Sep 22, 2023 | 14:43 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.
Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 154 məruzənin tezisi dərc olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna və Rusiyadan 11 alimin məruzəsinin tezisi də çap olunub.
Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məruzələrin tezisləri yer alıb.
Akademik Zərifə Əliyevaya həsr olunmuş məruzələrin tezisləri sırasında, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən”, ukraynalı alimlər Oleq Kupçik və Nataliya Zubun “Sona Axundova-Bağırbəyova və Zərifə Əliyeva: oftalmologiyanın korifeyləri”, eləcə də Məryəm Seyidbəylinin “Tibb elmində Azərbaycan qadınları”, Çinarə Səfərovanın “Gözəllik, sədaqət rəmzi olan böyük alim – Zərifə Əliyeva” mövzularında tezisləri dərc olunub.
Digər mövzulardakı tezislər sırasında misirli alimlərdən Daliya Hüseyn Fəhminin “Ərəb musiqisində qadının rolu”, Abidin Uveys Yunis Məhəmmədin “İslamda qadın hüququ”, Əhməd Abdo Tərabikin “Cəmiyyətdə şəxsiyyətin formalaşmasında və onun inkişafında qadının rolu”, Əmirə Əbdulhəkimin “Qadın ədəbiyyatı və ərəb cəmiyyətinin aktual məsələləri”, Siham Məhəmməd İzəddin Cibrilin “Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsi, mədəni layihələr və ənənəvi sənətkarlıq”, Malayziyadan Sad Nəclə əl-Akurinin “Müasir Yəmən qadını”, həmçinin Azərbaycan alimlərindən Rəna Mirzəzadənin “Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti”, Salidə Şərifovanın “Leyla Əliyeva yaradıcılığının janr xüsusiyyətləri”, Roida Rzayevanın “Müasirlik: elm və qadın”, Əfşan Şəfiyevanın “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, Fatma Məcidovanın “A.İmanquliyeva Azərbaycan ərəbşünaslığında qadın həmrəyliyinin carçısı kimi”, İnci Qasımlının “Türk qadınlarının cəmiyyətdəki yeri”, Ələddin Məlikovun “Qadın Şərq və Qərb qovşağında”, Lalə Mikayılzadənin “Azərbaycanın fədakar qadınları”, Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunun tədqiqatlarında qadın mövzusu” və s. qeyd etmək olar.
www.science.gov.az