Mar 18, 2026 | 16:10 Müsahibələr, çıxışlar
Azərbaycan xalqının mərasim mədəniyyəti olduqca zəngindir və bunların içərisində Novruz bayramının özünəməxsus yeri var. Novruz bayramını biz yaz fəslində qeyd edirik, lakin bu heç də ondan irəli gəlmir ki, bu bayram məhz bir mövsüm mərasimidir. Əslində bu, yaradılışın bayramıdır və məlumdur ki, dünyanın yaranmasında dörd ünsür – su, od, hava və torpaq əsas götürülüb.
Bu fikirləri AzərTac-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti filologiya üzrə fəlsəfə doktoru Nigar Həsənova bildirib. Onun sözlərinə görə, ulu babalarımız qışın insan həyatına təsirini nəzərə alaraq zamanı mərhələlərə bölüblər: “40 gün davam edən böyük çillə, 20 gün davam edən kiçik çillə və kiçik çillədən sonra başlayan, fevralın 21-dən martın 21-dək davam edən “boz ay”. Bu dövr dörd çərşənbə ilə müşayiət olunur və həmin çərşənbələr su, od, yel və torpaq ünsürlərini əks etdirir”.
“Su çərşənbəsində insanlar axar su üstünə gedir, su ilə bağlı niyyət və arzular diləyirlər. Yel çərşənbəsində isə söyüd ağacına üz tutulur. İnanca görə, söyüdün budaqları yerə toxunarsa, arzu gerçəkləşmiş sayılır. Od çərşənbəsində tonqallar qalanır, insanlar od üzərindən tullanaraq “ağırlığım, uğurluğum odda yansın” deyirlər”, – deyə N.Həsənova bildirib.
Onun sözlərinə görə, Torpaq çərşənbəsi – İlaxır çərşənbə daha təmtəraqlı və zəngin mərasimlərlə qeyd olunur. Məhz bu gün qulaq falına çıxmaq, tonqal ətrafında toplaşmaq, müxtəlif ayinləri icra etmək daha geniş yayılıb: “İnanca görə, Torpaq çərşənbəsində artıq torpaq oyanır, təbiətdə su, istilik və hava balansı bərpa olunur və torpaq əkin üçün hazır vəziyyətə gəlir. Bu səbəbdən də bu gün xüsusi əhəmiyyət daşıyır”. Dosent əlavə edib ki, İlaxır çərşənbədə qulaq falı, üzük falı, lal su ayini geniş şəkildə icra olunur. Qulaq falında eşidilən sözlərin ilin necə keçəcəyinə işarə etdiyi düşünülür. Bu səbəbdən insanlar həmin gün evlərində xoş sözlər söyləməyə çalışırlar.
Müsahibimiz vurğulayıb ki, Novruz bayramında süfrə mədəniyyəti xüsusi yer tutur. Süfrəyə yeddi növ nemətin qoyulması ənənəsi mövcuddur və bu, bəzi bölgələrdə “yeddi növ”, “yeddi ləvin” və ya “yeddi löyün” adlandırılır.
“Novruz süfrəsində əsasən ətsiz yeməklərə üstünlük verilir. Qarabağ bölgəsində lobyalı aş, Bakı ətrafında isə maşlı aş bişirilir. Qırmızı rəngin bolluq və bərəkət rəmzi kimi həyətə səpilməsi də bu adətlər sırasındadır”, – deyə N.Həsənova bildirib. O qeyd edib ki, bayramın vacib atributlarından biri də boyanmış yumurtalardır. Yumurtalar təbii üsullarla rənglənir, üzərinə naxışlar çəkilir və uşaqlar arasında yumurta döyüşdürmə oyunu keçirilir.
Nigar Həsənova diqqətə çatdırıb ki, İlaxır çərşənbədə və ümumilikdə Novruz günlərində mühüm ənənələrdən biri də böyüklərin ziyarət olunması, küsülülərin barışdırılmasıdır. “Bu gün insanlar küsülü qalmağı düzgün hesab etmir, əksinə, barışaraq bayramı birlikdə qeyd etməyə çalışırlar. Süfrə ətrafında toplaşmaq, şən və səmimi mühit yaratmaq əsas prinsiplərdən biridir”, - deyə dosent qeyd edib.
“Novruz xonçasında yer alan şəkərbura, paxlava və qoğalın da öz rəmzi mənası var. Paxlava ulduzu, şəkərbura ayı, qoğal isə günəşi simvolizə edir. Bu isə bayramın kosmik və yaradılış fəlsəfəsi ilə bağlılığını göstərir”, – deyə N.Həsənova vurğulayıb.
Sonda müsahibimiz bildirib ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini əks etdirən mühüm ənənələrdən biridir.


