AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında dil məsələləri müzakirə olunub
Sep 07, 2026 | 15:13 Konfranslar, iclaslar

Sentyabrın 7-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

İclasda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il yanvarın 14-də təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni inkişaf tarixində mühüm tarixi, hüquqi və mədəni hadisə kimi qiymətləndirilməlidir. Professor vurğulayıb ki, Mədəniyyət Nazirliyi ilə Dilçilik İnstitutunun birgə layihələrinin hazırlanması və həyata keçirilməsi Azərbaycan dilinin qorunması, inkişafı və cəmiyyətin müxtəlif sahələrində daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat sektorunun müdiri Xəyal Məmmədov, sektorun əməkdaşı Elşad Əliyev  və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri  iştirak ediblər.

Xəyal Məmmədov qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin, tarixi-mədəni irsinin və müasir inkişaf tendensiyalarının öyrənilməsi və gənc nəslin dil mədəniyyətinin yüksəldilməsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas istiqamətləri ilə uyğundur. Xəyal Məmmədov çıxışında Azərbaycan dilinə dövlət qayğısından, Prezident İlham Əliyevin dil siyasətindən  danışıb.

Konsepsiyada Azərbaycan dilinin funksionallığının artırılması, dil, davranış və bilgi mədəniyyətinin inkişaf etdirilməsi, Azərbaycan dilində, xüsusilə elmi və publisistik əsərlərin yaradılmasının təşviqi, Azərbaycan dili normalarının təkmilləşdirilməsi, ictimai yerlərdə Azərbaycan dili haqqında normativ hüquqi aktlara, Azərbaycan dilinin normalarına əməl olunması sahəsində nəzarətin effektivliyinin artırılması və digər mühüm məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı Konsepsiyada dil siyasəti və dilçilik elminin qarşısında qoyulan vəzifələr, Azərbaycan dilinin cəmiyyətin müxtəlif sahələrində funksional imkanlarının genişləndirilməsi, ədəbi dil normalarının qorunması və inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023