Sep 01, 2023 | 19:10 Konfranslar, iclaslar
Sentyabrın 1-də Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib.
Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Ümummilli Liderin 100 illiyinə həsr olunan Forumun açılış mərasiminin Şamaxıda keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndərin Şamaxının tarixi və ədəbi irsi haqqında dediyi sözlər tədbirin açılışının bu şəhərdə keçirilməsinə təkan verən əsas amildir.
Ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zamanı ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Ulu Öndərin azərbaycançılıq və dövlətçilik fəlsəfəsində Azərbaycan dilinə xüsusi yer verilib. Onun siyasi fəaliyyətinə nəzər saldıqda bunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük məsuliyyət düşür.
Hazırda bu məsələ ilə bağlı mədəniyyət strategiyasının hazırlandığını qeyd edən nazir deyib: “Mədəniyyət anlayışının sahələşdirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu məsələ işçi qrupu səviyyəsində müzakirə olunub. İlk dəfə Azərbaycan dili mədəniyyətin başlanğıc və əsas sahəsi kimi ayrılıb. Bu barədə geniş fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Azərbaycan dili mədəniyyətin digər sahələri üçün istiqamətverici mövqeyə malikdir. Bu baxımdan Forumun məhz bu sahədə mövcud problemlərin üzə çıxarılması, onların geniş müzakirə edilməsi və gələcəkdə həlli istiqamətində səmərəli nəticələrə nail olacağına inanıram”.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı, dilimizin saflığının qorunması və ana dilimizdə danışmaq olduqca vacib məsələlərdəndir. Ana dilində təhsil almağın önəminə toxunan nazir deyib ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Bu, olduqca sevindirici haldır. Təhsil sisteminin əsas məqsədi şagirdlərə ana dilində yüksək səviyyədə təhsil verilməsidir. Azərbaycan məktəbləri və universitetlərində son illər ərzində ana dilində tədrisin keyfiyyətinin artırılması istiqamətində bir çox işlər görülüb. Eyni zamanda, digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilində dərslər keçirilir. Bu il həmin dərslərin sayı digər illərə nisbətən artırılıb.
“Təəssüf ki, dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsili ilə bağlı problemlər var. Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən çox müraciət daxil olub. Düşünürəm ki, bu, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün vacibdir. Cəmiyyətdə belə bir “mif” var ki, tədrisin Azərbaycan dilində aparıldığı məktəblər guya digərlərindən geri qalır. Bu, yanlışdır. Sözügedən “mif”i cəmiyyət olaraq dağıtmaq lazımdır və məlumatlandırma zamanı statistikaya istinad etmək vacibdir. Tədris dilindən asılı olmayaraq, ölkəmizdəki bütün məktəblər Azərbaycan məktəbləridir. Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin ana dilində aparılması bu il bütün məktəblərdə tətbiq olunacaq. Bu, Zəfər tarixi və Hərbi hazırlıq fənlərinə də aiddir”, - deyə Emin Əmrullayev vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli çıxışında diqqətə çatdırıb ki, Azərbaycan dili hər zaman olduğu kimi, bu gün də aktuallığını və funksionallığını qoruyur. Ulu Öndər Heydər Əliyevin ana dilimizin inkişafına hər zaman diqqət yetirdiyini deyən İ.Həbibbəyli bu siyasətin bu gün də davam etdirildiyini söyləyib. Akademik Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin qorunub saxlanmasının ziyalıların hər zaman diqqət mərkəzində olduğunu və bu istiqamətdə AMEA tərəfindən bir sıra işlərin görüldüyünü deyib: “Lüğətçiliklə bağlı nə qədər müzakirə və mübahisələr olsa da, hazırda bu istiqamətdə ən yüksək səviyyədə iş gedir. Dilçilik İnstitutunda fonetika, morfologiya, sintaksis və digər bölmələrlə bağlı fundamental elmi əsərlər hazırlanır”.
Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Xalq yazıçısı Çingiz Abdullayev və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışlarında Azərbaycan dilinin inkişafı ilə bağlı aktual məsələlərdən, o cümlədən dilimizin müasir problemləri, reallıqlar barədə danışıblar. Çıxışlarda məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı fundamental yanaşmanın önəmi xüsusi vurğulanıb.
Açılış çıxışlarından sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra Forum çərçivəsində “Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri” mövzusunda ilk panel iclası keçirilib.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluq etdiyi iclasda akademik Nizami Cəfərov, Xalq yazıçısı Kamal Abdulla, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İnstitutun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, şairlər Səlim Babullaoğlu və Aqşin Yenisey iştirak ediblər. Panel iclasında “Azərbaycan dilinin qloballaşma şəraitində inkişaf etdirilməsi mexanizmləri”, “Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası”, “Azərbaycan dili Azərbaycan ədəbiyyatının qoruyucusu kimi: dünən, bu gün, sabah”, “Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi”, “Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması” və “İnternet məkanında Azərbaycan dilinin funksionallığı” mövzularında məruzələr dinlənilib.
Forumun ikinci panel iclası “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusuna həsr olunub.
Yazıçı-publisist Azər Qismətin moderatorluq etdiyi iclasda Xalq şairi Sabir Rüstəmxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, yazıçılar Aqil Abbas, Şərif Ağayar, Sayman Aruz və şair Qismət Rüstəmov iştirak ediblər. Panel iclasında “Çağdaş Azərbaycan ədəbiyyatı: mövcud vəziyyət, problemlər və perspektivlər”, “Zamanın ədəbi-bədii dəbi: ənənəvi təmayüllər və müasir trendlər”, “Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası: Beynəlxalq təcrübədə istifadə olunan modellər”, “Ədəbi yaradıcılığın stimullaşdırılması: beynəlxalq və milli ədəbiyyat mükafatları”, “Müasir ədəbiyyat və milli-mənəvi dəyərlər. Bölgələrdə ədəbi proses” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 2-3-də Bakıda davam edəcək. Ədəbi-elmi ictimaiyyətin nümayəndələrinin qatıldığı Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılır.
Mütəxəssislərin Forumda səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forum sentyabrın 2-3-də işini Bakıda davam etdirəcək.