Sep 08, 2023 | 17:25 Yeni nəşrlər
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətovanın “Təsəvvüf Azərbaycan ədəbiyyatı kontekstində” monoqrafiyası çapdan çıxıb.
Kitabda ayrı-ayrı sənətkarların yaradıcılığında təsəvvüf probleminin inkişaf dinamikası araşdırılıb. Bu inkişaf öz başlanğıcını xalq yaradıcılığından alaraq, xalq sufizminin formalaşmasında özünü doğruldub. Sonradan bu inkişaf yazılı poeziyada ədəbi təsəvvüfün yaranmasında baza rolunu oynayıb.
Klassik poeziyanın əsas strukturunu təşkil edən ezoterik bilgilərin Azərbaycan şeirində aparıcı rol oynaması diqqət mərkəzinə çəkilərək ona aydınlıq gətirilib. Burada təsəvvüfün klassik Azərbaycan ədəbiyyatında mütərəqqi ideya və motivlər üçün əsas fikir qaynağı olması diqqət mərkəzinə çəkilir. Deməli orta əsr sənətkarları bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən yaradıcı şəkildə istifadə etmişlər. Həm də kitabda yer alan məqalələrdə təsəvvüfün sənətkarlara öz mütərəqqi ideyalarını yaymaq üçün bir vasitə olduğu açıqlanır.
Kitabın elmi redaktoru professor İmamverdi Həmidov, rəyçiləri professor Məmməd Əliyev, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahvediyevadır.
Qeyd edək ki, filologiya elmləri doktoru Xuraman Hümmətova XX əsrin 90-cı illərindən təsəvvüf poeziyası ilə məşğul olur. Onun XIII əsr türk təsəvvüf şairi Yunus Əmrə yaradıcılığı ilə bağlı elmi tədqiqatları Azərbaycan ədəbiyyatşünaslığında təsəvvüf poeziyasına aid ilk tədqiqatlardandır. Xuraman xanımın “Yunus Əmrənin lirikası”, “Yunus Əmrə (məqalələr toplusu)”, “Yunus Əmrə Azərbaycan ədəbiyyatşünaslığında”, “Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf”, “Təsəvvüf Azərbaycan ədəbiyyatı kontekstində” və s. bu kimi monoqrafiyaları Azərbaycanda təsəvvüf poeziyasının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. O, təsəvvüflə bağlı monoqrafiya və yüzlərlə məqalə müəllifidir. Onun tədqiqatları həm respublikamızda, həm də xarici ölkələrdə elmi jurnal və mətbu orqanlarında çap olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Xuraman Hümmətovanın təsəvvüf ədəbiyyatı və Yunus Əmrənin tədqiqi ilə bağlı gördüyü işlər bu sahədə atılan ilk addım hesab olunur. Onun təsəvvüf poeziyası ilə bağlı tədqiqatları Azərbaycan ədəbiyyatşünaslığında bu istiqamətdə yeni mərhələ açıb.
www.science.gov.az