AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA prezidenti “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasiminə qatılıb
Jun 11, 2023 | 20:53 Yeni nəşrlər

İyunun 9-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanan və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Vurğulanıb ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, xalqımızın mədəni irsinə də ağır zərbə vurub: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində şəhər və kəndlərin infrastrukturunu tamamilə məhv edib. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib”.

H.Mikayıllı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq Qələbə qazandı. Bununla da doğma torpaqlarımızdan didərgin düşmüş keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtmağa başlayıblar.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərimizin minalarla çirklənməsi səviyyəsinə görə dünyada ilk on ölkədən biridir. İşğal dövründə Ermənistan tərəfindən həmin ərazilərdə 1 milyondan çox mina basdırılıb. Bu gün azad edilən ərazilərdəki dağıntılar və minalar ölkəmizin qarşılaşdığı ən böyük problemlərdir.

İşğaldan azad olunan ərazilərdə hazırda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin görüldüyünü vurğulayan H.Mikayıllı avtomobil və dəmir yollarının çəkildiyini, bərpa edilən və yenidən qurulan su elektrik stansiyalarının fəaliyyət göstərdiyini, yeni hava limanlarının reysləri qəbul etdiyini və ümumiyyətlə dağıdılmış şəhər və kəndlərin dirçəldildiyini bildirib.

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov uzun müddət işğal altında qalan torpaqlarımıza artıq qayıdışın başladığını vurğulayıb. “Azərbaycan mədəniyyətinin tanıdılması üçün bir çox işlər görürük. Mənfur düşmənin vəhşiliklərinin unudulmaması üçün belə kitabların nəşr olunması olduqca təqdirəlayiqdir”, - deyə N.İsmayılov bildirib.

Tədbirdə “İRS” Nəşriyyat Evinin kollektivi adından çıxış edən fotoqraf Sergey Kivrin, yazıçı-publisist Andrey Vasilyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, “İRS” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlı çıxışlarında işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda iki il ərzində aparılan tikinti-quruculuq işlərinin kitabda müfəssəl şəkildə təqdim olunduğunu vurğulayıblar. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın ən gözəl, firavan və çiçəklənən guşələrinə çevriləcəyinə əminliklərini ifadə ediblər.

“İRS” silsiləsi çərçivəsində sayca 21-ci nəşr olan “Dirçəliş. Başlanğıc” kitabı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Kitabın məqsədi Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmuş torpaqlarında iki il ərzində baş vermiş dəyişiklikləri maksimal dərəcədə tam təsvir etməkdən ibarətdir. Görülən işlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə kitab Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşr olunub.

Qeyd edək ki, “İRS” Nəşriyyat Evi tərəfindən çap edilən kitab “Ön söz”, “Gələcəyə uzanan magistrallar”, “Quruculuq enerjisi”, “Hava limanları”, “Torpağa qayıdış”, “Kül içindən dirçələnlər” və “Doğma Şuşa” hissələrindən ibarətdir.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023