AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
Mar 19, 2026 | 11:21 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, Bakı Avrasiya Universiteti, Qazaxıstan Respublikasının Ə.Baytursunlu adına Dilçilik İnstitutu, Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Özbəkistan Respublikasının Dünya Dilləri Universiteti, Türkiyənin Hacettepe Universiteti və Türkiyənin Trakya Universiteti bir araya gələrək “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi tədqiqat qurumu təsis ediblər.

İclasın moderatoru Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şöhrət Sirociddinov görüşün əsas məqsədini açıqlayıb və rəhbərlik etdiyi universitet haqqında qısa məlumat verib. O, “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi”nə uğurlar arzulayıb və təmsil etdiyi universitetinin bu Mərkəzə göstərə biləcəyi dəstək barədə iştirakçıları məlumatlandırıb. Sonra iclasın moderatoru fikirlərini bildirmək istəyən bütün iştirakçılara söz verib.

Qazaxıstan Respublikası Ə.Baytursunlu adına Dilçilik İnstitutunun direktoru Prof.Dr. Anar Fazıljan, Bakı Avrasiya Universitetinin rektoru Prof.Dr. Siyavuş Qasımlı və Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun direktörü Prof. Dr. Nadir Məmmədli rəhbərlik etdikləri qurumlar haqqında və həmin qurumların bu Mərkəz üçün təmin edə biləcəyi imkanlar barədə iştirakçılara məlumat veriblər.

“Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi”nin məqsədini və fəaliyyət sahələrini əks etdirən maddə və bəndlər bu layihənin müəllifi, Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri Prof. Dr. Mayıl Əsgərov tərəfindən elan və izah edilib.

“Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi”ində müxtəlif qurumları təmsil edən daimi üzvlər, o cümlədən Türkiyə Respublikası Hacettepe Universitetindən Dos.Dr. Barış Aydın; Bakı Avrasiya Universitetindən Dos.Dr. Zəminə Rüstəmbəyli; Türkiyə Respublikası Trakya Universitetindən Dos.Dr. Ümmügülsüm Dohman; Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindən Prof.Dr. Nozliyo Normurodova; Qazaxıstan Respublikasının Ə.Baytursunlu adına Dilçilik İnstitutundan Dos.Dr. Mədinə Abayeva; Özbəkistan Dövlət Dünya Dilləri Universitetindən Dos.Dr. Nursultan Cusupov; Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutundan Sevinc İsmayılova təmsil etdikləri qurumlarda psixolinqvistika və koqnitiv dilçilik sahəsində aparılan tədqiqatlar haqqında məlumat veriblər və təmsil etdikləri qurumların Mərkəzə nə töhfə verə biləcəyi barədə danışıblar.

İştirakçıların müzakirə etmək istədiyi digər məsələlər də gündəliyin əlavə maddələri kimi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.

Görüşün sonunda Mərkəzin gələcək fəaliyyət planı təsdiqlənib və növbəti elmi toplantının vaxtı müəyyən edilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023