Jun 09, 2023 | 16:41 Konfranslar, iclaslar
İyunun 9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.
Seminarda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Əlizadə “Türk dillərinin dünya dillərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Fikrət Əlizadə bildirib ki, türk dili əhatəsində olan xalqlar əsrlər boyu bu dilin sözlərini əxz etmişlər. Türk dili bütün dünyada danışılan ən qədim dillərdən biridir. Hələ 5-6 min əvvəl akkad mətnlərində türk sözlərinə rast gəlinir. Beynəlxalq dil hesab edilən ingilis dilində 400-ə qədər türkizm vardır. Həmin sözlər müxtəlif sahələrlə bağlıdır: taiga-tayqa, kiosk-köşk, khan-xan. Türkizmlər bütün qitələrdə istifadə olunur. Mayya, Siu, Keçua kimi tayfaların türk mənşəli olması ilə bağlı fikirlər də var. Türklərin tarixi zəfərləri nəticəsində həm Asiya, həm də Avropa dillərinə külli miqdarda sözlər keçmişdir.
Seminarda elmi müəssisənin baş direktoru, professor Nadir Məmmədli mövzunun aktuallığından danışıb. Vurğulayıb ki, türklər dünyada hər zaman mövcud olmuş, hazırda da böyük ərazilərə sahib olan zəngin tarixi xalqdır.
Elmi seminarda professorlar Sayalı Sadıqova, Qəzənfər Kazımov və İsmayıl Kazımov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
www.science.gov.az