Apr 28, 2023 | 09:22 Maraqlı məlumatlar
Görkəmli Azərbaycan yazıçısı, pedaqoq və alimi Mir Cəlal Paşayevin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadənin realizmi haqqında", "Ədəbiyyatşünaslığın əsasları", "XX əsr Azərbaycan ədəbiyyatı" kimi tədqiqat və dərsliklərdən, "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yolumuz hayanadır?" və başqa əsərlərdən ibarət elmi-ədəbi yaradıcılığı zamanın sınağından üzüağ çıxmışdır. Dəyişən epoxa, yenilənən münasibət və baxışlar bu dəyərli irsdən heç nəyi əskildə bilməmişdir.
İstər ayrı-ayrı cərəyan və üslublar, ədəbi məktəblər və şəxsiyyətlər haqqında yazdığı tədqiqatlar, istərsə də bədii yaradıcılığı öz estetik dəyər və əhəmiyyətini bu gün də mühafizə edib saxlaya bilmişdir.
Mir Cəlal müəllim yazırdı ki, onlarla bir küçədə yaşayan Cavid Əfəndi yorğun və incik vaxtlarında həm yaradıcılıq söhbətləri etmək, həm də gileyini və narazılıqlarını bildirmək üçün özünə həmsöhbət axtardığı axşamlarda tez-tez onlara da qonaq gəlirmiş: "Bir gün gənc şairlərin kitabları haqqında məqalə yazmaq istədiyimi biləndə mənə mühüm məsələlərə üz tutmağı tövsiyə etdi: "Fikir söyləməli daha vacib əsərlər var, elə əsərləri təhlil elə ki, heç olmasa mövzu sənin zəhmətini qoruyub saxlasın. Füzulidən yazanı yazı özü saxlamasa da, Füzuli saxlayacaq". Cavid Əfəndinin tövsiyələrini qəbul edən Mir Cəlal Paşayev Füzulinin poetikasını, sənətkarlığını öyrənməyə, tədqiq etməyə başlayır. Amma ona görə yox ki, alim Mir Cəlal Füzuli sözünün böyüklüyünə sığınmaq istəmişdi. Ona görə ki, irfana və elmə, əqlin və mənəviyyatın gücünə söykənən Azərbaycan poeziyasının, Şərq poetikasının sirlərini öyrənməklə çağdaş ədəbi prosesə, öz qələm dostlarının yaradıcılığına həmin kriteriyalarla yanaş-maqla çoxəsrlik Azərbaycan ədəbiyyatının zəngin ənənələrini, sözün əsrlərdir sahib olduğu enerjini qorumaq istəmişdi. Və sonralar Mir Cəlal müəllimin tələbələri bu gün də füzulişünaslığın uğuru sayılan "Füzulinin poetikası" əsəri haqqında deyirdilər ki, bu tədqiqatdan sonra Füzulinin şair kimi, Mir Cəlal müəllimin alim kimi böyüklüyünün şahidi olduq. Digər tələbəsi Abdulla Abbasov həmin əsəri füzulişünaslıqda ilk kamil mənbə, istinadgah adlandırır. Akademik Həmid Araslı isə bu əsəri tələbələrinə tövsiyə etdiyi ədəbiyyat siyahısının əvvəlində yazdırardı.
Mir Cəlal müəllim bütünlükdə Azərbaycan ədəbiyyatının tarixinə, onun müxtəlif dövrlərinə, ədəbi-nəzəri fikrin problemlərinə aid yüzlərlə elmi məqalənin, "Füzulinin sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında", "Xalq şairi Səməd Vurğun", "Klassiklər və müasirlər", "Yeni şeirin manifesti", "Gülüş bədii silah kimi", "Azərbaycanda ədəbi məktəblər", "XX əsr Azərbaycan ədəbiyyatı tarixi", "Ədəbiyyatşünaslığın əsasları" kimi neçə-neçə monoqrafiya, kitab və dəsrliklərin müəllifidir.
