Jul 09, 2023 | 11:59 Konfranslar, iclaslar
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunması münasibətilə “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın plenar iclasını giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb. Videokonfrans rejimində çıxış edən akademik Teymur Kərimli Ulu Öndərin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O, dahi şəxsiyyətin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlərini qeyd edərək, Əlyazmalar İnstitutunun məhz onun diqqət və qayğısı sayəsində yaradıldığını vurğulayıb. Belə ki, bu müəssisənin institut statusu alması və layiqli bir binada yerləşdirilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin xidməti olduğunu deyib.
Daha sonra institutun icraçı direktoru Paşa Kərimov onlayn qaydada çıxış edərək Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsi sahəsində Ulu Öndərin gördüyü işlərdən bəhs edib. Totalitar sovet rejimində bunu etməyin olduqca çətin və mürəkkəb bir iş olduğunu qeyd edən alim məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində bu işin mümkün olduğunu vurğulayıb. Heydər Əliyevin sovet dövründə olduğu kimi, müstəqillik illərində də milli-mənəvi irsimizin daşıyıcıları olan yazılı abidələrimizin mühafizəsinə və tədqiqinə diqqət yetirdiyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransın təntənəli açılış mərasimindən sonra plenar iclas öz işinə başlayıb. Plenar iclasın spikeri, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov qısa açılış nitqi söylədikdən sonra sözü məruzəçilərə verib.
AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, fil.e.d., professor Fərman Xəlilov “Heydər Əliyev və Naxçıvanın Əlyazmalar xəzinəsi” (onlayn qaydada), Əlyazmalar İnstitutunun şöbə müdiri, fil.e.d., dosent Aygül Hacıyeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, fil.e.d. Lalə Əlizadə “Heydər Əliyev və Əliağa Vahid”, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Şərq renessansının ən böyük şəxsiyyəti” ideyası kimə məxsus idi?” və institutun aparıcı elmi işçisi, fəl. ü.f.d., dosent Rübabə Şirinova “Xalqın qəlbinə möhürlə yazılan dahi şəxsiyyət” adlı məruzələrlə çıxış edərək Ulu Öndərin Azərbaycan elminə, ədəbiyyatına, əlyazmalar xəzinəsinə verdiyi töhfələrdən, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əliağa Vahid kimi görkəmli söz ustadlarının yaradıcılığına, Azərbaycan gənclərinin inkişafına göstərdiyi qayğı və diqqətdən bəhs edib, onun dahi şəxsiyyət kimi daima xalqın yaddaşında, qəlbində yaşayacağını vurğulayıblar.
Konfrans bölmə iclasları ilə öz işinə davam edib. Fil.e.d., professor Lalə Əlizadə və Rəna İskəndərlinin moderatorluğu ilə keçirilmiş I bölmə iclasında fil.ü.f.d., dosent Aynur Nəcəfova (İsrafilova) “Heydər Əliyev və klassik rus ədəbiyyatı”, tarix ü.f.d., dosent Səidə Əli qızı “Heydər Əliyev və 70-ci illərdə Azərbaycanın yüngül sənaye sahəsinin inkişafı”, Elnur Həsənov “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” (Gəncədən), Sevinc Dadaşova “Heydər Əliyev və Hüseyn Cavidin mənəvi bəraəti”, Novruz Bəkirov “Xilaskarlar”, Sabir Əsədov “İki sahilin ümidi – Heydər Əliyev”, Ulduz Paşayeva “Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının təntənəsi”, Sevinc Muxtarova “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu”, İlahə Ələkbərova “Azərbaycanın əvəzolunmaz şəxsiyyəti Heydər Əliyev” adlı məruzələrlə, fil.e.d., dosent Aygül Hacıyeva və fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın moderatorluğu ilə keçirilmiş II bölmə iclasında isə Aytən Əliyeva “Ümummilli Liderin “Xoşbəxt taleli sənətkar”ı”, Rəna İskəndərli “Milli-mədəni irsimizin mühüm parçası – ilahiyyata dair əlyazmalar”, Rüxsarə Məmmədova “Heydər Əliyev və dini-mənəvi dəyərlər”, Pərvanə Teyyubova “Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında rolu”, Lalə Hüseynova “Heydər Əliyevin rəhbərliyi dövründə kitabxanaların formalaşması”, Gülnarə Ağayeva “Heydər Əliyev və Azərbaycan dili”, Nuranə Çələbiyeva “Müstəqil Azərbaycan dövlətinin qurucusu, tarix yazan dahi şəxsiyyət”, Güllər Axundova “Heydər Əliyev və müstəqillik dövrü Azərbaycan kitabının inkişaf meyilləri” adlı məruzələrlə çıxış ediblər.
Konfransın yekun mərasimində iştirakçılar institutun Akt zalında toplaşaraq bölmə iclaslarındakı məruzələri müzakirə edib, məruzəçilər tədbirdə iştiraklarına görə sertifikatla təltif olunublar.
Sonda elmi-nəzəri konfransın iştirakçılarının xatirə şəkli çəkilib.
www.science.gov.az