Apr 07, 2026 | 14:05 Konfranslar, iclaslar
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu tərəfindən Elm Gününə həsr olunmuş “Sənətşünaslıqda rəqəmsallaşdırma və süni intellekt” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyev uzunmüddətli səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə institutun Fəxri fərmanı ilə təltif olunub.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə Elm Günü münasibətilə əməkdaşları təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran professor Ərtegin Salamzadə dövlət başçısının daim Azərbaycan elminə, Milli Elmlər Akademiyasına qayğı göstərdiyini, elm xadimlərinin təkliflərinə diqqətlə yanaşdığını vurğulayıb. O, bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib.
Professor Ərtegin Salamzadə rəhbərlik etdiyi müəssisədə Elm Günü münasibətilə ənənəvi olaraq Türk mədəniyyəti və sənətinə dair müxtəlif mövzularda dəyirmi masaların təşkil edildiyini xatırladıb. Direktor, həmçinin türk xalqlarının mədəniyyətinin sistemli şəkildə araşdırılması, təhlili və təsnifatının aparılması, eləcə də onların sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradıldığını bildirib.
Alim qeyd edib ki, Elm Günü ərəfəsində gündəmdə olan əhəmiyyətli mövzulara müraciət olunur. Türk mədəniyyəti və sənəti hər zaman aktuallıq kəsb etsə də, müasir dövrün çağırışları yeni istiqamətlərə üz tutmağı zəruri edir. Bu baxımdan cari ildə rəqəmsallaşdırma və süni intellekt problemlərinə üstünlük verilib.
Professor Ərtegin Salamzadə vurğulayıb ki, rəqəmsallaşdırma qlobal xarakterli prosesdir və həyatın bütün sahələrini, xüsusilə də elmi fəaliyyəti əhatə edir. AMEA-nın bütün institutları rəqəmsallaşma şəraitinə uyğunlaşmağa, fəaliyyətlərini müasir texnoloji tələblər əsasında qurmağa səy göstərirlər. Məhz bu zərurətdən irəli gələrək bugünkü dəyirmi masa “Sənətşünaslıqda rəqəmsallaşdırma və süni intellekt” mövzusuna həsr olunub.
O, süni intellekt texnologiyalarının incəsənət sahəsinə inteqrasiyasının yaradıcı proseslərin transformasiyasına və fərdi yaradıcılıq potensialının genişlənməsinə şərait yaratdığını söyləyib.
Professor Ərtegin Salamzadə bildirib ki, hazırda institutda rəqəmsallaşdırma və süni intellekt sahəsində aparılan tədqiqatların sayı çox olmasa da, bu istiqamət son dərəcə vacib və perspektivlidir.
“Süni intellektə münasibət dünya miqyasında birmənalı deyil. Bir tərəfdən, bu texnologiyalar innovativ imkanlar açır, digər tərəfdən isə yaradıcılıq, müəlliflik və etik məsuliyyət məsələləri ilə bağlı ciddi müzakirələr doğurur. Xüsusilə müasir incəsənət məkanında süni intellektin rolu müxtəlif yanaşmalar çərçivəsində qiymətləndirilir”, - deyə direktor bildirib.
Alim vurğulayıb ki, süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir və bu proses yaradıcılıq sahəsinə də mühüm təsir göstərir. Digər sahələrdə olduğu kimi, incəsənətdə də süni intellekt yaradıcılıq prosesinin transformasiyasına, yeni ifadə formalarının yaranmasına və sənət anlayışının yenidən dəyərləndirilməsinə şərait yaradır. Onun incəsənətin müxtəlif sahələrinə təsiri isə fərqli aspektlərdə özünü büruzə verir və bu da mövzunun elmi baxımdan sistemli şəkildə araşdırılmasını zəruri edir.
