AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
TÜBİTAK başqanı Hasan Mandal akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb
Jun 10, 2023 | 17:58 Mühüm hadisələr

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“İlk növbədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş beynəlxalq konfransa dəvət etdiyiniz və Azərbaycanda olduğum müddətdə göstərdiyiniz qonaqpərvərlik üçün böyük məmnunluğumu bildirmək istəyirəm.

Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasında elmi-texniki əlaqələr son dövrlərdə inkişaf etməkdədir. Digər tərəfdən, beynəlxalq konfrans çərçivəsində keçirdiyim görüşlər və səfərim zamanı müşahidə etdiklərim ölkələrimiz arasında əməkdaşlıq üçün daha da böyük potensialın olduğunu göstərdi. Qurumlarımız arasındakı Əməkdaşlıq Protokolu bu potensialın reallaşdırılması üçün mühüm imkanlar təqdim edir. Bu sənədin alimlərimiz arasında hazırda aparılan və gələcəkdə aparılacaq tədqiqatların hər iki ölkənin elm və texnologiya sahəsindəki mövcud vəziyyətini daha da yaxşılaşdıracağına inanıram. Eyni zamanda ümid edirəm ki, birgə tədqiqatlar “Bir millət, iki dövlət” anlayışı əsasında Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfələr verəcək.

Bu münasibətlə qurumlarımız arasında əlaqələrin daha da artması üçün hər cür dəstəyi məmnuniyyətlə verəcəyimi bildirməkdən şərəf duyur, Sizə və Akademiyanıza həyata keçirdiyiniz işlərdə uğurlar arzulayıram.

Prof., Dr. Hasan Mandal”.

Qeyd edək ki, Hasan Mandal bu günlərdə Bakıda AR Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023