AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Dövlət dilinin elmi şəkildə zənginləşməsi” mövzusunda tədbir keçirilib
Jun 18, 2026 | 14:25 Mühüm hadisələr

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Dövlət dilinin elmi şəkildə zənginləşməsi”  mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, professor Sayalı Sadıqova, professor İlham Tahirov, dosent Fidan Salayeva, dosent Sevinc Məmmədova, AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini Fatimə Fətullayeva, Elmi Kitabxananın müdiri Sevil Zülfüqarova və kitabxananın əməkdaşı Sona Məmmədova iştirak ediblər.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli  çıxışında Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edib, bu sahədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını xatırladıb. Bildirib ki, dövlətimizin başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.

Nadir Məmmədli vurğulayıb ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” müvafiq qurumlar qarşısında mühüm tələblər qoyur. Qeyd olunub ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Bugünkü tədbirin Dilçilik İnstitutu ilə keçirilməsinin də məqsədi dövlət qulluqçularının, ziyalıların dildən düzgün istifadə qaydaları, normalara əməl edilməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları barədə maarifləndirməkdir.

Direktor çıxışında rəsmi-işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması, durğu işarələrindən istifadə, orfoqrafiya və orfoepiya normalarındakı yeniliklər barədə məlumat verib, nümunələrlə fikrini izah edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi, general-mayor Baba Salayev tədbirdə çıxış edərək qonaqları salamlayıb və “Dövlət dilinin elmi şəkildə zənginləşməsi” mövzusunun aktuallığını vurğulayıb. General qeyd edib ki, Azərbaycan dilinin inkişafı və elmi əsaslarla zənginləşdirilməsi istiqamətində görülən işlər dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. General-mayor Baba Salayev Dilçilik İnstitutu ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu kimi elmi görüşlərin qarşılıqlı təcrübə mübadiləsinə və akademik əlaqələrin güclənməsinə töhfə verdiyini bildirib.

Çıxış edən alimlər dövlət dilinin inkişafı, onun elmi əsaslarla zənginləşdirilməsi, terminoloji sistemin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan dili milli-mənəvi kimliyin əsas daşıyıcısı olmaqla yanaşı, elmi, ictimai və inzibati sahələrdə daim inkişaf etdirilməlidir.

Nadir Məmmədli Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi, general-mayor Baba Salayev tərəfindən Fəxri fərmanla təltif olunub.

Tədbir çərçivəsində elmi əməkdaşlıq və kitab təminatı məsələlərinə də toxunulub.

Dilçilik İnstitutunun Elmi Kitabxananın müdiri Sevil Zülfüqarova institut əməkdaşlarının zəhmətinin bəhrəsi olan qiymətli elmi nəşrlərdən 200 nüsxəni FHN Akademiyasının kitabxanasına əvəzsiz olaraq hədiyyə edib. Qeyd olunub ki, bu təşəbbüs elmi biliklərin geniş yayılması və kitabxana fondunun zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023