Professor Ərtegin Salamzadə qeyd edib ki, bu baxımdan rəqəmsallaşdırma və süni intellektin sənətşünaslıqda tətbiqi müasir dövrün çağırışlarına cavab verən, aktual və strateji əhəmiyyətə malik elmi istiqamət kimi dəyərləndirilməlidir.
Daha sonra institutun Türk sənəti tarixi və mədəni irsi şöbəsinin baş elmi işçisi, professor Rəna Abdullayeva “Süni intellekt, informasiya mədəniyyəti və sənətşünaslıq” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi süni intellektin ictimai həyatın bütün sferalarına nüfuz edərək insanların həyat tərzini və iş prinsiplərini dəyişdiyini bildirib. Qeyd edib ki, süni intellektin yaranması informasiya cəmiyyətinin müəyyən inkişaf mərhələsi ilə, daha geniş mənada isə bütövlükdə bəşəriyyətin informasiya mədəniyyəti ilə bağlıdır. Bu mədəniyyət minilliklər ərzində formalaşıb və informasiyanın qavranılması, saxlanması və ona reaksiya verilməsi metodlarının məcmusunu təşkil edir. Zaman keçdikcə informasiya mədəniyyəti öz konfessional, daha sonra isə milli xüsusiyyətlərini qazanır.
Onun sözlərinə görə, hər bir sistemli hadisə kimi informasiya mədəniyyəti həm mərkəzdənqaçma, həm də mərkəzyönlü qüvvələrin təsirinə məruz qalır. Mərkəzyönlü amil informasiyanın əsas xüsusiyyəti - onun sərhədsizliyi ilə müəyyən olunur. Tarixi proses, bəşəriyyətə beş informasiya inqilabı gətirərək, nəticədə müasir dünyanı qlobal informasiya cəmiyyətinə çevirib. Bu şəraitdə informasiyanın sərhədsizliyi özünü maksimum dərəcədə göstərməyə başlayıb.
Professor Rəna Abdullayeva əlavə edib ki, “informasiya cəmiyyəti” paradiqması cəmi bir nəsil ərzində formalaşıb. Yeni cəmiyyətin, yəni “üçüncü dalğa” sivilizasiyasının əsasını informasiya nəzəriyyəsi təşkil edib. Bu nəzəriyyə çərçivəsində bütün təbii, sosial və mədəni proseslər “mənbə-mesaj-qəbul edən” sxemi üzrə kommunikasiya aktı kimi nəzərdən keçirilir. İnformasiya nəzəriyyəsi informasiyanın yaranma proseslərini, siqnalların ötürülmə mexanizmlərini, kommunikativ mesajların qavranılması və onlara reaksiya verilmə xarakterini təsvir və izah edir. Buna görə də o, idarəetmə, iqtisadiyyat, hərbi sahə, humanitar və dəqiq elmlər, təhsil, mədəniyyət, incəsənət və KİV sahələrində praktik tətbiq oluna bilən universal nəzəriyyə kimi qəbul edilir.
Onun sözlərinə görə, müasir dövrdə yeni informasiyaların əldə olunmasında süni intellekt həm böyük imkanlar yaradır, eyni zamanda müəyyən risklər doğurur. Süni intellektin tətbiqi incəsənət və mədəniyyət sahəsində yeni yanaşmaların yaranmasına, eləcə də fənlərarası tədqiqatların inkişafına səbəb olur.
Tədbirdə institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin “İncəsənətdə süni intellektin tətbiqi problemləri”, Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin elmi işçisi Aynur Ələkbərovanın “Qobustan Milli Tarixi-Bədii Qoruğunda rəqəmsallaşdırma və innovativ texnologiyaların muzey turizminə təsiri” və Muğamşünaslıq şöbəsinin kiçik elmi işçisi Ləman Rüstəmlinin “Rəqəmsal musiqi platformaları və süni intellekt: əlçatanlıq və kəşfin yenidən formalaşması” adlı məruzələri dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
www.science.gov.az


