Apr 07, 2026 | 14:15 Konfranslar, iclaslar
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə “27 mart – Elm Günü” münasibətilə “Nizami Gəncəvi motivləri əlyazma və miniatürlərdə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açıb, Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Alim “Elm Günü” münasibətilə keçirilən tədbirin Azərbaycan xalqının iftixarı olan dahi şairimizin zəngin bədii irsinə və çoxşaxəli yaradıcılığına həsr olunmasını yüksək qiymətləndirib, milli-mənəvi dəyərlərimizin ən ali təcəssümü kimi çıxış edən Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının tarixi yaddaşının formalaşmasında, milli kimliyinin dərkində və mənəvi-ideoloji bütövlüyünün qorunub saxlanılmasında müstəsna rol oynadığını vurğulayıb.
Tədbirdə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – aparıcı elmi işçi fil.ü.f.d. Dilbər Zamanzadənin “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nizami Gəncəvi əlyazmalarının nəşr tarixi”, elmi işçi Vəsilə Hüseynovanın “Nizami Gəncəvi əsərlərinin miniatür sənətinə töhfəsi”, böyük elmi işçi Xoşqədəm Mirzəyevanın “Nizami Gəncəvi motivlərinin XX əsr dramaturgiyasında təcəssümü” və baş mütəxəssis Pəri Mustafa-zadənin ““İskəndər haqqında el arasında nağıllar” əsərinin Bakı nüsxəsi haqqında” mövzularında məruzələri dinlənilib.
Məruzələr ətrafında çıxış edən institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə nitqində Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, dahi şairin sülh və tərəqqiyə çağıran qiymətli mirası bəşəriyyət üçün zəngin həyat məktəbidir.
Tədbir çərçivəsində iştirakçılar Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və İnstitut Kitabxanasının mövzuya uyğun hazırladıqları sərgi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi əsərlərinin əlyazmaları, Nizaminin əsərlərindən çəkilmiş miniatürlər, dahi şairin portreti və institut əməkdaşlarının onun yaradıcılığını özündə əks etdirən nəşrləri nümayiş olunub.
www.science.gov.az


