AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda “Elmin zərif gücü – qadınlar” adlı tədbir keçirilib
Mar 10, 2026 | 14:54 Konfranslar, iclaslar

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, institut üzrə YAP ərazi təşkilatı, Qadınlar Şurası və Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Elmin zərif gücü – Qadınlar” adlı tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli açaraq tədbir iştirakçılarını salamlayıb, AMEA-nın və elmi-tədqiqat müəssisəmizin qadın heyətini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Çıxışında Azərbaycan qadını, onun zəkası, müdrikliyi, cəmiyyətin inkişafı və idarəçiliyində fəal iştirakından söz açan alim türk xalqlarının qadına hər zaman xüsusi diqqət göstərdiyini vurğulayıb: “Xaqani, Nizami, Füzuli kimi dahi Azərbaycan şairləri, mütəfəkkirləri və humanistlərinin öz əsərlərində qadına yüksək qiymət verməsi türk xalqlarının tarixi boyu qadına verdiyi böyük önəmlə bağlıdır.”

Şərqdə qadınlara seçki hüququnun ilk dəfə Azərbaycanda verilməsinin təsadüfi olmadığını diqqətə çatdıran alim Azərbaycan Xalq Cümhuriyyətinin bu addımının şərq dünyasında gender bərabərliyi istiqamətində atılmış ən mütərəqqi addım olduğunu vurğulayıb. Bildirib ki, qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın Qadınlar Şurasının sədri fəl.e.d., professor Rəna Mirzəzadə və AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər ü.f.d., dosent Sənan Həsənov çıxışlarında elmimizin inkişafında qadın alimlərimizin müstəsna xidmətlərindən söz açıb, Azərbaycan qadınlarının ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayıblar. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yüksəliş mərhələsinə qədəm qoyub.

Ölkəmizdə qadın problemlərinin daim dövlət nəzarətində olduğunu diqqətə çatdıran alimlər qeyd ediblər ki, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi ölkə başçısının dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir.

Tədbirdə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Əlyazmalarda yaşayan tarix: Leyla xanımın irsi”, həmin şöbənin kiçik elmi işçisi Afaq Hacıyeva “Səkinə Axundzadə və XIX əsr Azərbaycan ziyalı qadınlarının maarifçilik irsi” və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Samirə Əliyeva “Bayıl həbsxanasında bolşevik rejimini ittiham edən yeganə azərbaycanlı şairə” mövzularında məruzə ediblər. Məruzəçilər klassik Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində iz qoymuş Leyla xanımın bədii irsindən, Azərbaycanın ilk qadın müəllimlərindən olan ilk qadın dramaturq, maarifçi və yazıçı Səkinə Axundzadənin maarifçilik irsindən, o cümlədən repressiya qurbanı olmuş, bolşevik rejimini ittiham edən şeirlər yazmış yeganə Azərbaycan şairəsi Ümmügülsüm Sadıqzadənin yaradıcılığından söz açıblar.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix e.d., professor Zemfira Hacıyevanın, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının sədri tarix e.d. Vəfa Mahmudovanın, AMEA-nın Qadınlar Şurasının sədr müavini, Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya e.d., dosent Tubuxanım Qasımzadənin, o cümlədən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları - Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadənin məruzə ətrafında çıxışları dinlənilib.

Çıxışlardan sonra təltifolma mərasimi keçirilib, elmi-tədqiqat müəssisəmizin bir qrup əməkdaşına institutun elmi və ictimai həyatında məhsuldar fəaliyyətlərinə görə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Fəxri Fərman”ı və gül buketləri təqdim olunub. Sonda institutun Ekspozisiya zalında tədbir iştirakçılarının xatirə fotosu çəkilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023