Jun 21, 2023 | 12:40 Mühüm hadisələr
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Gender və dayanıqlılıq” mövzusunda Trans-Altay Dayanıqlılıq Dialoqu keçirilib.
Monqolustan Parlamentində (Böyük Xalq Xuralı) keçirilən beynəlxalq forum Ban Ki-moon “Daha gözəl gələcək vəqfi”, ABŞ Stanford Universiteti və Cənubi Koreya Respublikasının İhva Qadın Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Trans-Altay Dayanıqlılıq Dialoqu Böyük Xural başqanı Gombojav Zandanshatar, Koreya Respublikasının parlament spikeri Kim Young-joo, Asiya-Pasifik Araşdırma Mərkəzinin direktoru Valter H.Shorenstein, Stanford Universiteti Elmi şurasının sədri Gi-Vook Shin və BMT-nin 8-ci Baş katibi Ban Ki-moonun çıxış nitqləri ilə açıq elan olunub. Tədbir “Trans-Altay tədqiqatları üzrə beynəlxalq perspektivlər”, “Qadınların səlahiyyətlərinin artırılması və liderliyi”, “Əmək bazarında gender bərabərliyi”, “Təhsil və təlimdə gender bərabərliyi”, “Gender əsaslı zorakılıq və insan hüquqları”, “Gender bərabərliyi və davamlı inkişaf” adlı panel iclasları ilə davam edib.
Monqolustan parlamentində AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, institutun Qadınlar təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova da çıxış edib. Əməkdaşımız “Trans-Altay tədqiqatları üzrə beynəlxalq perspektivlər” panelində Monqolustanın parlament sədri Gombjav Zandanshatar, Monqolustanın sabiq prezidenti Enkhbayar Namba, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və akademik ictimaiyyətin tanınmış nümayəndələri ilə birlikdə çıxış edib. A.İbrahimova “Gender problemi “Koroğlu” dastanları kontekstində” başlıqlı məruzəsində cəmiyyətimizdə prioritet olan gender münasibətlərinin dastanda qorunmasından, qadına münasibətin ən ali formasının yaradılmasından, təsvir olunan qadın obrazlarının mövqeyindən, onların öz mübarizliyi ilə yüksəlişi izləməyə imkan verməsindən danışıb. Əcdadlarımızın silinməz izlərini daşıyan Altayın Türk dünyasındakı yerindən bəhs edən əməkdaşımız xalqlarımız arasındakı münasibətlərin möhkəmlənməsinə və müştərək dəyərlərə yenidən işıq salacağına inanaraq, ortaq dastanlarımızın yenidən tədqiqata alınmasına böyük ehtiyac olduğunu qeyd edib.
Keçirilən mədəni tədbirlər çərçivəsində iştirakçılar üçün Terelj Milli Parkına təbiət gəzintisi təşkil edilib, ənənəvi xalq mahnıları ifa olunub, şaman göstəriləri, köçəri mədəniyyətin adət və ənənələri, monqol milli güləşi, milli oxatma, at yarışı və yarış qaliblərinin mükafatlandırılması mərasimi nümayiş etdirilib və tədbir bağlanış mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, hər il Asiyada keçirilən Trans-Pasifik Dayanıqlılıq Dialoqunun subregional tədbiri olan Trans-Altay Dayanıqlılıq Dialoqu dayanıqlı inkişaf gündəliyinə töhfə vermək məqsədi daşıyır. Dialoqda Trans-Altay bölgəsinin mədəniyyəti, tarixi və adət-ənənələri müzakirə olunaraq gələcək ortaq əməkdaşlığa hədəflənir.
www.science.gov.az