AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunda “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransının materialları çap olunub
Mar 16, 2026 | 11:34 Yeni nəşrlər

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransının materialları nəşr edilib.

Topluda respublikanın müxtəlif elmi və ali təhsil müəssisələrini təmsil edən alim və tədqiqatçıların, ümumilikdə 51 məruzəsi bir araya gətirilib. Nəşrdə milli dövlətçilik ideyasının folklor qaynaqları araşdırılıb, epik ənənədə hakimiyyət və hökmdar obrazı təhlil edilib, folklorda milli kimlik və azadlıq ideyaları sistemli şəkildə şərh olunub. Eyni zamanda mifoloji dünyagörüşü, mərasim və bayram mədəniyyəti, aşıq yaradıcılığı, müasir folklorun transformasiya istiqamətləri və müstəqillik dövründə folklorşünaslığın nəzəri paradiqmaları elmi müstəvidə təqdim edilib.

Konfrans materialları əsasında hazırlanmış kitabda folklor və milli dövlətçilik münasibətləri kompleks elmi yanaşma ilə təqdim olunub. Nəşrdə folklorun dövlətçilik ideyasının formalaşmasındakı rolu, milli kimliyin bədii mətnlərdə ifadəsi, etnik folklordan milli folklora keçidin sosial-mədəni əsasları, epik ənənədə hakimiyyət və hökmdar obrazlarının semantikası, “Kitabi-Dədə Qorqud”, “Manas” və “Koroğlu” kimi klassik mətnlərdə dövlətçilik və azadlıq ideyalarının əksi sistemli şəkildə təhlil edilib. Eyni zamanda müasir folklorun transformasiya istiqamətləri, şəhər mühiti və çağdaş kommunikasiya şəraitində folklorun dəyişən funksiyaları elmi müstəvidə ümumiləşdirilib.

Kitabda türk xalqlarının epik irsi əsasında dövlətçilik düşüncəsinin tarixi-mədəni əsasları müəyyənləşdirilib, folklor yaddaşında suverenlik və el birliyi anlayışlarının semantikası açıqlanıb. Azərbaycan folklorunda dini-əxlaqi dəyərlər, konstitusion müddəaların inikası, Novruz və Ramazan mərasimlərinin milli-mənəvi sistemdə yeri elmi arqumentlərlə əsaslandırılıb, işğaldan azad olunmuş ərazilərdə mərasim ənənələrinin bərpası məsələlərinə də toxunulub.

“Milli dövlətçilik və folklor” konfrans materialları müasir Azərbaycan humanitar və sosial fikrində aktual elmi istiqamətlərdən biri kimi nəzəri və metodoloji baxımdan əhəmiyyət daşıyır. Nəşr folklorşünaslar, tarixçilər, kulturoloqlar, həmçinin dövlətçilik və folklor mövzusunda tədqiqat aparan doktorant və magistrantlar üçün mühüm elmi mənbə kimi çıxış edir.

 Qeyd edək ki, 432 səhifə həcmində olan konfrans materialları “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Hikmət Quliyevdir, tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Hüseynqızı-Əmirli, texniki redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovadır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023