya ölkələri üçün daha sərfəli və əlverişli bir marşrutunun yaradılması təmin ediləcəkdir. Ona görə də tarixi əhəmiyyətə malik Naxçıvan görüşü mahiyyəti etibarilə Azərbaycan Respublikasının strateji maraqlarına uğurla xidmət edən mühüm regional və beynəlxalq əhəmiyyətli platformadır.

Bütün bunlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın Naxçıvan görüşü ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı və sosial-iqtisadi inkişafı üçün xüsusi ilə mühüm və əhəmiyyətli hadisədir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın Muxtar Respublikaya səfəri ilk növbədə XX əsrin əvvəllərində erməni-bolşevik birləşmələrinin Qərbi Zəngəzuru işğal etməsi ilə Azərbaycanın əsas ərazisindən ayrı salınmış Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla qardaş Türkiyə 13 oktyabr 1921-ci il tarixdə imzalanmış Beynəlxalq Qars müqaviləsinin bu qədim Azərbaycan ərazisi ilə əlaqədar müddəalarının müasir dövrdə də qüvvədə olduğunu beynəlxalq ictimaiyyətinin, xüsusilə Ermənistan Respublikası rəsmilərinin diqqətinə çatdırmışdır. Naxçıvan görüşləri vasitəsilə ilə nəticə etibarilə 15 iyun 2021-ci il tarixdə imzalanmış Şuşa Müttəfiqlik Müqaviləsinin müddəaları ilə səsləşən bu tarixi missiya Naxçıvana ikinci bir dövlətin müdaxilə etməsinin beynəlxalq hüquq normaları və Türkiyə dövlətinin Qars müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri ilə bir araya sığmaması bir daha nəzərə çatdırılmışdır. Naxçıvan görüşü zamanı dövlət başçıları tərəfindən rəsmi şəkildə açılış mərasimi keçirilmiş Naxçıvan Bərpa-İstehsalat Hərbi kompleksinin istifadəyə verilməsi də burada müdafiə və təhlükəsizlik problemlərinin daha intensiv şəkildə həll edilməsinə hesablanmış mühüm strateji addımdır.

Uzun illərdən bəri çətin blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlərin həlli də Naxçıvan zirvəsinin ana xətlərini təşkil edir. Fikrimizcə, Naxçıvan görüşü zamanı diqqət mərkəzinə çəkilmiş problemlərin həlli məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin təmin edilməsinə istiqamətləndirilmişdir. İki müttəfiq dövlətin liderlərinin İqdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində birgə iştirakı bir çox cəhətdən qəbul edilmiş Dövlət proqramının vaxtında və yüksək şəkildə icra edilməsinə xidmət edən mühüm əməli addımdır. Bu, hər şeydən əvvəl, Naxçıvan Muxtar Respublikası əhalisinin mavi yanacaqla təmin edilməsinə təminat verən çox səmərəli sosial layihədir. İkincisi, İqdır-Naxçıvanın qaz kəmərinin çəkilməsi Dövlət Proqramında geniş yer tutan Muxtar Respublikanın sənayeləşdirilməsi sahəsində nəzərdə tutulan maddələrin yerinə yetirilməsi üçün də zəruri gedişidir. Bu cəhətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvandakı bəyanatında İqdır-Naxçıvan qaz kəmərinin «ikinci xətt» kimi qiymətləndirilməsi regionda sosial-iqtisadi sferada nəzərdə tutulan geniş miqyaslı yeniləşmələrin həyata keçirilməsi üçün zəruri səmərəli imkanların yaradılması deməkdir. Üçüncüsü, əlbəttə, Naxçıvana qardaş Türkiyə ərazisindən yeni qaz kəmərinin çəkilməsi Muxtar Respublikanın qaz təminatında bu vaxta qədər tətbiq olunan birxətli idxalın çətinliklərinin aradan qaldırılmasına da səbəb olacaqdır. Dördüncüsü, hesab edirik ki, İqdır və Naxçıvan arasında yeni qaz təsərrüfatı kompleksinin salınması Naxçıvan üçün olduğu kimi, qarşılıqlı surətdə Türkiyənin İqdır bölgəsinin daha da inkişaf etdirilməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir. Bu isə öz növbəsində Ermənistan Respublikası və İran İslam Respublikası ilə həmsərhəd zonada yerləşən Naxçıvan və İqdır bölgələrinin mövqelərinin möhkəmləndirilməsi cəhətdən də əhəmiyyətlidir. Ən nəhayət, yeni qaz təchizatı layihəsi Naxçıvanda yeni iş yerlərinin açılması baxımından da əlverişli və əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikasının enerji təchizatı və təhlükəsizliyi məsələlərinin dövlət başçıları səviyyəsində gündəmə gətirilməsi bu istiqamətdə yeni və əlavə ehtiyat mənbələrini aşkara çıxarılması və istifadəyə verilməsi problemlərinə də işıq salmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında Naxçıvan Muxtar Respublikasındakı yaşıl enerji potensialı haqqında səsləndirilmiş aşağıdakı məsələlər bu regionda alternativ enerji mənbələri sahəsində həyata keçiriləcək tədbirlərin miqyasını və əhəmiyyətini daha əyani şəkildə təsəvvür etməyə imkan yaradır: «İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi ilə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

…Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan «yaşıl enerji» zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində «yaşıl enerji» ixracı da mümkün olacaqdır».

Müstəqil Azərbaycan dövləti qardaş Türkiyə ilə birlikdə Naxçıvanın enerji potensialından tam istifadə olunması üçün əməli addımlar atmaqdadır. Prezident İlham Əliyevin bəyanatında səslənən və artıq uğurla keçirilmiş Türkiyə-Azərbaycan III Enerji Forumunun Naxçıvanda təşkil edilməsi muxtar respublikanın «yaşıl enerji» sərvətlərindən istifadənin səmərəli yollarının müəyyən edilməsi üçün zəruri hazırlıq işlərinə başlanıldığından xəbər verir. Həqiqətən də, ümumiyyətlə, Naxçıvan 15 il ərzində işıqdan və qazdan böyük çətinliklər yaşasa da, hazırda burada enerji istehsalı baxımından mövcud olan böyük ehtiyat mənbələrini işə salınması ilə nəinki muxtar respublikanın,  ümumiyyətlə ölkəmizin enerji potensialını daha da inkişaf etdirmək üçün mühüm nəticələr əldə etmək mümkün olacaqdır.

Məlum olduğu kimi, iqlimşünas coğrafiyaçı alimlərin qənaətinə əsasən Naxçıvan il ərzində günəşli günlərin sayına görə nəinki Azərbaycanda, ümumiyyətlə regionda birinci yerlərdə durur. Bundan başqa, muxtar respublikanın  bəzi yerlərində, xüsusilə Culfa rayonunda külək enerjisi baxımından əlverişli təbii şərait mövcuddur. Ərazidə bir sıra dağ çaylarının olması isə Naxçıvanda  elektrik enerjisi ehtiyatını genişləndirməyə imkan yaradır. Bütün bunlar Prezident İlham Əliyevin müəyyən etdiyi kimi, alternativ enerji mənbələri hesabına Naxçıvan Muxtar Respublikasında su, günəş və külək enerjisi sahələrində yeni enerji kompleksləri yaratmaq üçün tam əsas verir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da bu regionda alternativ enerji stansiyalarının işə salınması maddələri özünə geniş yer tutmuşdur. Bu, o deməkdir ki, ən yaxın gələcəkdə konkret olaraq 2024-cü ildən etibarən Naxçıvanda artıq yaşıl enerji üzrə yeni enerji kompleksləri yaradılacaqdır. Bu isə Muxtar Respublikanın enerjiyə olan tələbatının tam ödənilməsi, yəni Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsinə münasib imkan yaratmaqla bərabər, Muxtar Respublikada sənayeləşmə proqramlarının uğurla reallaşdırılmasına və Dövlət Proqramında əsas yer tutan burada Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar geniş infrastruktur layihələrinin həyata keçirilməsinə tam təminat verə biləcəkdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası qardaş Türkiyə Cümhuriyyətinin elektrik şəbəkəsinə qoşulmaqla, ölkəmizin enerji ixrac edən regionuna çevriləcəkdir. Hazırda Avropa ölkələrində enerji sahəsində yaranmış kəskin qıtlığı və çatışmazlığı nəzərə alsaq, onda Naxçıvanın enerji ehtiyatlarının üzə çıxarılaraq, Türkiyə vasitəsilə Avropaya ixrac olunmasının nə qədər böyük imkanlara malik olduğunu və ölkəmizin büdcəsinə əhəmiyyətli dərəcədə gəlir əlavə edə biləcəyini əyani surətdə təsəvvür etmək mümkündür. Yeri gəlmişkən, deyək ki, əgər sülh müqaviləsi imzalanarsa, Naxçıvan Muxtar Respublikasının enerji potensialından Ermənistan da əsaslı şəkildə faydalana bilər. Hətta tam qarşılıqlı anlaşmanın yarandığı təqdirdə, Naxçıvanda istehsal edilən enerji ehtiyatlarının Naxçıvan-İrəvan-Türkiyə, yaxud Naxçıvan-İrəvan-Tbilisi vasitəsi ilə  Avropaya nəql edilməsi məsələlərinə baxılması da mümkündür.

