Jun 18, 2026 | 14:30 Mühüm hadisələr
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların gigiyena və bərpası laboratoriyasının təşkilatçılığı ilə Azərbaycanın xalçaçı və vizual incəsənət rəssamı, sənətşünas alim, görkəmli incəsənət xadimi Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz” adlı tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli tədbir iştirakçılarını və qonaqları salamlayıb, çıxışında Azərbaycan Xalça Sənətinin memarı, görkəmli xalçaçı alim Lətif Kərimovun zəngin yaradıcılıq irsindən söz açıb. Sənətkarın Azərbaycan mədəniyyətinin və xalçaçılıq sənətinin inkişafındakı əvəzsiz xidmətlərini vurğulayan natiq onun 120 illik yubileyinin qeyd olunmasının milli irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.
Azərbaycan Milli Xalça Muzeyinin xalçaçı-rəssamı Afaq Abdullayeva və Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov mövzuya uyğun məruzələrində Lətif Kərimovun həm memarlıq, həm də xalçaçılıq sənətində nümayiş etdirdiyi bənzərsiz istedadından, onun milli mədəniyyətimizə bəxş etdiyi töhfələrdən bəhs ediblər. Çıxışçılar ustad sənətkarın Azərbaycan xalçaçılıq məktəbinin elmi əsaslarını qoyan dahi bir şəxsiyyət olduğunu diqqətə çatdıraraq onun yaratdığı ornament və çeşnilərin bu gün də dünya miqyasında yüksək qiymətləndirildiyini vurğulayıblar. Bildiriblər ki, Lətif Kərimovun 120 illik yubileyi münasibətilə keçirilmiş bu tədbir onun həm memarlıq, həm də xalçaçılıq sahəsində qoyduğu silinməz izlərə verilən yüksək dəyərin bariz nümunəsidir.
Tədbir çərçivəsində Lətif Kərimovun sənət yolunu özündə əks etdirən videoslayd nümayiş olunub. İştirakçılar İnstitut Kitabxanasının mövzuya uyğun hazırladığı “Lətif Kərimov və milli irsimiz” adlı kitab sərgisi ilə tanış olublar.
www.science.gov.az


