Sep 01, 2023 | 11:26 Mühüm hadisələr
Azərbaycan dili hər zaman olduğu kimi, bu gün də aktuallığını və funksionallığını qoruyur.
Bu sözləri Şamaxıda keçirilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Dili və Ədəbiyyatı Forumunda çıxışı zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Ulu Öndər Heydər Əliyevin ana dilimizin inkişafına hər zaman diqqət yetirdiyini bildirən akademik İsa Həbibbəyli bu siyasətin hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyib. AMEA rəhbəri Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin qorunub saxlanmasının ziyalıların hər zaman diqqət mərkəzində olduğunu və bu istiqamətdə Akademiya tərəfindən bir sıra işlərin görüldüyünü deyib: “Lüğətçiliklə bağlı nə qədər müzakirə və mübahisələr olsa da, hazırda bu istiqamətdə ən yüksək səviyyədə iş gedir. Dilçilik İnstitutunda fonetika, morfologiya, sintaksis və digər bölmələrlə bağlı fundamental elmi əsərlər hazırlanır”.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Dili və Ədəbiyyatı Forumu Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə gerçəkləşib.