AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Filologiya elmləri doktoru Sərxan Xavəri: “Füzulinin hicran metafizikası ilə Martin Haydeqqerin insanın ontoloji tənhalıq konsepsiyası arasında heyrətamiz semantik bağlılıq vardır”
Jun 01, 2026 | 10:44 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin müəllif-təqdimatı ilə Xəzər Universitetində “Məcnunluq”: məlum məchulluqla naməlum məchulluq arasında (Məhəmməd Füzuli poeziyasında “məcnunluq” konsepti çoxqatlı diskursiv hadisə kimi)” mövzusunda multidissiplinar diskurs-platform keçirilib.

Çıxış edən filologiya elmləri doktoru Sərxan Xavəri bildirmişdir ki, müasir dövrün sosial-psixoloji gərginlikləri, emosional yadlaşmaları, mənəvi parçalanmaları və ontoloji qeyri-müəyyənlikləri şəraitində klassik poetik-fəlsəfi irsin yenidən multidissiplinar interpretasiyası xüsusi aktuallıq kəsb edir.

Əvvəlcə problemin nəzəri-metodoloji aspektlərindən bəhs edən Sərxan Xavəri qeyd etmişdir ki, elm “bəlkələr”in, şübhə və ehtimalların incə tarazlığında formalaşan idrak sahəsidir. Burada həqiqəti ikili seçimlərin sərt sərhədlərində deyil, çoxtərəfli imkanların dinamik qarşılaşmasında və qarşılıqlı tamamlanmasında axtarmaq lazımdır. Elmi düşüncənin  mahiyyəti “ya o, ya bu” məntiqinin qaba radikallığı ilə deyil, “həm o, həm də bu” prinsipinin qeyri-səlist liberallığı ilə müəyyənləşdirir. Bu baxımdan  Məhəmməd Füzuli yaradıcılığında “məcnunluq” fenomeninin sabit semantik konstruksiya kimi deyil, çoxqatlı diskursiv hadisə kimi, poetik, sosial, mistik, fəlsəfi və psixoanalitik səviyyələrin kəsişməsində formalaşan dinamik məna sahəsi kimi, yəni çoxqatlı diskursiv hadisə kimi təhlili və təqdimatını daha məqsədəuyğun hesab edirik:

‒ poetik müstəvidə “məcnunluq” Leylisizliyin gənc aşiqin daxilində formalaşdırdığı hissi-emosional və psixoloji vəziyyətin estetik modelidir. O əlavə etmişdir ki, burada eşq sadəcə fərdi emosional bağlılıq deyil, insanın daxili enerjisinin poetik sublimasiya formasına çevrilir.

‒ ictimai müstəvidə “məcnunluq” mənəvi mükəmməlliyin qeyri-mükəmməl və qeyri-humanist sosial mühitlə toqquşmasının nəticəsi kimi meydana çıxır. O vurğulamışdır ki, Məcnun obrazı mövcud normativ ictimai düzənə qarşı səssiz, lakin dərin mənəvi etirazın simvolik ifadəsidir.

‒ təsəvvüfi müstəvidə “məcnunluq” təkcə aşiqin cəmiyyətlə konflikti deyil, hicranın, xəyalın, dərdin və yoxluğun mənəvi kamillik mərhələsinə transformasiyasıdır. O nəzərə çatdırmışdır ki, burada əsas məsələ real vüsala çatmaq deyil, vüsalsızlığın özünün metafizik təcrübəyə çevrilməsidir. Sərxan Xavəri əlavə etmişdir ki, təsəvvüfi düşüncədə “Mən” müqəddəsləşmir, əksinə, eşq içində əriyərək öz sərhədlərini itirir.

‒ fəlsəfi-ekzistensial müstəvidə “məcnunluq” insan və dünya arasında mövcud olan fundamental toqquşmanın poetik modelidir. O bildirmişdir ki, Füzuli qəhrəmanını xoşbəxtlikdən məhrum edən əsas səbəb yalnız sosial maneələr deyil, varlığın öz nüvəsində yerləşən paradoksal ziddiyyətlərdir. Bu baxımdan Məcnun obrazı ontoloji natamamlığın və ekzistensial narahatlığın simvolik ifadəsi kimi təqdim edilmişdir. Martin Haydeqqerin nostalgiya, tənhalıq, həsrət, “uzaqdakının yaxınlığı” və “yaxındakının uzaqlığı” ilə bağlı ekzistensial düşüncələri Füzuli poeziyasında ifadə olunan hicran metafizikası ilə dərin semantik yaxınlıq təşkil edir. O vurğulamışdır ki, Füzulidə “məcnunluq” yalnız fərdi sevgi dramatizmi deyil, insan və dünya arasında mövcud olan fundamental uyğunsuzluğun poetik-fəlsəfi təcəssümüdür.

‒ psixoanalitik müstəvidə “məcnunluq” Edip kompleksinin bədii sublimasiyası, insanın ilkin mənəvi bütövlük və ana bətninə qayıdış arzusunun metaforik-estetik təzahürü kimi interpretasiya oluna bilər.

Çıxış zamanı xüsusi vurğulanmışdır ki, Füzuli poeziyasında mürəkkəb ərəb-fars izafət konstruksiyalarının altında son dərəcə canlı türk emosional düşüncə modeli yaşayır və bu poeziyada sevgi, həsrət, tənhalıq, ümidsizlik, inam, şübhə və daxili ağrı kimi çağdaş insanın yaşadığı emosional hallar bütün canlılığı ilə əks olunur. Sərxan Xavəri bildirmişdir ki, məhz bu səbəbdən Füzuli bugünkü insan üçün bir çox müasirlərimizdən daha müasir görünür. Sərxan Xavəri iştirakçıların nəzərinə çatdırmışdır ki, çağdaş insanın yaşadığı mənəvi tənhalıq, daxili parçalanma, emosional qərarsızlıq, həsrət və ontoloji narahatlıq halları klassik Şərq poeziyasında, xüsusilə Füzuli yaradıcılığında əsrlər öncə yüksək poetik-estetik dildə ifadə olunmuşdur. O bildirmişdir ki, Füzuli poeziyası yalnız tarixi-mədəni irs nümunəsi deyil, həm də müasir insanın daxili emosional dünyasını anlamağa imkan verən canlı mənəviyyat və düşüncə məkanıdır.

Tədbir interaktiv diskurs və açıq elmi polemika şəraitində davam etmiş, müəllim və tələbələr tərəfindən ünvanlanan çoxsaylı suallar Sərxan Xavəri tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Diskurs-platform çərçivəsində Füzuli irsinin multidissiplinar metodologiyalar əsasında yenidən interpretasiyasının çağdaş humanitar düşüncə üçün mühüm elmi və mənəvi əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023