Jun 21, 2023 | 09:25 Konfranslar, iclaslar
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2023-cü ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi olub.
Tədbiri açan institutun baş direktoru, akademik Teymur Kərimli gündəliyi elan etdikdən sonra çıxış üçün sözü elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfova verib. Ə.Nəcəfov institutun yarımillik hesabatı ilə bağlı geniş məruzəsində institutda dövlət başçısının müvafiq sərəncamlarından irəli gələrək icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti, habelə Humanitar və İctimai Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı görülən işlər barədə, şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq, elmin təhsilə inteqrasiyası, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Məruzə barədə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., professor Kamandar Şərifov, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, fil.e.d., professor Raqub Kərimov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, t.e.d. Tahirə Həsənzadə və başqaları çıxış edib, hesabata dair fikirlərini bildirib, institutun 2023-cü ilin ilk 6 ayı ərzində fəaliyyətini yüksək qiymətləndirib və təkliflərini səsləndiriblər.
Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.
Qeyd edək ki, Elmi şuranın iclasında AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu da iştirak edib. O, dinlənilən hesabat haqqında çıxış edərək, institutun elmi tədqiqat şöbələrində icra olunan işlərin əhəmiyyətindən, əldə olunan mühüm nailiyyətlərdən, müəssisənin Fondların elmi uçotu və mühafizəsi, Kitabxana və elmi informasiya, Elektron resurslar şöbələrinin, Əlyazmaların gigiyena və bərpası laboratoriyasının əlyazmaların elektronlaşdırılması və bərpası sahəsində, Çap kitablarının tədqiqi, Kitabxana və Biblioqrafiyaşünaslıq, Əlyazmaların və əski çap kitablarının tərcüməsi, Elmi biblioqrafik informasiya təminatı və oxuculara xidmət, Beynəlxalq elmi-mədəni əlaqələr şöbələrinin əlyazmalar institutunun materiallarının və nəşrlərinin həm ölkədə, həm də dünyada təbliği istiqamətində gördüyü mühüm işlərdən danışıb, institutun nəşrlərini və təqdim olunan hesabatı yüksək qiymətləndirilib.
www.science.gov.az