AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
May 22, 2026 | 17:06 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Tədbiri açan Elmi şuranın sədri, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrasının daim diqqət mərkəzində saxlanılmasının, verilən tapşırıqların isə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ölkənin milli-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

İclasda Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri ilə bağlı təsdiq olunmuş tədbirlər planının icrası məsələləri də müzakirə edilib. Akademik Səməd Vurğunun 120 illiyi, Türkoloji Qurultayın 100 illiyi, Əcəmi Naxçıvaninin 900 illiyi və Xaqani Şirvaninin 900 illiyi kimi əlamətdar tarixlərin yüksək səviyyədə qeyd olunmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd olunması haqqında” Sərəncamının icrası çərçivəsində Memarlıq və İncəsənət İnstitutuna müvafiq tapşırıqlar verilib.

Elmi şurada AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək görkəmli xalçaçı-rəssamın zəngin həyat və fəaliyyət yolundan ətraflı bəhs edib. Məruzəçi bildirib ki, bu böyük sənətkarın irsinin daha geniş şəkildə araşdırılması və təbliği Azərbaycan elmi mühitində xüsusi əhəmiyyət daşıyır. Onun çoxşaxəli fəaliyyəti, fundamental tədqiqatları və milli-mədəni irsin qorunmasına yönəlmiş xidmətləri xalçaşünaslıq sahəsində bütöv bir elmi məktəbin formalaşmasına mühüm zəmin yaradıb.

Vurğulayıb ki, sənətkarın xalçaçılıq sənətinin sistemli şəkildə öyrənilməsinə həsr olunmuş ən mühüm elmi əsəri üçcildlik “Azərbaycan xalçası” monoqrafiyasıdır. Əsərin birinci cildi 1961-ci ildə, ikinci və üçüncü cildləri isə 1983-cü ildə nəşr edilib. Fundamental elmi mənbə kimi yüksək qiymətləndirilən bu tədqiqatda Azərbaycan xalçaçılıq məktəblərinin bölgələr üzrə təsnifatı aparılıb, xalçalarda mövcud olan ornament və kompozisiya elementləri elmi əsaslarla sistemləşdirilərək qruplaşdırılıb. Həmin araşdırma milli xalça sənətinin elmi-nəzəri bazasının formalaşmasında mühüm rol oynayıb.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən görkəmli sənətkarın anadan olmasının 120 illiyinin qeyd edilməsi yalnız böyük şəxsiyyətin xatirəsinin ehtiramla yad olunması deyil, həm də Azərbaycanda xalçaşünaslıq elminin inkişafına, dekorativ-tətbiqi sənətin daha dərindən öyrənilməsinə və yeni elmi istiqamətlərin təşviqinə mühüm töhfə verəcəkdir. Yubiley tədbirlərinin keçirilməsi bu zəngin irsin beynəlxalq elmi ictimaiyyətə daha geniş təqdim olunmasına və Azərbaycan xalçaçılıq məktəbinin qədim ənənələrinin təbliğinə əlavə stimul yaradacaqdır.

Sonra çıxış edən akademik Teymur Kərimli görkəmli xalça ustasının bədii yaradıcılığı, pedaqoji fəaliyyəti və milli mədəniyyətin inkişafındakı xidmətlərindən geniş bəhs edib. Akademik qeyd edib ki, sənətkar yalnız Azərbaycan xalçaçılıq məktəbinin banilərindən biri kimi deyil, həm də milli təsviri və dekorativ-tətbiqi sənətin inkişafına mühüm töhfələr vermiş yaradıcı şəxsiyyət kimi yadda qalıb. Onun yaratdığı zəngin ornamental kompozisiyalar, xalça nümunələrində milli koloritin və estetik düşüncənin yüksək səviyyədə ifadəsi Azərbaycan incəsənətinin bədii-estetik dəyərlərinin dünya miqyasında tanınmasına mühüm təsir göstərib.

Akademik vurğulayıb ki, görkəmli sənətkarın pedaqoji fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. O, uzun illər ərzində gənc xalçaçı rəssamların və sənətşünasların yetişməsində mühüm rol oynayıb, milli xalçaçılıq ənənələrinin gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Bildirilib ki, onun formalaşdırdığı elmi və yaradıcı məktəb bu gün də Azərbaycan xalça sənətinin inkişafında mühüm rol oynayır və yeni nəsil tədqiqatçılar üçün əhəmiyyətli istinad mənbəyi olaraq qalır.

İclasda yubiley tədbirləri və elmi-mədəni məsələlərlə yanaşı, AMEA-nın elmi müəssisələrində idarəetmənin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər də müzakirə olunub. Akademik Teymur Kərimli qeyd edib ki, müasir dövrdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi və elektron idarəetmə sistemlərinin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə AMEA-nın elmi müəssisə və təşkilatlarında mövcud daxili imkanlar və ştat vahidləri hesabına “rəqəmsallaşma üzrə direktor müavini” vəzifəsinin təsis edilməsi məqsədəuyğun hesab olunub.

AMEA-nın humanitar yönümlü elmi müəssisələri üzrə müvafiq vəzifələrə namizədlərin təsdiqi məsələsi Elmi şuranın müzakirəsinə çıxarılıb. Filologiya elmləri doktoru, dosent Mehman Həsənlinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudovun Nəsimi adına Dilçilik İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovanın Folklor İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin Memarlıq və İncəsənət İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifovanın isə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini vəzifələrinə təsdiq olunması ilə bağlı AMEA Rəyasət Heyətinə təqdimat verilməsi qərara alınıb.

Elmi şurada bir sıra kadr və təşkilati məsələlərə də baxılıb. Filologiya elmləri doktoru, dosent Vaqif Yusiflinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri vəzifəsinə təsdiq olunması ilə bağlı AMEA Rəyasət Heyətinə müraciət edilməsi qərara alınıb. Qeyd olunub ki, alim Azərbaycan ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən biridir və müasir Azərbaycan ədəbi prosesinin, xüsusilə nəsr və ədəbi tənqid sahələrinin tədqiqi ilə məşğuldur. Onun çoxsaylı elmi məqalə və monoqrafiyaları milli ədəbiyyatşünaslığın inkişafına mühüm töhfə verib.

Həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Eksperimental Fonetik Araşdırmalar Laboratoriyasının elmi işçisi Xəyal Əsgərlinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri təyin olunması barədə qərar qəbul edilib.

İclasda Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində çalışan əməkdaşların fəaliyyətinin daha da gücləndirilməsi məsələləri də müzakirə olunub. Eyni zamanda doktorant və dissertantların tədqiqatlarının daha məqsədyönlü təşkili, elmi idarəetmədə səmərəliliyin artırılması və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

Akademik Teymur Kərimli bildirib ki, 2026-cı il sentyabrın 1-də görkəmli dilçi alim, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun anadan olmasının 80 illiyi qeyd olunacaq. O, alimin Azərbaycan dilçilik və mətnşünaslıq elminin inkişafındakı xidmətlərini xüsusi vurğulayaraq, yubileyin qeyd olunması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırıldığını diqqətə çatdırıb.

Sonda Elmi şura üzvləri və elmi müəssisələrin rəhbərləri müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023