AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın Naxçıvan Bölməsinin alimindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə töhfə
Jul 03, 2023 | 12:00 Maraqlı məlumatlar

Vaxtilə Azərbaycan xalqının ümummili lideri, türk dünyasının böyük lideri, müdrik şəxsiyyət Heydər Əliyev ədəbiyyata həm də xalqların dostluq və mədəniyyətlər körpüsü kimi yanaşaraq demişdir: “Xalqların dostluğu ədəbiyyatların dostluğudur”. Bu baxımdan xalqların əsrlər boyu birgə yaşayışında, sülh və əmin-amanlıq içərisində olmasında, dostluq və qardaşlıq münasibətlərinin inkişafında ədəbi əlaqələrin böyük rolu olmuşdur.

Son dövrlərdə Azərbaycanın çox böyük birləşdirici bir rol oynadığı Türk dünyasının birliyi məsələsi və təşkilati fəaliyyətində Azərbaycan xalqının ədəbi simalarının da mühüm rolu danılmazdır. Həm ideya, həm də təşkilati fəaliyyət olaraq ədəbiyyat və ədəbi simalar böyük ideoloji, mədəni körpü rolu oynamış, xalqların bir-birinə yaxınlaşması və qardaşlıq münasibətlərinin qurulmasında faydalı xidmətlər göstərmişlər. Bu cəhətdən Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafı da həm qədim bir tarixə, həm də zəngin ənənələrə malik olmuşdur. Belə ki, Azərbaycan-özbək ədəbi əlaqələrinin qurulmasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi ənənələrinə müraciət və əsərlərinə həsr edilən nəzirələr bu ədəbi əlaqələrin tarixi kökünü təşkil etmişdir. Görkəmli elm xadimi akademik İsa Həbibbəyli Azərbaycan-özbək ədəbi əlaqələri barəsində yazmışdır: “Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələri çoxəsrlik qədim tarixə və böyük ənənələrə malikdir. İbn Sinaların, Xarəzmi və Buxarailərin, Uluqbəylərin əsərləri qədim zamanlardan Azərbaycanda oxunmuş və həmişə böyük marağa səbəb olmuş, silinməz izlər qoymuşdur. Eyni zamanda, Nizami və Xaqaninin, Nəsimi və Füzulinin də əsərləri  Özbəkistanda həmişə oxunmuş və rəğbətlə qarşılanmışdır. ... Əlişir Nəvai ilk dəfə türk dilində “Xəmsə” yaratmaq missiyasını həyata keçirmiş qüdrətli özbək-türk şairidir”. Bu yanaşmadan irəli gələrək demək olar ki, böyük özbək şairi Əlişir Nəvainin Azərbaycan şairi Nizaminin “Xəmsə”sinə yazdığı nəzirə bu ədəbi əlaqələrin qurulması və inkişafına ilkin təməl və vəsilə olmuşdur. Bu ənənəni sonrakı özbək sənətkarlarının çoxu davam etdirərək ədəbi əlaqələrin zənginləşməsinə xidmət etmişlər. Özbək sənətkarları böyük ustad Nizamiyə müraciət etdikləri kimi, Azərbaycan şairləri də XV yüz il türk şeirinin qüdrətli nümayəndəsi, özbək şairi Əlişir Nəvainin yaradıcılığına diqqət kəsilmişlər. Beləliklə, bu ədəbi əlaqələrin intensivliyində Nizami Gəncəvi özbək xalqı üçün, Əlişir Nəvai də Azərbaycan xalqı üçün sevimli, doğma ustad sənətkara çevrilmişdir. Təsadüfi deyildi ki, böyük Azərbaycan şairi Səməd Vurğun “Əlişir Nəvai bizdə bir Azərbaycan şairi kimi tanınmışdır”, - deyə bu doğmalığı qiymətləndirmişdir.

