Mar 06, 2026 | 11:37 Müsahibələr, çıxışlar
Bu gün, mart ayının 5-i öz elmi-ədəbi və kulturoloji-fəlsəfi görüşlərinin dərinlik və genişlik miqyası ilə fənn sahəsi olaraq ədəbiyyatşünaslığın çərçivələrini, mədəni-mənəvi məkan olaraq milli sərhədləri aşıb bütövlükdə XX əsr ümumtürk humanitar-ictimai elmi düşüncəsinin zirvə məqamlarından birinə yüksələn, zaman keçdikcə o zirvədə əbədi olaraq qərarlaşdığı getdikcə daha çox təsbit olunan mütəfəkkirlərimizdən olan professor Yaşar Qarayevin anadan olmasının 90 ili tamam olur.
Professor Yaşar Qarayevin 90 illik yubileyi münasibətilə onun yetişdirməsi, filologiya elmləri doktoru, AMEA Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavərinin “Yaşar Qarayev: toxunulacaq qədər yaxından” kitabı çapdan çıxıb.
Kitabda professor Yaşar Qarayevin şəxsiyyəti və yaradıcılığı yalnız milli ədəbiyyatşünaslıq çərçivəsində deyil, XX əsr ümumtürk humanitar-ictimai elmi düşüncəsi kontekstində dəyərləndirilir. Burada alimin yaradıcılığının mərhələləri sistemləşdirilmiş, analitik-filoloji başlanğıcdan fəlsəfi-kulturoloji konseptuallaşmaya qədər uzanan inkişaf xətti göstərilmişdir. “Tarix: yaxından və uzaqdan” əsəri isə milli yaddaş konsepsiyasının yekun ifadəsi kimi dəyərləndirilmişdir.
Rəqəmsal informasiya mühitində alimin irsinin gənc nəsil üçün idraki müstəqillik və mənəvi bütövlük modeli olduğu əsaslandırılmışdır.
Kitabda Yaşar Qarayevlə bağlı maraqlı xatirələr də əksini tapmışdır.
www.science.gov.az


