Jun 14, 2023 | 15:55 Maraqlı məlumatlar
Azərbaycan bəşər sivilizasiyasının ilk yaşayış məskənlərindəndir. Ulu əcdadlarımız bu diyarda çox dəyərli maddi-mədəniyyət nümunələri yaratmışlar. Bu tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən qiymətli yadigarlardır. Azərbaycanın maddi-mədəniyyət nümunələrindən olan abidələr tədqiq edilir, tarixin yaddaşına çevrilir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Azərbaycan memarlıq və incəsənətinin tarixi və nəzəri problemlərinin tədqiqi sahəsində uğurlu addımlar atır. İnstitutun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, tədqiqatçı-alim Rahibə Əliyeva memarlıq elmi istiqamətində uzun illərdən bəri tədqiqatlar aparır. Bu yaxında dosent Rahibə Əliyeva Memarlıq nəzəriyyəsi və tarixi abidələrin bərpası və rekonstruksiyası ixtisasında memarlıq elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi diplomu almışdır.
Alim 2004-cü ildən Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) müxbir üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bürosunun professoru, Azərbaycan Memarlar İttifaqının üzvüdür. ŞÖBMA-nın “Memarlıq, şəhərsalma tarixi və bərpası” elmi nəzəri məcmuəsinin baş redaktorudur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdindəki “Heykəltaraşlıq əsərlərinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı” ekspert komissiyasının üzvüdür.
Rəhbərliyi altında çox sayda magistrlərin, 1 doktorantın müdafiəsi keçirilmişdir. Hal-hazırda 2 doktorant sənədlərini müdafiəyə təqdim etmişdir. Rəhbərlik etdiyi 5 dissertant və dokrtorant elmi-tədqiqat işlərini davam etdirir.
Ölkəmizin zəngin mədəni irsinin tədqiq olunması və qorunması işlərində Rahibə Əliyevanın böyük zəhməti vardır. Tədqiqatçı-alim Zirədə XVIII əsr hamamının, Pirşağıda Cümə məscidinin tarixinin dəqiqləşdirilməsində, bununla yanaşı, “Avey” qoruğu ərazisində alban məzarlarının, İçərişəhərdə yaşayış evinin, Şamaxıda həyətyanı sahədə aşkarlanmış tikilinin funksiyasının müəyyənləşdirilməsində və s. ekspert kimi iştirak etmişdir.
Abidələrin qorunması və tədqiqi sahəsində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun, Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğunun memarlıq irsi ilk dəfə olaraq R.Əliyeva tərəfindən tədqiq edilmişdir. O, həmçinin Abşeronun tarixi-mədəniyyət qoruqlarından olan İçərişəhər, Qobustan, Atəşgah qoruqlarında tədqiqatlar aparmışdır. Bir sıra yeni abidələr R.Əliyeva tərəfindən aşkarlanmış, şəhərsalma quruluşu, məhəllə sistemi öyrənilmişdir. Qəbələnin Nic kəndində, İsmayıllıda, Zaqatalada, Şəkidə, Qaxın İlisu kəndində, Şamaxıda, Qubada, Xınalıqd , Qazaxda “Avey” qoruğunda və s. alban və İslam abidələrində tədqiqat işləri aparmışdır.
Azərbaycanın memarlıq irsinin tədqiq olunmamış abidələrinin bölgələr üzrə araşdırılması və yeni aşkar olunmuş abidələrin siyahıya salınması işlərində Rahibə xanımın xidmətləri vardır.
R.Əliyevanın müəllifliyi ilə “Abşeronun Tarix-mədəniyyət qoruqları”, “Unikal Qala kəndi”, “Əcəmi Əbubəkr oğlu Naxçıvani”, “Zaqatalanın memarlıq irsi” monoqrafiyaları, həmmüəllifliklə “Abşeronda məskunlaşma və memarlıq”, “İçərişəhər Azərbaycan tarixində”, “Azərbaycanın təbiət və memarlıq möcüzələri”, “Landşaft memarlığının tarixi” və s. kitabları nəşr olunmuşdur. Ümumilikdə, müəllif və həmmüəllif kimi 15 kitabı ərsəyə gəlmişdir.
Rəhbərlik etdiyi Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsi Bakı və Abşeronda, eləcə də bölgələrdə abidələri tədqiq etməklə onların elektron bazasının hazırlanması ilə məşğuldur. Bununla yanaşı, şöbədə Qafqaz Albaniyası dövrü abidələrinin, Azərbaycanın tarix-mədəniyyət qoruqlarının memarlıq irsi tədqiq olunur. Şöbə əməkdaşlarının müəllifliyi ilə “Azərbaycanın dünya əhəmiyyətli abidələri”, “Memarlıq abidələrinin qorunması” (1,2) kitabları nəşr olunmuşdur.
Hazırda şöbə “Qarabağ abidələrinin ensiklopediyası” kitabı üzərində işləyir və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən abidələrin bərpası ilə bağlı işlər aparır. Memarlıq elmləri doktoru, dosent Rahibə Əliyeva tərəfindən 2023-cü ildə Ağdam abidələrinin monitorinqi aparılmışdır. Onun rəhbərliyi altında şöbədə Mədəniyyət Nazirliyi və Turizm Agentliyi, yerli icra hakimiyyətləri və fərdi şəxslər tərəfindən instituta ünvanlanmış məktublara-abidələrin qorunması, bərpası, siyahıdan çıxarılması, yeni aşkar olunmuş abidələrin siyahısının tərtib edilməsinə rəylər verilir.
Memar alim R.Əliyeva Memarlıq tarixi, nəzəriyyəsi və abidələrin bərpası və qorunması problemlərinə həsr olunmuş Azərbaycan, İran, Türkiyə, Rusiya, Ukrayna, Çex Respublikası, Sloveniya, ABŞ, Gürcüstan, Polşa və s. ölkələrdə nüfuzlu jurnallarda nəşr olunan 170-dən çox elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq və respublika elmi konfranslarının iştirakçısıdır.
O, memarlıq abidələrinin təbliği, turizmin inkişafı ilə bağlı KİV-lərdə dəfələrlə çıxış etmiş, müsahibələr vermişdir. Rahibə Əliyeva Azərbaycanda alman abidələri ilə bağlı AR Dövlət Turizm Agentliyi ilə birlikdə tədqiqat işləri aparmışdır və bu istiqamətdə digər memarlıq irsinin tədqiqi davam etdirilir.
2017-ci il ildə abidələrin qorunması və bərpası ilə bağlı gördüyü işlərə görə Mədəniyyət Nazirliyinin “Milli İrs” mükafatına, eləcə də AMEA-nın Fəxri fərmanına, Memarlar İttifaqı tərəfindən “Ustad memar” adına və bir çox mükafatlara layiq görülmüşdür.
Rəfiqə AĞAKİŞİYEVA, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
www.science.gov.az