Naxçıvan Zirvə görüşündə diqqət mərkəzində olan Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İqdır-Sədərək-Naxçıvan qolunun çəkilməsinin reallaşdırılması həm regional və həm də qlobal əhəmiyyətə malik olan əhəmiyyətli məsələdir. Haqqında bir neçə il əvvəldən söhbət gedən, müəyyən zəruri hazırlıq işləri aparılan Qars-İqdır-Naxçıvan Dəmir yolu xətti Çin xalq Respublikasından başlayaraq Avropaya qədər uzanan Bakı-Tbilisi-Qars Dəmir yolunun Asiyaya doğru şaxələndirilməsinə səbəb olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın 25 sentyabr 2023-cü il tarixdə Naxçıvanda imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qar-Naxçıvan Dəmir yol layihəsinə dair Niyyət Protokolu» hazırda dünya ölkələrinin xüsusi önəm verdiyi Orta Dəhliz probleminin daha əlverişli bir marşrutunun yaradılmasına start verən mühüm dövlət sənədi kimi xüsusi əhəmiyyətə malikdir. Məhz Qars-Naxçıvan Dəmir yolunun çəkilməsi ilə Naxçıvan Orta dəhlizin əsas tranzit qovşaqlarından biri kimi böyük surətlə inkişaf edən bir diyara çevriləcəkdir. Bununla Naxçıvan Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını ana maddəsi olan Naxçıvan Azad İqtisadi Zonasının salınması və inkişaf etdirilməsi üçün çox zəruri olan nəqliyyat-loqistika problemi də həll edilmiş olacaqdır. Belə ki, Naxçıvan-Qars Dəmir yolu Naxçıvan Azad İqtisadi Zonasını bir tərəfdən Türkiyə vasitəsilə Avropa ilə, digər tərəfdən isə İran Respublikasından keçməklə Asiya ölkələri ilə əlaqələndiriləcəkdir. Həmçinin Qars-Naxçıvan Dəmir yolunun Ermənistanın sosial-iqtisadi inkişafı ilə əlaqələndirilməsi də xüsusi əhəmiyyətə malik ola bilər. Bu Dəmir İpək Yolu marşrutunun Naxçıvan vasitəsilə Ermənistanla əlaqələndirilməsi özlərini bataqlığa salmış bu ölkəni blokada vəziyyətindən çıxarmaqla ora bütün sahələr üzrə yeni nəfəs gətirmək imkanlarına malikdir.