O, ədəbiyyatşünaslığın hər üç sahəsi üzrə - istər ədəbiyyat tarixi, istər ədəbiyyat nəzəriyyəsi, istərsə də ədəbi tənqidlə eyni səviyyədə məşğul olmuşdur. Hətta alimlərin əksəriyyəti onun tədqiqatlarında ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin qovuşduğunu və yeni bir janrın meydana gəldiyini də söyləyirlər.
"Füzuli qəzəllərinin poetik xüsusiyyətləri", "Füzuli əsərlərinin bədii dili", "Füzuli şeirində peyzaj", "Füzuli poeziyasında bədii və elmi məntiq", Nizami irsinə həsr olunmuş "Yeddi gözəl" haqqın-da", "Məhəbbət dastanı", "Nizaminin müsbət obrazları", "Əsrlərdən gələn dostluq səsi" məqalələri, həmçinin M.P.Vaqif, M.F.Axundov, M.Ə.Sabir, Ə.Haqverdiyev haqqındakı çoxsaylı tədqiqatları təkcə bu ədəbi şəxsiyyətlərin yaradıcılığına müxtəlif istiqamətdən işıq saldığına görə yox, alimin özündən sonrakı ədəbiyyatşünaslar, tələbələri üçün bir tədqiqatçılıq məktəbi yaratdığı, bir örnək sərgilədiyi üçün qiymətli irsdir.
Mir Cəlal müəllimin klassiklər haqqındakı tədqiqatları, ədəbiyyat nəzəriyyəsinin müxtəlif problemləri, ədəbi üslub və cərəyanlar haqqındakı nəzəri fikirləri, müasirlərinin yaradıcılığına dair mülahi-zələri, tövsiyələri ona görə etibarlı, obyektiv və əsaslı idi ki, o həm də yazıçı idi. O, yaradıcılıq prosesinin bütün incə və sirli məqamlarına yaxından bələd olduğuna görə ədəbiyyat, onun estetikası haqqında bu gün də, sabah da istinad olunacaq dəyərli fikirlər söyləmişdir.
Mir Cəlalın 1905-1917-ci illəri əhatə edən "Azərbaycanda ədəbi məktəblər" əsəri XX əsrin ədəbi mühitini, həmin illərin ədəbi proses və mərhələlərini öyrənmək, bütövlükdə ədəbiyyatın inkişaf xətləri və meyillərini təyin etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Nəriman Nərimanov, Əliqulu Qəmküsar, Firudun bəy Köçərli, Abdulla bəy Divanbəyoğlu, Abdulla Şaiq, Sultan Məcid və digər sənətkarları tədqiqata cəlb etməklə əksəriyyəti haqqında ilk fikirlər demişdir. Böyük bir hissəsi İkinci Dünya müharibəsi zamanı yazılan "Azərbaycanda ədəbi məktəblər" doktorluq dissertasiyasının müqəddiməsində ədib bu əsərin asanlıqla yazılmadığını vurğulayır, həyat və yaradıcılıqları tədqiqata cəlb olunan müəlliflərin irsinin, bir çox mənbələrin əldə edilməsi ilə bağlı üzləşdiyi çətinlikləri xatırlayır.
Mir Cəlal "şair və ədiblər təhsilli, savadlı olmalıdır" deyəndə təkcə məktəb təhsilini, diplomu yox, həm də həyat dərsini nəzərdə tuturdu, məktəb partasından birbaşa Yazıçılar Birliyinin vəsiqəsinə yiyələnməyə etiraz edirdi. Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", "Komsomol poeması" kimi əsərlərinin, Mirzə İbrahimovun "Gələcək gün", Əbülhəsənin "Müharibə", Mehdi Hüseynin "Abşeron" və "Səhər" romanlarının, Cabbarlının yaradıcılığının, Süleyman Rəhimovun canlı lövhələr, real çarpışmalar yaratmasının səbəbini o, müəlliflərin məhz həyatı dərindən bilmələri, xalqın mübarizə tarixinə, adət-ənənəsinə, zəngin və bədii dilinə, həyat tərzinə dərindən bələd olmaları ilə izah edirdi. Ədəbiyyata gələn gənclərin yaradıcılığına yüksək tələbkarlıqla yanaşan ədəbiyyatşünas alim onlara həm klassik irsi, həm də dünya ədəbiyyatının zəngin təcrübəsini öyrənməyi tövsiyə edirdi. Sadəcə ədib, dramaturq, şair olmağı deyil, işinin sənətkarı olmağı məsləhət görürdü. "Ədəbiyyatda "bulanıq axın" deyilən yazılara oxucu dözmür, yaxşı eləyir ki, dözmür" deyən yazıçı gənc ədəbi nəslin yaradıcılığına öz əsərlərinə tələbkar olduğu qədər prinsipiallıqla yanaşırdı.
