AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika konfransının materialları çapdan çıxıb
Sep 08, 2023 | 17:00 Yeni nəşrlər

Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, keşməkeşli həyatı və fəaliyyəti ilə bağlı elmi konfranslar, simpoziumlar və müxtəlif tədbirlər keçirilir, kitab və monoqrafiyalar, o cümlədən elmi jurnallarda və dövri mətbuatda məqalələr dərc olunur.

17-18 aprel 2023-cü ildə AMEA-nın Naxçıvan Bölməsində Ümummilli Liderin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika elmi konfransı keçirilib. Həmin konfransın materialları bölmənin “Elmi əsərlər” jurnalının iki hissədən ibarət xüsusi nömrəsində çap olunub.

“Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev və beynəlxalq aləm”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və Naxçıvan” bölmələri üzrə məqalələrin yer aldığı jurnallarda “Azərbaycanla adı qoşa çəkilən Ümummilli Lider”, “Heydər Əliyevin ipək yolu strategiyası və Azərbaycan”, “Heydər Əliyevin “bir millət - iki dövlət” düsturu Azərbaycan-Türkiyə birliyinin yol xəritəsidir”, “Ümummilli Lider və qorqudşünaslıq”, “Heydər Əliyevin milli irsimizin tədqiqinə qayğısı”, “Heydər Əliyev yolu və Azərbaycanda dövlətçilik institutuna siyasi-nəzəri baxış”, “Heydər Əliyev və Azərbaycan Respublikasında dövlət qadın siyasəti”, “Uzunmüddətli milli iqtisadi inkişafın Heydər Əliyev modeli”, “Ümummilli Lider Heydər Əliyev və dilimizin saflığı uğrunda mübarizə”, “Azərbaycan heykəltaraşlığında Heydər Əliyev dühası”, “Milli və mənəvi varlığımızın böyük himayədarı”, “Heydər Əliyev və Naxçıvanın müdafiəsi” və başqa mövzuları əhatə edən 63 məqalə yer alıb.

Qeyd edək ki, ictimai və humanitar elmlər üzrə məqalələrin dərc olunduğu “Elmi əsərlər” jurnalının hər il 4 sayı nəşr edilir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023