Oct 02, 2023 | 10:20 Mühüm hadisələr
Bu gün görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı və təbliğatçısı, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Teymur Kərimlinin 70 yaşı tamam olur.
Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olub. O, 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1977-1980-ci illərdə Azərbaycan SSR EA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasında təhsil almışdır.
1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2007-ci ildə professor elmi adı almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Teymur Kərimli əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayonunda müəllim kimi başlamış, 1977-ci ilədək orta məktəbdə dil və ədəbiyyat fənnini tədris etmişdir. Uzun illər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən alim, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etmiş, 2002-ci ildən elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2002-2003 və 2012-2013-cü illərdə institutun direktoru vəzifəsini icra etmişdir.
Akademik Teymur Kərimli 2014-2020-ci illərdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmış, səmərəli elmi və elmi-təşkilati fəaliyyəti ilə humanitar elmlərin inkişafına sanballı töhfələr vermişdir. Alim 2018-ci ildən AMEA-nın Humanitar Elmlər Bölməsi Elmi şurasının sədr müavinidir. O, 2014-cü ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, 2021-ci ildən isə baş direktoru vəzifəsində çalışır.
2016-cı ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, 2018-ci ildən UNESCO-nun “Dünya yaddaşı” proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, 2021-ci ildən İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) “İslam əlyazmaları” jurnalının Redaksiya Heyətinin, 2022-ci ildən Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) üzvüdür.
1990-2020-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru işləyən alim “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur. Onun rəhbərliyi ilə Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının Azərbaycan və fars dillərinə tərcüməsi, “Görkəmli şəxslərin avtoqrafları və epistolyar irsi” layihələri icra olunmuş, 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu nəşr edilmişdir.
Akademik Teymur Kərimli müasir Azərbaycan ədəbiyyatşünaslığının, bütövlükdə milli humanitar elmi fikrin tanınmış nümayəndəsidir. Çoxşaxəli elmi yaradıcılığa malik olan Teymur Kərimlinin peşəkar tədqiqat sahəsi qədim və orta əsrlər Azərbaycan ədəbiyyatıdır. Onun elmi əsərləri Azərbaycanın klassik irsinin, xüsusilə Xaqani, Nizami, Nəsimi, Füzulinin və digər klassiklərin yaradıcılıqlarının müasir nəzəri-metodoloji baxışlar sistemi əsasında tədqiqinə həsr olunmuşdur.
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri içərisində dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi akademik Teymur Kərimlinin elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Nizami Gəncəvi yaradıcılığının Azərbaycan ədəbi düşüncəsinin ayrılmaz bir hissəsi olmasının sübutu istiqamətində alimin xidmətləri vardır. O, bir nizamişünas alim kimi dahi şairin Azərbaycana bağlılığını əsaslı dəlillərlə arqumentləşdirməklə yanaşı, bu ideyaların respublikamızda və xaricdə populyarlaşdırılması yolunda da uğurla fəaliyyət göstərir.
Bir sıra monoqrafiyaların, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin (həmmüəllif) və 200-dən artıq elmi məqalənin müəllifidir. Onun xarici ölkələrin nüfuzlu jurnallarında dərc olunan elmi məqalələrinə tanınmış ədəbiyyatşünaslar dəfələrlə istinad etmişlər.
Akademik Teymur Kərimli “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olmuşdur (2010). Görkəmli alim Əl-Fərabi adına Qazax Milli Universitetinin yubiley medalı (2018), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi” (2019), Serbiya Kral Akademiyasının təsis etdiyi “İvo Andriç” medalı (2019), TÜRKSOY-un “Nizami Gəncəvi” medalı (2021), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” xatirə nişanı (2021), Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təsis etdiyi “Əlişir Nəvai” (2023) medalı ilə təltif edilmişdir. O, dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür.
Tanınmış alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.
www.science.gov.az