AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunun Elmi şurasında 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı dinlənilib
Jun 23, 2023 | 15:45 Konfranslar, iclaslar

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin üzvü, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə də iştirak edib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Muxtar İmanov gündəlikdəki əsas məsələnin Folklor İnstitutunun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat olduğunu bildirib. Akademik vurğulayıb ki, 2023-cü ildə Folklor İnstitutu bir neçə istiqamətdə fəaliyyət göstərərək, qeyri-maddi mədəni irsin toplanması, nəşri və tədqiqi, eləcə də elmi təşkilatçılıq, beynəlxalq əlaqələrin genişləndirilməsi və s. sahələrdə uğurlar əldə edib.

Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov elmi müəssisənin 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, xarici əlaqələr, elmi tədbirlər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, AMEA-nın müvafiq qərar və sərəncamlarının icrası, elektron elmin vəziyyəti, kadr hazırlığı, sosial fəaliyyət, nəşrlər, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib. Qeyd olunub ki, cari ilin I yarısında institutun təşkilatçılığı ilə beş elmi konfrans keçirilib. Özbəkistan və Qazaxıstanın elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub. İnstitutun dörd əməkdaşı fəlsəfə doktoru, iki əməkdaşı elmlər doktoru elmi dərəcəsinə layiq görülüb, bir nəfərə isə professor elmi adı verilib.

Hesabat dinlənildikdən sonra Şura üzvlərindən institutun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dosent Ağaverdi Xəlil, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., dosent Leyla Məmmədova və Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri adından şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d. Qiymət Məhərrəmli çıxış edərək cari ilin I yarısı üçün olan hesabatı qənaətbəxş hesab edib, təmsil etdikləri şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər.

Daha sonra iclasda müşahidəçi qismində iştirak edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Folklor İnstitutunun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib. O, institutun bölgələrimizin folklorunu toplayaraq çoxcildlik toplu şəklində nəşr etdirməsini böyük nailiyyət hesab  edib.

İnstitutun baş direktoru, akademik Muxtar İmanov cari ilin növbəti yarımilində də Folklor İnstitutu kollektivinin qarşıya qoyulan məsələlərin həllində inamla çalışacağına əminliyini bildirib. İnstitutun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub. Sonda Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə institutun nəşrləri, audio-disklər hədiyyə olunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023