Jun 09, 2023 | 15:55 Konfranslar, iclaslar
AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Ədəbiyyat Fondunun, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis konfransı açaraq türk xalqlarının illər boyu davam edən kortəbii inteqrasiyasının, təsadüflərə hesablanmış mədəni əlaqələrinin hazırkı dönəmdə Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinəcən gəlib çıxması tarixinə diqqət yönəldərək türk dünyasının ortaq ədəbiyyatını zəruri edən şərtlərdən bəhs edib. Çıxışçı vurğulayıb ki, Türk dünyasının ortaq ədəbiyyatının yaradılması mövzu olaraq həm ilk olaraq bu təşəbbüsdə bulunan Türkiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı cəlb eləyib. Hazırda bu sahədə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlar gərgin əmək sərf etməkdədir. Bu ilin əvvəllərində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiyyat Birliyinin yaranması isə bu əməyin zəruri nəticəsi hesab edilə bilər.
Daha sonra AMEA-nın Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli çıxış edərək müasir ortaq Türk ədəbiyyatının yaranması zərurətinin səciyyəvi cəhətlərinə toxunub.
Tanınmış türkoloq, TAİB Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu türk xalqlarının dil və din baryerlərinin ümumi turançılıq ideologiyasına maneələr törədə bilməməsi üçün atılası vacib olan addımlardan bəhs edib.
DGTYB başqanı İntiqam Yaşar 25 il ərzində təmsil etdiyi qurumun ümumtürk ədəbiyyatının yaranmasına verdiyi qatqılardan söz açıb.
İraq kərküklərinin nümayəndəsi, tanınmış yazar Şəmsəddin Kuzəçi, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu şöbə müdiri, professor Marifcan Yoldaşev, Qazaxıstanı təmsil edən tərcüməçi Altın Tukumbayeva təmsil etdikləri qardaş xalqların ümumtürk ədəbiyyat ailəsinə necə can atmalarını dilə gətiriblər, keçilən yoldan və qarşıda duran vəzifələrdən danışıblar.
Konfransda habelə TAİB-in sədr müavini, araşdırmaçı jurnalist, Azərbaycan Vikipediya Könüllüləri hərəkatının yaradıcılarından olan AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin baş mütəxəssisi Elnur Eltürk vahid elektron resurslarda türk ədəbiyyatının təbliği mövzusundan, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Nizami Tağısoy qaraqalpaq və digər türkdilli xalqların ədəbiyyatı ilə bağlı araşdırmalarından, Azərbaycan Teleradiosunun əməkdaşı, tanınmış jurnalist Aida Eyvazlı türkdilli Saxa-yakut xalqı ilə ədəbi əlaqələrə verdiyi qatqıdan, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümbətova türk xalqlarının ortaq mənəvi dəyərlərindən danışıblar.
Konfrans dinləyiciləri də məruzəçilərə müxtəlif suallar veriblər, panel çıxışları polemika şəklində davam edib.
Konfrans öz işini iştirakçıların ailə fotosu çəkdirmələri ilə başa vurub.
Qeyd edək ki, tədbir “II Türk dünyası-Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində baş tutub. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Hər gün bir türk ölkəsinin adı ilə keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.
www.science.gov.az