AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
Sep 29, 2023 | 14:47 Mühüm hadisələr

Sentyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, professor Nadir Məmmədli bildirib ki,  2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Professor vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil.

İnstitutun Türk dilləri şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şöbənin müdiri,  professor İsmayıl Kazımov “Cümhuriyyət dövrü türk şeirində “dəniz” konsepti”, aparıcı elmi işçilər - filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova “Atatürkün “dil islahatları” və müasir türk dili”, dosent Təranə Şükürlü “Cümhuriyyət dövründə dil normaları” və dosent Turan Hüseynova “Cümhuriyyət dövründə yazılan qrammatika kitabları” mövzularında məruzə ediblər.

Məruzələrdə bildirilib ki, türk dilinin inkişafında dönüş mərhələsi Cümhuriyyət dövrünə aiddir. Türkiyə Cümhuriyyət elan olunduqdan sonra dildə əsaslı islahatlar keçirilməyə başlandı. “Dil inqilabı” adı altında keçirilən bu islahatların gedişində türk dilinin əlifbası dəyişdirilmiş, ərəb qrafikasından latın qrafikasına keçilmiş, “Osmanlı dili”, “Osmanlıca” terminləri “Türk dili”, “Türkcə” ilə əvəz olunmuşdur. Qardaş ölkədə XX əsrin əvvəllərində dil məsələləri siyasi məsələlərin tərkib hissəsinə çevrilmişdir. Dövrün ziyalıları dərk edirdilər ki, başqa dillər kimi türk dili də inkişaf etməli, ədəbi dil normalarına əsaslanan ana dili olmalıdır. Qeyd olunub ki, 1920-30-cu illərdə geniş mətbuat şəbəkəsinin fəaliyyət göstərməsi, məktəb sisteminin  genişləndirilməsi ilə əlaqədar dərsliklərin yazılması ədəbi dil normalarının təkmilləşdirilməsini, yaxud yeni normanın təşkilini tələb edirdi.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023