Ədibin klassik nəsrin əsas janrı hesab etdiyi hekayə haqqında məntiqli, gözəl fikirləri var. Mir Cəlala görə, yaxşı, ustalıqla yazılmış hekayəni oxucuya əlavə yüksüz təqdim etmək lazımdır. Ədib bununla sanki oxucuyla müəllifi o hekayənin mətləbi, ideyası, sənətkarlığı ilə baş-başa qoymaq istəyirdi. Bəzən ya eyni müəllifə, yaxud müxtəlif yazıçılara aid 50-60 hekayənin bir yerdə dərc edilib oxucunun, ədəbi ictimaiyyətin ixtiyarına verilməsini məqbul hesab etmirdi. "Nə üçün "Usta Zeynal", "Şeyx Şaban", "Qurbanəli bəy" müstəqil yaşayırdı, amma "Su ərizəsi", "Hop-hop", "Şəhərdən gələn ovçu", "Buz heykəl", "Atəş oğlu", "Şirin bülbül", "Xəzan yarpaqları", "Arabaçı" yaşamasın?" Və bəzən tənqidçilərin də o hekayələri fərdi yanaşma ilə yox, "topdan təhlil" etməsinə etiraz edir, belə münasibəti hekayə janrına etinasızlıq kimi dəyərləndirirdi. Halbuki hekayəni həm ədəbiyyatın inkişafındakı roluna, həm oxucuya bədii informasiyanı daha çevik ötürdüyünə görə vacib janr hesab edirdi.
Ənvər Məmmədxanlının, İlyas Əfəndiyevin, Sabit Rəhmanın, Əli Vəliyevin, Salam Qədirzadənin, Ələviyyə Babayevanın, Mikayıl Rzaquluzadənin, Yusif Səmədoğlunun, Firudin Ağayevin heka-yələrinin adını çəkir, artıq sözünü demiş böyük sənətkarların bu janra müraciətlərini fədakarlıq kimi qiymətləndirirdi.
Əsərin dilindən sadəlik və təbiilik, xalq dilindən gələn şirinlik, rəngarəng ifadələr, müxtəlif ədalı ibarələr, bədii suallar, bədii təkrarlar tələb edən yazıçı bütün bunları bədii ustalığın şərtləri kimi vurğulayır, əsərin ideyasının anlaşılmasında hər kəlmənin, hər vurğunun öz yeri olduğunu söyləyirdi. Qələm yoldaşlarının yaradıcılığına yüksək tələbkarlıqla yanaşan ədib güclü müşahidə bacarığı olan Əbülhəsənin əsərlərinin dilini dolaşıq və ağır hesab edir, istedadlı şair Məmməd Rahim, Süleyman Rüstəm, Əhməd Cəmilin belə bəzən şeirlərində uğursuz, yad ifadələrin işləndiyini nümunələrlə göstərir və tövsiyələrini verirdi. Ədibin tələbəsi Pənah Xəlilov müasirlərinin bu tənqidi fikirlərə münasibəti haqqında yazırdı: "Mir Cəlal müəllimin obyektivliyi elə meyar idi ki, onun tənqidindən inciyən olmurdu".