Azərbaycan-Türkiyə liderlərinin Naxçıvan Zirvə görüşü həm də muxtar respublikanın dünya ölkələrinin diqqət mərkəzinə çəkilməsi cəhətdən də xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Azərbaycan və Türkiyənin dövlət başçılarının və onları müşayiət edən nümayəndə heyətlərinin rəsmi şəkildə qarşılanması, təsdiq edilmiş tədbirlərinin vaxtında və yüksək səviyyədə təşkil olunması, dövlət sənədlərinin imzalanma mərasimlərinə ev sahibliyi etməsi kimi məsuliyyətli və şərəfli imtahandan da uğurla çıxmışdır. Dövlət başçılarının Zirvə görüşü müasir Naxçıvanın dövlət əhəmiyyətli görüşlərin təşkil edilə biləcəyi, beynəlxalq səviyyəli elmi-mədəni forumların, tədbirlərin keçirilməsi imkanlarına malik olan bir şəhər kimi tanınması üçün də əhəmiyyətli hadisədir. Hesab edirik ki, rəsmi Naxçıvan görüşləri bu qədim diyarın turizm baxımından reklamı üçün də əlverişli şərait yaratmışdır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında haqlı olaraq qeyd edildiyi kimi, tarixi Naxçıvan Zirvə görüşü Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsinə və daha da möhkəmləndirilməsinə yeni və geniş imkanlar yaradan ictimai-siyasi hadisə olaraq yaddaşlara yazılmışdır. Prezident İlham Əliyevin bəyanatında diqqət mərkəzinə çəkilən aşağıdakı fikirlər Naxçıvan görüşünün Azərbaycan-Türkiyə münasibətləri dərin siyasi mənasını və əhəmiyyətini bütün yönləri ilə ümumiləşdirir: «Bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir birlərinə bağlıdır, bir birlərinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda regional məsələləri də düz istiqamətdə yönləndiririk. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin». 

Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin Naxçıvan Zirvə görüşündən çıxarılan ən mühüm və ümumiləşdirilmiş nəticə məhz bundan ibarətdir. Vaxtilə, Mustafa Kamal Atatürkün «türk qapısı» adlandırdığı Naxçıvan 25 sentyabr 2023-cü il Zirvə görüşündə iki qardaş dövlətin qüdrətli liderləri tərəfindən qəbul edilən qərarların işığında dünyaya açılan bir qapıya çevrilmək imkanları əldə etmişdir. Bütövlükdə, Naxçıvan görüşləri Azərbaycan dövlətinin hərbi-iqtisadi qüdrətinin, ərazi bütövlüyünün daha da möhkəmləndirilməsi, «Bir millət-iki dövlət» olan Azərbaycan və Türkiyə əlaqələrinin müasir inkişaf səviyyəsinə çatdırılması və Naxçıvan Muxtar Respublikasının inkişafında yeni reallıqlar mərhələsinin formalaşdırılması istiqamətlərində böyük addımların atılması ilə səciyyələnir. Naxçıvan Zirvə görüşünün mesajları ölkəmizin və ümumiyyətlə regionun həyatında daha əhəmiyyətli və şərəfli günlərin başlamasından xəbər verir. Son günlərdə Qarabağda baş verən hərbi-siyasi hadisələr, xüsusən, buradakı qondarma cinayətkar qurumun buraxılması böyük bir müharibə ocağının tam söndürülməsi, vandal terrorçu qruplaşmanın təslim olması, separatçıların qaça-qaça düşməsi Ali Baş Komandanımız İlham Əliyevin dünyada sülhə və təhlükəsizliyə verdiyi mühüm töhfədir. Xankəndində mərkəzləşmiş xunta rejiminin acı məğlubiyyəti regionda haqqın və ədalətin təntənəsidir. Azərbaycanın suverenliyinin bərpa olunması müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan dövlət və xalqlar üçün əsl nümunədir. Xüsusən, sadə, günahsız erməni vətəndaşlarına ünvanlanmış ibrətamiz çağırışdır. Azərbaycan xalqı möhkəm surətdə inanır ki, ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev böyük Zəfərlərə imza atmış müstəqil Azərbaycan dövlətini suverenliyimizin tam əldə olunmasından sonrakı yeni tarixi mərhələdə də böyük qətiyyətlə və uğurla parlaq gələcəyə doğru aparacaqdır.

28 sentyabr 2023-cü il     

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti,

Milli Məclisin deputatı,

Akademik

“525-ci qəzet”

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023