AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun alimləri Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər
Aug 04, 2023 | 13:14 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masada iştirak edib. Alim tədbirdə “Ana dilimizə dövlət qayğısı və Ulu Öndər Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə edərək ölkəmizdə ana dilimizin təbliğinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının hələ Ümummilli Liderin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmdən başladığını, müstəqillik illərində daha planlı və qətiyyətlə həyata keçirildiyini, Prezident İlham Əliyevin sayəsində dilimizin ən yüksək səviyyədə təmsil olunduğunu bildirib.

İnstitutun aparıcı elmi işçisi, dosent Tünzalə Seyfullayeva isə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər MKS-nin 24 saylı kitabxana filialında keçirilən konfransda onlayn iştirak edərək “Ana dili hər bir xalqın milli kimliyidir” adlı məruzə ilə çıxış edib. O, ana dilimizin Azərbaycanın formalaşması və inkişafında müstəsna rolundan, onun dövlət dilinə çevrilməsində qəbul edilmiş qanun və sərəncamlardan bəhs edib. Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanına əsasən hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edildiyini vurğulayıb. Qeyd edib ki, ana dilimiz bizim tükənməz sərvətimizdir və buna görə də onu qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023