Ölkəmizdə ədəbiyyatların dostluğu xalqların dostluğu kimi həmişə mədəni əlaqələrin təşkilində faydalı rol oynamışdır. Hələ Ulu Öndər Heydər Əliyevin rəhbər olduğu illərdə bir sıra xalqlarla mədəni əlaqələrin təşkili istiqamətində Azərbaycan-özbək ədəbi əlaqələri də öncüllük təşkil etmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Türk dünyası qardaş xalqlarının birliyi istiqamətində inkişafın təməlini mədəni əlaqələr təşkil etmiş, münasibətlərin möhkəm təməllərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başlatdığı yeni münasibətlər kontekstində bütün digər türk xalqları kimi, özbək xalqı ilə hərtərəfli əlaqələrin təşkili başlıcalıq təşkil etmiş və ən yüksək inkişaf dönəminə qədəm qoymuşdur. Bu əhəmiyyətdən irəli gəlir ki, ölkəmizdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin təşkili elmi müstəvidə daha dərindən inkişaf təzahürü tapmış, XX yüz ilin böyük ədəbiyyatşünas alimlərindən olan Firudinbəy Köçərlidən başlayaraq S.Mümtaz, İ.Hikmət, B.Çobanzadə, H.Araslı, M.Arif, X.Rza və b. kimi çoxsaylı alimlər bu əlaqələrin inkişafı və zənginləşməsində mühüm xidmətlər göstərmişlər. Müasir dövrdə də bu əlaqələrin inkişafına xidmət edən çoxsaylı alimlər fəaliyyət göstərməkdədir. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin fəaliyyət göstərməsi də bu sahənin ölkəmizdə maraq kəsb etdiyi və yüksək inkişaf pilləsinə malik olduğu qənaətini təsbit etməkdədir. Son dövrlərdə çap edilən bir sıra əsərlər və aparılan elmi tədqiqatlar da bu əlaqələrin inkişafına olan marağı və inkişaf səviyyəsini nümayiş etdirməkdədir. AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin yenicə nəşr olunan “Məhəmməd Salih. Şeybaninamə” əsərinin tərcüməsi də bu sahədə qiymətli mənbələrdən birini təşkil edir.

Ümumiyyətlə, Ə.Quliyev Azərbaycanda elmi-ədəbi əlaqələr və tərcümə sənəti sahəsində sanballı alimlərdən biri kimi tanınmışdır. Tərcüməçi alim bir sıra əsərlərin müxtəlif türk xalqlarının dillərindən və eyni zamanda onların dillərinə tərcümə edilməsində mühüm rol oynamışdır. Alim A.V.Borovkovun “Orta Asyada bulunmuş Kuran tefsirinin söz varlığı (XII-XIII yy.)” (Ankara: 2002), “Mövlana Cəlaləddin Rumi. Məsnəvi, üç cilddə, (Naxçıvan: 2012-2013) tərcümə əsərləri, “General Veysəl Ünüvar. Naxçıvan: təlatüm və burulğanlar” (Naxçıvan: 2007), “Qazi Mustafa Kamalın dostu” (Bakı: 2008), “Mustafa Kemalın dostu İbrahim Ebilov” (Ankara: 2011), “Veysəl Ünüvar. 8 ay bolşeviklərlə üz-üzə” (Naxçıvan: 2014) və s. kimi əsərləri uğurla tərcümə edərək geniş oxucu kütləsinə tanıtmışdır.

Qeyd edək ki, Ə.Quliyev özbək şairi Məhəmməd Salihin “Şeybaninamə” əsərinin tərcüməsi üzərində uzun illər çalışmışdır. Nəhayət, tamamlanan bu sanballı iş 2022-ci ildə kitab olaraq çap edilmiş, geniş oxucu kütləsinə təqdim edilmişdir. Əsər Azərbaycanda Atatürk Mərkəzinin maliyyə dəstəyi ilə çap edilmişdir. Çap olunan əsərin məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.

Kitaba müəllifin yazdığı “Müqəddimə”də yığcam, lakin təfərrüatlı məlumat sığdırılmışdır. Burada “Şeybaninamə” əsəri, onun müəllifi Məhəmməd Salih haqqında ətraflı məlumatlar verilmişdir. Əsərin həsr edildiyi özbək-cığatay hökmdarı Şeybani xan barəsində də müfəssəl məlumatlar verən müəllif əsərin yazılma səbəbi, ümumi məzmunu, bədii xüsusiyyətləri və s. haqqında bəhs etmişdir. “Müqəddimə”də deyilir: “Şeybaninamə” 80 babdan ibarət böyük bir məsnəvi olub, dastanın birinci babı münacatdır, 5 babı lirik mənzumələrdir və qalan bablar da tarixi hadisələrin təsvirinə ayrılmışdır. Dastanın digər dastanlardan əsas fərqi budur ki, burada əsərin əsasına əfsanəvi hadisələr deyil, əksinə, şairin öz gözüylə gördüyü hadisələr alınmışdır” və s.

