Mar 18, 2026 | 15:16 Konfranslar, iclaslar
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə elmi şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər. İclas AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin sədrliyi ilə baş tutub.
Akademik İsa Həbibbəyli növbəti iclasın ilaxır çərşənbəyə təsadüf etdiyini bildirərək, həm Novruz bayramı, həm də Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb. Novruz bayramının özəlliklərindən söz açaraq akademiya səviyyəsində bu bayrama həsr edilmiş tədbirlərdən və nəşr olunmuş kitablardan bəhs edib.
Akademik İsa Həbibbəyli həmçinin AMEA-nın müxbir üzvü filologiya elmləri doktoru, professor Nüşabə Araslını 85 illik yubileyi, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatovanı 75 illik yubileyi və məhsuldar elmi fəaliyyətinə görə institutun Fəxri Fərmanı ilə təltif edib.
Sonra Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi” haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında danışıb. Sərəncama əsasən Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınaraq Mədəniyyət Nazirliyi ilə birgə tədbirlərin keçiriləcəyini bildirib. AYB ilə birgə tədbirin mart ayının 19-da baş tutacağını deyib. Aslan Salmansoyun şairin yaradıcılığından bəhs edən kitabının çap olunacağını diqqətə çatdırıb. Onun əsərlərinin azərbaycançılıq işığında və müstəqillik gözü ilə yenidən tədqiqata cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda “Molla Nəsrəddin” jurnalının nəşrinin 120 illiyinin qeyd edilməsi haqqında danışıb. Aprelin 7-də bu münasibətlə konfrans keçiriləcəyini, yubileylə əlaqədar olaraq Cəlil Məmmədquluzadənin qəbrinin ziyarət ediləcəyini əlavə edib. Tədbirin Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə birgə keçirilməsini təklif edib. Yazıçının həyat və yaradıcılığından bəhs edən “Sənətkarın elmi pasportu” seriyasından kollektiv monoqrafiyanın hazırlanmasını tövsiyə edib. Özünün də “Ustad Mirzə Cəlil Məmmədquluzadə” kitabını nəşrə hazırlayacağını bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Nüşabə Araslının 85 illik yubileyinin qeyd edilməsi haqqında danışaraq yubliyarı böyük Araslılar şəcərəsinin yaşayan əfsanəsi adlandırıb. Onun “Nizami Gəncəvi və türk ədəbiyyatı” kitabının son dövr nəşrləri içərisində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nizamişünaslıq şöbəsinə uğurla rəhbərlik etdiyini, şöbənin “Nizami Gəncəvi ensiklopediyası” üzərində çalışdığını qeyd edib. Onun Azərbaycan elmi qarşısında xidmətlərini nəzərə alaraq 85 illiyinə həsr edilmiş elmi sessiya keçiriləcəyini bildirib.
İclasda elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2025-2026-cı tədris ili üzrə qəbul olan doktorantlarının fərdi iş planlarının təsdiqinə dair məsələləri diqqətə çatdırıb.
Sonda çap və müsabiqə məsələləri müzakirə olunub, müvafiq qərarlar verilib.
www.science.gov.az


