Aug 01, 2023 | 11:16 Mühüm hadisələr
XX–XXI yüzilliklər Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənib, üslubları zənginləşib, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanıb. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.
Bunu AzərTac-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli söyləyib. O bildirib ki, əlifba siyasətində qlobal məqsədlər əsas götürülür və hər hansı bir məsələnin həllində onun bütün cəhətləri, bu günü, gələcəyi nəzərə alınır. Onu da qeyd edim ki, XX əsrdə xalqımız istər-istəməz ərəb, latın, kiril, yenidən latın əlifbaları əsasında düzəldilmiş dörd əlifbadan istifadə etməli olub. Əsrin birinci rübündən bir az çox ərəb qrafikali əlifbadan, on il latın qrafikalı, 1939-cu ildən 1991-ci ilə kimi, yarım əsrdən də çox, kiril qrafikalı əlifbalardan istifadə olunub. Kiril əlifbası əsasında düzəldilmiş Azərbaycan əlifbası ilə latın əlifbası əsasında yaradılmış əlifba arasında fərq həqiqətən o qədər də böyük deyil. 32 hərfin 7-si yazılışca və tələffüzə görə tamamilə eynidir. Qalan hərflərin bir qismi yalnız vəzifələrinə, başqa sözlə, ifadə etdikləri səslərə görə fərqlənir.
1990-cı il sentyabrın 11-də Əlifba Komissiyası yaradılır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1991-ci il dekabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılır və “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr səngimir. Müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba kiril əlifbası ilə paralel işlənir, yalnız Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyul tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir.
Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərmanı isə ana dilimizin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Fərmanla avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.
“Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi amildir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Azərbaycanın dil siyasəti Azərbaycan dövlətçilik tarixinin ən önəmli qoludur”, - deyə professor fikrini yekunlaşdırıb.