AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı alim “XI Beynəlxalq Altay İcmaları Simpoziumu”nda iştirak edib
Jul 13, 2023 | 10:00 Mühüm hadisələr

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov 4-7 iyul tarixlərində Qazaxıstanın Əl-Fərabi adına Qazax Beynəlxalq Universitetində keçirilən “XI Beynəlxalq Altay İcmaları Simpoziumu”nda iştirak edib.

Simpoziumda Altay xalqlarının yer və su adları mövzusunda 120-dən çox məruzə dinlənilib.“Türk xalqlarının onomastika tarixi” (Yerpolat Saurıkov), “Güney Sibirdəki İran yer adları” (Vladislav Kokoulin), “Çin qaynaqlarına görə hunların yer adları” (Konuralp Ercilasun), “Türk boylarında inanca, rənglər və saylarla bağlı yer və su adları” (Fikret Türkmen, Janagül Sametova), “Şamaxı toponiminin geneoloji və etimoloji təhlili”(Qalib Sayılov), “Köroğlu-Goroğlu destanlarında epik mekan Çənlibel”(Aynur Aydın), “Qırım toponimiyasındakı qıpçaq türk elementleri” (Hakan Kırımlı), “Manas” eposunda yer-su adlarının verilməsi” (Dinara Asakeeva) adlı məruzələr maraqla dinlənilib.

Professor İsmayıl Kazımov “Dağlıq Altay toponimlərinin formalaşmasında sintaktik üsulun rolu” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Ortaq tarixə, mədəniyyətə malik olan iki dövlət arasında müxtəlif sahələrə dair imzalamış sənədlər əməkdaşlığın yüksək xətlə inkişaf etdirilməsinə mühüm təsir göstərməkdədir.

Alim vurğulayıb ki, toponimlər həm də xalqın tarixi yaddaşıdır. Toponimlər cəmiyyətin və dilin əsl inkişaf tarixini öyrənmək istiqamətində kifayət qədər zəngin material verir.

Həmin yer və su adları mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Dağlıq Altay toponimləri təkcə orada yaşayan türk xalqlarının xüsusini ümumidən ayırmaq üçün istifadə etdiyi dil işarələri statusunda məhdudlaşıb qalmır, həm də azsaylı, dilləri təhlükə qarşısında qalan altayların, noqayların, şorların və digər türklərin tarixini, taleyini öz məzmun və mahiyyətində əks etdirən qiymətli mənbə rolunu oynayır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023