Ə.Quliyev, həmçinin bu əsərin təhlili və tədqiqi ilə bağlı “Cağatay ədəbiyyatı: “Şeybaninamə” məsnəvisi” adlı məqalə də həsr etmiş, poema haqqında geniş bəhs açmışdır. Alim bunları da göstərirdi ki: “Bu məsnəvi cağatay ədəbiyyatı tarixində mühüm hadisə sayıla bilər. Çünki dövrünə aid hadisələri əks etdirən realist xarakterli bir poemadır. Əsər Şeybani xanla Teymurilər arasındakı qanlı savaşları əks etdirir. M.Salih Şeybani xanın yürüşlərində iştirak etmiş və gördüyü dəhşətli hadisələri təsvir etmişdir. Bu baxımdan əsər bir cəngnamə səciyyəsi daşımaqdadır. Burada ordular arasında toqquşmalar, xalqın başına gətirilən müsibətlər müəyyən qədər realist boyalarla ifadəsini tapmışdır. Əruzun rəməl bəhrində qələmə alınmış məsnəvi Şeybani xanın dövrünə və fəaliyyətlərinə işıq tutması baxımından önəmlidir”.

Qeyd edildiyi kimi, XV-XVI əsr şairi Məhəmməd Salih tərəfindən (1455-1534) poema janrında yazılmış bu əsər özbək-cığatay hökmdarı Şeybani xana (1451-1510) həsr edilmiş, onun Teymurilərlə aparılmış müxtəlif döyüşlərdəki qəhrəmanlıqları tərənnüm edilmişdir. 80 babdan ibarət olan əsərin 5 babı orta əsrlər Şərq poema janrının xüsusiyyətlərinə uyğun olaraq əsərin yazılma səbəbi, Allaha münacat və b. məzmunda xüsusi lirik formalı hissələrdən ibarətdir. Qalan digər bablarda Şeybani xanın 1499-cu ildə Buxara səfərindən başlayaraq apardığı və 1510-cu ilə qədərki Xarəzmi fəth etməsinədək olan döyüşlərdən bəhs olunmuşdur. Məsnəvi əruz vəzninin rəməl bəhrində yazılmışdır. Poema 4447 beytdən ibarət təşkil olunmuşdur. Divan ədəbiyyatı nümunəsi olmasına baxmayaraq, əsərin dili sadə və oxunaqlıdır.

Tərcümə aparılarkən bir tərəfdən əsərin orijinalda olan mətni, digər tərəfdə, qarşısında onun Azərbaycan dilinə olan tərcüməsi verilmişdir. Tərcüməçi öz işini P.M.Melioranski, E.Şadıyev və Y.Kocasavaş kimi tədqiqatçıların əsərlərinə istinadən qurmuş və yeri gəldikcə onların əsərlərinə istinad etmişdir.

Əsərin son misralarından da məlum olur ki, Məhəmməd Salihin “Şeybaninamə” əsəri 1510-cu ildə Qul Qasım tərəfindən üzü köçürülmüş, elm aləminə məlum nüsxə də bu əsər olmuşdur. “Şeybaninamə” poemasının ancaq bir nüsxəsi zəmanəmizə qədər gəlib çıxmışdır. 1510-cu ildə üzü köçürülmüş “Şeybaninamə” məsnəvisinin yeganə əlyazma nüsxəsi Vyanadakı Avstriya Milli Kitabxanasında saxlanmaqdadır. Əsərin sonunda tərcüməçi “Şəxs adları göstəricisi” və “Toponimlər göstəricisi” kimi bələdçilər də təqdim etmişdir.

Ramiz QASIMOV,

Zülfiyyə İSMAYIL,

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları, dosentlər

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023