AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Elm günü”nə həsr olunmuş “Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” mövzusunda elmi seminar keçirilib
Mar 18, 2026 | 15:48 Konfranslar, iclaslar

AMEA Folklor İnstitutunda “Elm günü”nə həsr olunmuş seminar keçirilib.

Hibrid formada baş tutan seminarda institut əməkdaşları, o cümlədən doktorant və dissertantlar da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunan “Elm günü”nün əhəmiyyəti barədə danışıb. Direktor vurğulayıb ki, bu gün Azərbaycan elminin müxtəlif sahələrində əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və elmin gələcək inkişafına dair yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Alim “Elm günü”nə həsr olunmuş seminarın mövzusuna toxunaraq qeyd edib ki, son illər professor Seyfəddin Rzasoy tərəfindən Dədə Qorqud eposu ilə bağlı silsilə tədqiqatlar aparılır və bu çərçivədə müəllifin artıq 5 monoqrafiyası işıq üzü görüb. Qorqudşünaslıq sahəsində ölkəmizdə aparılan tədqiqatların ümumi istiqamətlərinə nəzər yetirən Hikmət Quliyev professor Seyfəddin Rzasoyun yanaşmalarının özündən əvvəlki baxışlara söykənməklə yanaşı, orijinal elmi mülahizə və konseptləri ehtiva etdiyini vurğulayıb. 

Daha sonra “Dədə Qorqud” eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” mövzusunda məruzə etmək üçün söz Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoya verilib.

Alim ilk olaraq, “Kitabi-Dədə Qorqud” eposunun mövcud mətninin altında gizli qalmış daha qədim epik qatın – “Alp Aruz variantı”nın mövcudluğu ideyasını elmi əsaslarla təhlil edib. O, bu variantın tədqiqi və bərpası ilə bağlı qarşılaşılan çətinlikləri və layihənin Azərbaycan folklorşünaslığına gətirəcəyi töhfələri geniş şəkildə izah edib. Bildirib ki, bu ideyanın başlanğıcı müəllifin 2002-ci ildə “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsində dərc olunmuş “Kitabi-Dədə Qorqud”un sonuncu boy süjetinin kosmoloji strukturu və ritual-mifoloji semantikası” adlı məqaləsində qoyulub. Həmin tədqiqat zamanı dastanın süjet strukturunda paralel alt və üst layların mövcudluğu, bu layların isə bir-biri ilə konflikt münasibətində olması müəyyənləşdirilib.

Professor Seyfəddin Rzasoy qeyd edib ki, mövcud “Dədə Qorqud” mətnində baş qəhrəman kimi təqdim olunan Salur Qazanın davranışları bir çox hallarda Oğuz törəsinə zidd antistruktur xüsusiyyətlər göstərir. Tədqiqatçı dastanın müxtəlif boylarından gətirilən faktlar əsasında Qazanın törəni pozması, Oğuz elində sosial disharmoniya yaratması, bəzi qəhrəmanların qəhrəmanlığını şübhə altına alması kimi epizodları təhlil edib. Bu faktlar göstərir ki, eposun bəzi hissələrində qəhrəman və antiqəhrəman funksiyaları yer dəyişmiş kimi görünür.

Məruzədə xüsusilə Alp Aruz obrazının dastanın dərin qatlarında Oğuz birliyinin qoruyucusu kimi çıxış etdiyi vurğulanıb. Tədqiqatçıya görə, eposun bir çox epizodlarında Alp Aruz haqq-ədaləti və qədim törəni müdafiə edən qəhrəman kimi təqdim olunur, lakin sonrakı mətn redaksiyalarında onun rolu dəyişdirilərək antiqəhrəman statusuna gətirilir. Bu isə eposun formalaşma tarixində müxtəlif ideoloji mərhələlərin mövcudluğunu göstərir.

Seminarda eposun diaxron inkişaf mərhələləri də izah olunub. Bildirilib ki, Oğuz epik ənənəsi üç əsas mərhələdən keçib: başlanğıc mərhələ – Oğuz Kağan dastanı ilə bağlı mifoloji qat, aralıq mərhələ – “Alp Aruz” dastanı ilə səciyyələnən transformasiya mərhələsi və son mərhələ – bizə gəlib çatmış “Kitabi-Dədə Qorqud” eposu.

