May 22, 2026 | 16:42 Yeni nəşrlər
Türkiyə Elmlər Akademiyası (TÜBA) tərəfindən “Azerbaijan and Türkiye in World Politics” (“Azərbaycan və Türkiyə dünya siyasətində”) adlı əsər nəşr olunub.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri çoxşaxəli yanaşma ilə araşdıran əsər hər iki ölkənin qlobal sistemdəki mövqeyini tarixi, mədəni, siyasi və strateji aspektlərdən geniş şəkildə təhlil edir. TÜBA ilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlığı çərçivəsində nəşr olunan bu əsər iki ölkə arasındakı akademik həmrəyliyi yenidən möhkəmləndirir.
30 alimin töhfəsi ilə hazırlanmış və 25 bölmədən ibarət olan əsərdə Türkiyə-Azərbaycan münasibətləri geniş çərçivədə araşdırılır. Kitabda milli kimlik formalaşması, liderlik, beynəlxalq sistemdə mövqe, təhlükəsizlik siyasəti və regional əməkdaşlıq kimi mövzular dərindən təhlil olunur.
Nəşrdə, həmçinin enerji təhlükəsizliyi, Orta Dəhliz layihələri, Türk Dövlətləri Təşkilatının rolu və mədəni diplomatiya kimi istiqamətlər vasitəsilə iki ölkənin regional və qlobal təsiri qiymətləndirilir. Bu baxımdan əsər yalnız akademik tədqiqat deyil, eyni zamanda dəyişən dünya nizamında Türkiyə-Azərbaycan tərəfdaşlığının necə formalaşdığını göstərən geniş təhlil xarakteri daşıyır.
Professor Müzəffər Şəkər: “Elmi əməkdaşlıq sülh və sabitliyin açarıdır”
TÜBA-nın prezidenti professor Müzəffər Şəkər əsərin ön sözündə TÜBA-nın elmi fəaliyyət və beynəlxalq əməkdaşlığı prioritet hesab edən yanaşmasına diqqət çəkib, bu əsərin həmin baxışın güclü təzahürü olduğunu bildirib. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarix, mədəniyyət və intellektual irs əsasında formalaşdığını qeyd edən professor Müzəffər Şəkər bu əlaqələrin adi əməkdaşlıq çərçivəsindən daha geniş məna daşıdığını vurğulayıb.
O, “Tək millət, iki dövlət” anlayışının yalnız bir şüar olmadığını, həm də elmi baxımdan dərindən araşdırılmalı bir konsepsiya olduğunu bildirərək, TÜBA-nın Beynəlxalq Münasibətlər İşçi Qrupunun bu istiqamətdə mühüm töhfələr verdiyini qeyd edib. Müzəffər Şəkər qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə elmi qurumlar arasındakı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. TÜBA-nın bu istiqamətdə beynəlxalq akademik əlaqələri gücləndirməkdə qətiyyətli olduğunu bildirib.
TÜBA prezidenti əsərin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu tədqiqat yalnız mövcud vəziyyəti təhlil etməklə kifayətlənmir, eyni zamanda gələcəyə yönəlik baxış təqdim edir.
Akademik İsa Həbibbəyli: “Münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib”
Yeni nəşrlə bağlı fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin tarix boyu qardaşlıq əsasında inkişaf etdiyini bildirib. O vurğulayıb ki, bu münasibətlər xüsusilə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yeni mərhələyə qədəm qoyub. Akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü “Tək millət, iki dövlət” anlayışı strateji önəm daşıyır.
Akademik İsa Həbibbəyli iki ölkənin beynəlxalq platformalarda nümayiş etdirdiyi ortaq mövqenin qlobal balans baxımından mühüm nəticələr doğurduğunu bildirərək, Azərbaycan ilə Türkiyənin regional və beynəlxalq səviyyədə getdikcə daha güclü əməkdaşlıq nümayiş etdirdiyini deyib. O qeyd edib ki, bu proses “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib və sözügedən əsər də bu güclü tərəfdaşlığın elmi məhsuludur.
AMEA rəhbəri vurğulayıb ki, bu tədqiqat iki ölkə arasındakı köklü münasibətləri daha da möhkəmləndirəcək. O, əsərin ərsəyə gəlməsində əməyi olan bütün alimlərə təşəkkürünü bildirib.
Çoxşaxəli təhlil
Əsərin redaktorları professor Şener Aktürk və professor Ali Balcı ön sözdə Türkiyə-Azərbaycan münasibətlərinin adi ikitərəfli əlaqələrlə izah edilə bilməyəcək qədər dərin və çoxqatlı olduğunu qeyd ediblər. Professor Aktürk və professor Balcı iki ölkənin müasir dövlətçilik proseslərinin bir-biri ilə sıx bağlı şəkildə inkişaf etdiyinə diqqət çəkərək, xüsusilə Sovet İttifaqının dağılmasından sonra münasibətlərin yenidən sürət qazandığını və zamanla çoxşaxəli ittifaq səviyyəsinə yüksəldiyini vurğulayıblar.
Onlar müasir beynəlxalq sistemin çoxqütblü quruluşa çevrildiyini qeyd edərək, Türkiyə ilə Azərbaycan arasındakı tərəfdaşlığın bu yeni nizamda sabitlik yaradan gücə çevrildiyini bildiriblər. Tədqiqatı işinin bu münasibətləri yalnız emosional bağlar əsasında deyil, həm də strateji, institusional və geosiyasi dinamika baxımından təhlil etməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
www.science.gov.az


