Jun 11, 2026 | 17:18 Mühüm hadisələr
Türkmənistanın Aşqabad və Arxadağ şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilib.
Tədbirdə Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində fəaliyyət göstərən nümayəndə heyəti iştirak edib.
Həmçinin tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq doktoru Rahibə Əliyeva “Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı” adlı məruzə ilə memar tələbələr qarşısında çıxış edib. Azərbaycan mədəniyyətinə öz zəngin töhfəsini verən Əcəmi Naxçivaninin zəngin memarlıq irsinə malik olduğunu söyləyib. Qeyd edib ki, Əcəmi Naxçivani məktəbi nəinki Azərbaycan, bütün Şərq mədəniyyəti üçün əhəmiyyətli tarixi hadisə olub. Dövrümüzədək gəlib çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Əcəminin parlaq irsi ondan sonrakı dövrlərdə Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərib. Marağadakı Göy Günbəzdə (XII əsr), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas abidələrində (XIV əsr), türk sənətkarı Memar Sinanın (XVI əsr) İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.
Alimin çıxışı marağa səbəb olub. Mövzu ətrafında disskusiya yaranıb suallar cavablandırılıb.
Memarlıq doktoru Rahibə Əliyeva səfər çərçivəsində “Mir” televiziyasına müsahibə verib.
www.science.gov.az


