Jul 25, 2023 | 16:39 Mühüm hadisələr
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya"”nın Azəbaycan dili bölməsində Azərbaycan ədəbiyyatı, mətbuatı, Türk dünyası mövzusunda məzmunlu, cəmiyyət üçün maraq kəsb edən məqalələr əsaslı şəkildə redaktə olunur və ya yaradılır.
İnstitutun əməkdaşları Seyidnisə Lətifli, Fidan Hacalıyeva, Nigar İsayeva və Nərmin Həsənova Azərbaycan dili bölməsində XVIII əsrdə yaşamış şair, ictimai-siyasi xadim Əbdürrəzzaq Növrəs (Növrəs Qədim), Molla Nəsrəddin (ensiklopediya), türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda yeni tapılmış divanı, “Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. I cild”, İraq-Türkman və Azərbaycan folklorunda ən məşhur dastan olan “Arzu-Qəmbər” dastanı, İraq türkmanlarının ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türk Dil Qurumunun fəxri üzvü Əta Tərzibaşı, “Yunus Əmrə. Salam olsun. Divan”, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, həmçinin akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya”, “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” monoqrafiyaları, Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı “Yeni əlifba yollarında əski xatirə və duyğularım” memuar tipli xatirələri kitabı haqqında və sair məqalələr yaradıblar və əsaslı mənbələrlə zənginləşdiriblər.
“Vikipediya” qrupu bu günə qədər 50-dən çox məqalə yaradaraq və əsaslı şəkildə redaktə edərək sərbəst ensiklopediyanın zənginləşməsinə öz töhfələrini veriblər.
Qeyd edək ki, bir neçə ay əvvəl institut əməkdaşları AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən təlimlərdə iştirak ediblər və bu gün fəaliyyətlərini səmərəli şəkildə davam etdirirlər.
www.science.gov.az