Məruzə zamanı XIV əsr tarixçisi Aybək əd-Dəvadarinin tarixi mövzuda yazdığı əsərində mövcud olmuş, lakin bizə gəlib çatmamış qədim “Oğuznamə” variantına da istinad edilib. Həmin mənbədə Aruz oğlu Basatın Təpəgözü öldürməsi və bu hadisənin oğuz epik ənənəsində geniş yayılmış hekayətlərdən biri kimi yaşaması haqqında məlumatların verildiyi diqqətə çatdırılıb. Bu faktın da “Alp Aruz variantı”nın mövcudluğu ehtimalını gücləndirdiyi vurğulanıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Filologiya elmləri doktoru, professor Füzuli Bayat 1993-cü ildə nəşr etdirdiyi “Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı” monoqrafiyası, eləcə də bu mövzuda yazdığı doktorluq dissertasiyasında qoyulan məsələlər barədə danışaraq professor Seyfəddin Rzasoy tərəfindən müzakirəyə təqdim olunan mövzunun konseptual tezislərinin formalaşma tarixi barədə danışıb. Alim eposda diqqəti cəlb edən İç Oğuz və Dış Oğuz konfliktinin tarixi-sosial kökləri və ideoloji əsasları barədə danışaraq qeyd edib ki, professor Rzasoyun bu sahədə apardığı tədqiqatlar sistemli, ardıcıl və konseptual xarakter daşıyır.

Daha sonra çıxış edən filologiya elmləri doktoru Səfa Qarayev Seyfəddin Rzasoyun məruzəsində “Kitabi-Dədə Qorqud”un sonuncu boyunun metaforik kontekstdə təhlilini yüksək qiymətləndirib və qeyd edib ki, bu yanaşma, həmçinin tədqiqatın çoxsaylı araşdırmalara əsaslanması onun məzmun dərinliyini aydın şəkildə ortaya qoyur. Alim vurğulayıb ki, bizim də araşdırmamız sonuncu boyun Oğuznamə yasaları ilə intertekstual əlaqədə formalaşdığını göstərir. Mahiyyətcə sonuncu boy İç Oğuzun "Oğuznamə"nin onlar üçün müəyyənləşdirdiyi qul statusuna qarşı açıq şəkildə deyil, mətnin janr tipologiyasına uyğun olaraq yaradıcılıq yolu ilə protest edir. Bu yaradıcı protest tərsinə proyeksiya prinsipi ilə qurularaq Dış Oğuzun günahkar mövqedə göstərilməsini hədəfləyir və Aruz obrazı vasitəsilə metaforik şəkildə təqdim olunur. Eyni zamanda, mətn daxilində Qazan xanın formalaşdırdığı "yalan yağma" xəbəri də günahın Aruzun üzərinə köçürülməsinin bədii priyomu kimi çıxış edir.

Səfa Qarayev əlavə edib ki, Qazanın evinin yağmalanması etnoqrafik hadisə deyil, bədii strategiyadır. Bu metaforik aktla başlayan proses Aruzun evinin yağmalanması ilə tamamlanır və nəticədə İç Oğuz mərkəzli yaradıcılıq mövqeyinə çatır: "Oğuznamə"nin əksinə olaraq İç Oğuz mərkəzli güc əsasında etnik oppozisiya üzərində hakimiyyət qurmaq.

Yəni əslində yağma qanunun pozulmasından yox, müvafiq motiv kontekstində bədii məqsədə uyğun olaraq icrasından danışmaq daha doğru olar.

Fiologiya elmləri doktoru, dosent Qalib Sayılov isə təqdim olunan məruzənin müəllifin uzunillik axtarışlarının nəticəsi olması, qorqudşünaslıqda yeni səhifələr açması barədə danışaraq, diqqəti epos mətnində yer alan “At işləməsə, igid öyünməz” ifadəsinə yönəldərək, xalq yaddaşında bu deyimin kəsb etdiyi mənaya nəzər yetirib.

“Kitabi-Dədə Qorqud” eposunda müşahidə olunan konfliktoloji situasiyaya – İç Oğuz və Dış Oğuz qarşıdurmasına fərqli rakursdan yanaşan filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov qeyd edib ki, eposun inkişaf tarixinə yanaşmada fərqli zaman intervalını deyil, eposda paralel şəkildə mövcud olan fərqli mövqelərdən baxmaq lazımdır. Bu halda boylarda üzə çıxan qarşıdurmanın əsl mahiyyətini izah etmək olar.

Seminarın yekununda Hikmət Quliyev qeyd edib ki, nəzərə almaq vacibdir ki, “Kitabi-Dədə Qorqud” eposu əlyazma şəklində bizə gəlib çatan mətndir. Başqa sözlə desək, şifahi mətn performanslarından birinin əlyazmalaşmış – “stop kadrı”dır. Yəni əlimizdəki Müqəddimə və 12 boyluq Drezden və 6 boyluq Vatikan əlyazmaları, yaxud sonradan üzə çıxarılan Günbət – Türkmənsəhra nüsxəsi, eləcə də Bursa əlyazması “Kitabi-Dədə Qorqud” eposunun tarixi sosial şərtlər kontekstində ortaya çıxan və əlyazmalaşan şəklidir. Odur ki, Dədə Qorqud eposuna yanaşmada variantlar perspektivindən məsələyə baxış konseptual əhəmiyyət kəsb edir. Alim məsələyə bu nəzəri-metodoloji prizmadan yanaşmaqla folklorşünaslıq baxımından sistemli və konseptual tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Sonda iştirakçıların adından məruzəçiyə təşəkkür edilib və elmi tədqiqat işində uğurlar arzulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023