Sep 30, 2023 | 12:30 Konfranslar, iclaslar
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərində nəşrlərinin təqdimatı keçirilib.
Mərasimdə ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, tarixçi alimlər, hərbçilər, deputatlar, Vətən müharibəsi veteranları və qazilər, Azərbaycandakı dini konfessiyaların nümayəndələri, ali məktəb tələbələri və hərbi liseylərin kursantları iştirak ediblər.
Əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən bu kitabın əhəmiyyəti barədə danışıb.
Sonra kitabla bağlı videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov diqqətə çatdırıb ki, bu kitab Vətən müharibəsinin tarixinə həsr olunan ilk nəşrlərdən biridir. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəldik ki, bütün bu uğurların, şanlı Qələbənin kökündə şəxsiyyət faktoru - İlham Əliyev fenomeni dayanır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Gəncə şəhərindəki “İmamzadə” ziyarətgah kompleksinin imamı hacı Tahir Abbaszadə və digər çıxış edənlər artıq 6 dildə çap olunan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının əhəmiyyətini vurğulayaraq, bu nəşrin Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar. Emosiyasız, tarixi faktlar əsasında hazırlanan kitabın müəlliflərinin əsas məqsədinin Vətən müharibəsi və dahi sərkərdə haqqında həqiqətləri gələcək nəsillərə çatdırılması qeyd edilib.
Bildirilib ki, kitaba olan maraq nəzərə alınaraq qısa zaman ərzində onun Azərbaycan dilindən əlavə, ingilis, türk və rus dillərində tərcümə edilərək nəşrlərinin geniş ictimai təqdimatı keçirilib. Bu gün isə ərəb və fars dilləri daxil olmaqla artıq 6-cı dildə nəşrin təqdimatıdır. Kitabın rus və ingilis dillərində nəşrləri dünyanın 100-ə yaxın ölkəsinin aparıcı kitabxanalarına göndərilib. Hazırda kitabın Çin dilinə tərcüməsi üzərində işlər aparılır və bu proses davam etdiriləcək.
Sonda Vətənə həsr edilən mahnılar ifa olunub.