AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının 100 illik yubiley münasibətilə keçirilən tədbirlərdə iştirak edib
Sep 23, 2023 | 12:27 Konfranslar, iclaslar

Sentyabrın 22-də Azərbaycan Milli Kitabxanasının 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları” mövzusunda dəyirmi masa, qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin Azərbaycan dilində nəşr olunan “Gecə açılan atəş” və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin qazax dilində çap olunan “Dağların qəlbi” kitablarının təqdimat mərasimləri keçirilib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq, bu mötəbər tədbirin məhz kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib.

“Türk dünyası ədəbiyyatının talantları” seriyasından qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinin açılışı olub.

Daha sonra Qazaxıstan Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar Birliyinin sədri Bakıtjamal Ospanova da öz növbəsində hər kəsi salamlayıb, qazax qonaqları təqdim edib.

Tədbir Milli Məclisin üzvü, akademik Nizami Cəfərov və Qazaxıstan Prezidenti mükafatı laureatı, Qazaxıstan radiosunun Alma-Atı filialının rəhbəri Bakıt Jaqıparulının moderatorluğu ilə başlayıb. Akademik Nizami Cəfərov qonaqları, iştirakçıları salamlayıb, Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatının ən mötəbər sənətkarlarından biri adlandırıb, onun əsərlərində Azərbaycançılıq, Azərbaycan xalqının milli ideologiyası, milli ruhunun əks olunduğunu söyləyib. Bakıt Jaqıparulı isə Azərbaycan xalqına qazax xalqının səmimi salamlarını çatdırıb, qazax prozasında xüsusi yeri olan Kemel Tokayevin yaradıcılığı haqqında məlumat verib, Azərbaycan və qazax ədəbiyyatlarının ən görkəmli nümayəndələrinin kitablarının təqdimat mərasimlərinə toplaşmaqla iki xalqın tarixi ədəbi-mədəni əlaqələrinə töhfə verdiklərini qeyd edib.

Şair-ifaçı Talant Arınqali dombrada ifa etdiyi musiqi ilə iştirakçıları salamlayıb.

Giriş sözü ilə AR Mədəniyyət Naziri Adil Kərimli çıxış edərək, qonaqları salamlayıb, bu tədbirin məhz Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. İki ölkə arasında tarixi köklərə söykənən çoxşaxəli əlaqələrimizin hörmətli prezidentlərimiz sayəsində daha da inkişaf etdiyini vurğulayan nazir, istənilən sahədə olduğu kimi, mədəniyyət sahəsində də bu münasibətlərin daim mövcud olduğunu qeyd edib, iki ölkənin görkəmli şəxsiyyətinin kitablarının təqdimat mərasimlərinin ölkələrin, xalqların daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini bildirib. O, hər iki kitabın həm Azərbaycan, həm də qazax oxucusuna çatdırılmasının xalqların bir-birinin mədəniyyəti, ədəbiyyat və tarixi ilə daha yaxından tanışlığa əsas verəcəyini bildirib. Nazir, həmçinin bu əsərlərin tərcümə edilməsi, nəşri, ümumiyyətlə meydana gəlməsində yaxından iştirak edən, əməyi keçən hər kəsə təşəkkürünü bildirib, kitabların hər iki ölkə oxucuları üçün dəyərli hədiyyə olacağını vurğulayıb.

Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev hər kəsi salamlayıb, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin xüsusi olaraq göndərdiyi mesajı diqqətə çatdırıb. Ortaq tarixə, kökə, mədəniyyətə malik olan iki dost və qardaş xalqlar arasında əlaqələrin bütün sahələrdə daim inkişaf etdiyini söyləyib, bugünkü tarixi anın Milli Kitabxanada keçirilməsinə görə prof. Kərim Tahirova təşəkkür edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə Paşayeva kitabların nəşrinə görə əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Mir Cəlal irsinə verilən dəyərə görə Malik Otarbayevə, həmçinin bu cür layihələrə hər zaman göstərdiyi dəstəyə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib, zəngin olan bu iki ədibin yaradıcılığını birləşdirən ən önəmli amilin vətənpərvərlik, milli düşüncə, milli duyğular olduğunu söyləyib. O, ədəbiyyatımızın qardaş dillərə çevrilməsinin əhəmiyyətindən danışaraq ortaq ədəbiyyatın oxunmasının vacibliyini diqqətə çatdırıb, bunun gənc nəsli daha da yaxınlaşdırdığını bildirib. Natiq qeyd edib ki, bu iki ədib bizim ortaq böyük şəxsiyyətlərimizdir və bu gün onların ruhunu şad etməklə biz, gənc nəsillərə də önəmli mesaj veririk.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycan və Qazaxıstan milli kitabxanalarının rəhbərlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, Qazaxıstan iki gün öncə bəyanat yayaraq Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq edib. “Qardaş ölkələr həmişə bir-birinin yanında olmalıdır və olacaqdır” deyən səfir növbəti daha bir zəfərə görə xalqımızı təbrik edib. O, bu ilin Ümummilli Lider Heydər Əliyevin, görkəmli ədiblər Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileylərinin olması ilə əlamətdar olduğunu diqqətə çatdırıb. Əməkdaşlığımızın gücləndirilməsinin etimada söykəndiyini vurğulayan natiq  bildirib ki, bu gün Qazaxıstan-Azərbaycan münasibətləri yeni mərhələyə çıxıb. Alim Bayel Malik Otarbayevə gözəl tərcüməyə görə yazıçı, publisist Nəriman Əbdülrəhmanlıya dövlət mükafatı verilməsini təklif edib, həmçinin Xalq yazıçısı Çingiz Abdullayevə yazdığı ön sözə görə təşəkkürünü bildirib.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev tədbirdə iştiraka görə prof. Kərim Tahirova təşəkkür edərək, kitabxananın 100 illik yubileyi münasibətilə təbrik edib. O, kitabı ən gözəl, ən dəyərli hədiyyə adlandırıb, eyni zamanda qazaxıstanlı diplomatlarla, səfirlərlə olan münasibətləri xatırladıb, hələ sovet dövründə xüsusən ölkələrin müstəqilliyinin möhkəmlənməsi uğrunda çalışdıqlarını söyləyib. Natiq atasından ədəbiyyatı sevməyi öyrəndiklərini qeyd edib. O, həmçinin bu kitabları universitetlərdə yaymağın vacibliyindən danışıb, hazırda 4 qazax universiteti ilə əlaqə və mübadilələrin mövcud olduğunu vurğulayıb.

Akademik Nizami Cəfərov Hafiz Paşayevin “Bir səfirin manifesti” əsərinin Qazaxıstanda qazax dilində tərcümə və nəşr edilməsini təklif edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli ilk dəfə iki ölkədən iki fərqli yazıçının əsərlərinin təqdimatının keçirildiyini söyləyib, görkəmli yazıçıların yaradıcılıqlarının oxşar və fərqli cəhətləri haqqında danışıb. Akademik bildirib ki, fərq ondadır ki, Kemel Tokayev detektiv əsərlər yazmış, heç vaxt hekayə janrına müraciət etməmişdir. Lakin bu fərqə baxmayaraq, oxşarlıqlar da mövcuddur. Belə ki, sovet dövründə yaşamalarına baxmayaraq, hər iki yazıçı sovet ideologiyasından uzaq durmuşlar. Bundan başqa, hər iki yazıçının yaradıcılığı gerçək həyat hekayələrini əks etdirir, hər ikisində vəzifəli şəxslərin obrazları yoxdur, hər ikisi sadə insanların böyük ədəbiyyatını yaratmışdır. Kemel Tokayevin əsərlərindəki generallar isə epizodik obrazlardır.

Akademik vurğulayıb ki, Mir Cəlal satirik hekayələrin böyük müəllifidir və bir sıra hekayələrini bir qədər dərinləşdirsək, detektiv ədəbiyyat nümunələri ola bilərlər. Natiq, həmçinin Mir Cəlalın kitabının nəşrinin ədibin 115 illiyinə qazax xalqının, Kemel Tokayevin kitabının çapının isə onun 100 illiyinə Azərbaycan xalqının hədiyyəsi olduğunu bildirib.

Qazaxıstan Respublikasının Əməkdar xadimi Koyşıkul Zarlı, “Mənəvi dirçəliş” mərkəzinin rəhbəri, yazıçı, Mir Cəlal Paşayevin əsərlərinin tərcüməçisi Nurqali Oraz, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, iki ədibin yubileylərinə töhfə olan və qardaşlıq əlaqələrinin göstəricisi olan bu kitabların nəşrinə və tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Sonda hədiyyəyər təqdim edilib, xatirə şəkli çəkdirilib.

millikitabxana.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023