Mir Cəlal müəllim müxtəlif sənət məsələlərinə dair konseptual fikirlər yürütməklə, klassiklər haqqında tədqiqatlar aparmaqla yanaşı, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mirzə İbrahimov, Osman Sarıvəlli, Səməd Mənsur kimi müasirlərinin və o illər gənc ədəbi nəslin nümayəndələri olmuş Əli Kərim, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Nəbi Xəzri, Xəlil Rzanın əsərləri haqqında da obyektiv, istiqamətverici, yüksək nəzəri təhlil xarakterli mülahizələr söyləmişdir.
Elə bir sənət müzakirəsi, elə bir mübahisə doğuran ədəbi məqam yox idi ki, Mir Cəlal müəllim ondan danışanda Səməd Vurğun yaradıcılığını nümunə göstərməsin. Ədib yazır: "Orduda belə bir qayda var: şəhid olan nadir qəhrəmanın adı hissənin siyahısında hər səhər yoxlama zamanı başda çəkilir. Ədəbiyyat ordumuzun işində də müasir şeirimizin qəhrəmanı Səməd Vurğun buna bənzər şərəfli bir yer tutmuşdur. Elə bir ədəbi məsələ, müzakirə olmaz ki, orada Səmədin rəyi və fikri hesaba alınmasın".
"Vaqif" dramını Vurğun yaradıcılığının ən yüksək nümunəsi kimi qiymətləndirən yazıçı həm əhatə etdiyi məsələlərə, həm şeiriyyətinə görə Azərbaycan ədəbiyyatında müstəsna şöhrət qazanmış əsər kimi dəyərləndirirdi. Mirzə Cəlilin "Anamın kitabı"ndan, Cabbarlının "Od gəlini"ndən sonra xalq taleyi və istiqlaliyyəti uğrunda gedən mübarizəni xüsusi bir qüdrətlə əks etdirən və bu yolda kütlələri səfərbərliyə ala bilən ən böyük əsər hələ ki, "Vaqif" dir", - deyə Mir Cəlal müəllim yazırdı. Əsər Mir Cəlal müəllim üçün ona görə dəyər kəsb edirdi ki, xalqın istək və arzusu, duyğu və düşüncəsi böyük bir şəxsiyyətin, sənətkarın simasında əks olunurdu.
Görkəmli yazıçı Mir Cəlal Mehdi Hüseynin ədəbiyyatın, xüsusilə bədii nəsrin inkişafındakı rolunu xüsusi qiymətləndirir, onun sadə insanların təkcə şəxsi həyatını deyil, ictimai taleyini, vətəndaşlıq bioqrafiyasını önə çəkdiyini yüksək dəyərləndirirdi. Mehdi Hüseynin üslubunu həm klassik ənənələri, həm müasir ədəbiyyatın ictimai həyatla bağlılığından qaynaqlanan müsbət keyfiyyətləri birləşdirən özünəməxsus üslub hesab edirdi. Yazıçının istər şəhər, istərsə də kənd həyatından yazarkən ədəbiyyatın ideallarına sadiq qaldığını göstərir və bunu təkcə onun biliyi ilə deyil, bədii məntiqinin gücü, yazıçı mədəniyyəti, dil və fikir aydınlığı ilə izah edirdi. Mehdi Hüseynin təkcə nəsr yaradıcılığı haqqında deyil, səhnə əsərlərinə də fikir bildirir, eyni zamanda onu istedadlı ədəbiyyatşünas adlandırırdı. Onun həm müxtəlif ədəbiyyat məsələləri haqqındakı elmi mühakiməyə, analizə söykənən, həm də oxunaqlı olan nəzəri irsinə münasibət bildirir, elmi tənqidi mülahizələrini dəyərli alim fikri hesab edirdi.
Mir Cəlal Paşayev gündəlik işində də, auditoriyada da, yaradıcılıq masası arxasında da, mətbuat səhifələrində də, xitabət kürsüsündə də ədəbiyyatın və sənətin, özünün ideallarına sadiq qalan şəxsiy-yət idi. Görkəmli yazıçı həm tələbələri, həm söz adamları, həm də xalqın yaddaşında əbədi iz qoymuşdur.
Aygün BAĞIRLI, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent
“Azərbaycan” qəzeti