AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir
Jun 01, 2026 | 11:35 Mühüm hadisələr

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov çıxışında tariximizə qızıl hərflərlə yazılmış bu günün təkcə xalqımız üçün deyil, həm də hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və qürurverici bir gün olduğunu qeyd edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ümumbəşəri dəyərlərə əsaslanaraq demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.

Tədbirdə Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin “Xalqını, vətənini, torpağını sevən dahi insan!” və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Nuranə Ələkbərovanın “Cümhuriyyətin qurucu ataları” adlı məruzələri dinlənilib.

Məruzələr ətrafında çıxış edən institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli çıxışçılara tarixi faktlara əsaslanan məruzələrinə görə dərin minnətdarlığını bildirib, nitqində müstəqil və demokratik Azərbaycanın 1920-ci ildə itirdiyi müstəqilliyini məhz xalqın müdrik oğlu, Ümummilli lider Heydər Əliyevin milli iradəsi və siyasi uzaqgörənliyi sayəsində bərpa etdiyini vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılar İnstitut Kitabxanasının mövzuya uyğun hazırladığı kitab sərgisi ilə tanış olublar.

Daha sonra Bakı tarixinin tədqiqatçısı Xəyalə Günəş Əyriçalmalının “Bakı Şəcərələri və nəsil qolları (Şəcərə tarixləri)” adlı kitabının təqdimat mərasimi keçirilib. Fil.ü.f.d., dosent Əkrəm Bağırov elmi redaktoru olduğu yeni nəşr haqqında ətraflı məlumat verib, kitabın görkəmli dramaturq Abbasqulu ağa Bakıxanovun 230 illiyinə həsr olunmasını təqdirəlayiq hesab edib. Bununla yanaşı alim təqdimatı keçirilən kitab haqqında ARB Televiziya kanalına müsahibə verib.

Elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli çıxışında təqdimatı keçirilən kitab haqqında fikirləri ilə bölüşüb.

Təqdimat mərasimində həmçinin fil.ü.f.d., dosent Firudin Qurbansoy, fil.e.d., professor Asif Rüstəmli, ilahiyyatçı Soltan Əlizadə, fil.e.d., professor Gülər Abdullabəyova, fəl.ü.f.d., dosent Mətanət Şəkixanova, ilahiyyatçı Qədir Nəcəfzadə və Abbasqulu ağa Bakıxanovun qohumu Arifə Bakıxanova da iştirak edib, çıxışlarında kitabın müəllifinə yaradıcı fəaliyyətində uğurlar arzulayıblar.

Sonda çıxış edən Bakı tarixinin tədqiqatçısı Xəyalə Günəş Əyriçalmalı müəllifi olduğu kitabdan bəhs edib, burada Bakının köklü və tarixdə rolu olan nəsilləri, eləcə də şəcərə tarixlərinin yaranması və həmin şəcərələrin nəsil nümayəndələri haqqında məlumatların əks olunduğunu vurğulayıb. Kitabın ərsəyə gəlməsi prosesindən söz açan gənc müəllif bu işdə əməyi keçən və ona dəstək olan hər kəsə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi mərhum alim tarix e.d., professor Şahin Fazil, elmi redaktoru fil.ü.f.d., dosent Əkrəm Bağırov, bədii tərtibatçısı Vüsalə Qasımova, korrektoru Aydan Əliməmmədova, şəcərə sxeminin tərtibçiləri Əziz Kərimov və İbrahim Kərimli, məsləhətçisi Arifə Bakıxanovadır. Kitabın kompüter yığımı Yeganə Məmmədovaya və Vüsalə Qasımovaya, foto bərpası isə Həmid Əlizadəyə məxsusdur. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 7 saylı iclasının qərarı ilə nəşr olunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023