Mar 05, 2026 | 11:34 Mühüm hadisələr
Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi, elmimizin inkişafı yollarındakı şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan qadını əsrlər boyu milli-mənəvi dəyərlərimizin keşikçisi, cəmiyyətimizin əsas sütunu olmuş, xalqımızın çoxəsrlik zəngin irsinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır. Daim öz müdrikliyi, zərifliyi və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadını geniş dünyagörüşü və intellektual düşüncəsi ilə zəngin dövlətçilik tariximizə də parlaq səhifələr yazmışdır.
Ölkəmizdə hər zaman qadınlara yüksək səviyyədə münasibət bəslənilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman Şərqində ilk dəfə olaraq ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verilmişdir.
Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qadınlarımızın cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Bu siyasətin nəticəsi olaraq qadınlarımız dövlətimizin inkişafına öz töhfələrini verməkdə davam edirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının çoxəsrlik dövlətçilik təcrübəsini, zəngin dünyagörüşünü, yüksək mənəviyyatını bütün dünyada böyük uğurla nümayiş etdirir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının sıralarında əzmlə çalışan çoxsaylı qadın alim və mütəxəssislərimiz müxtəlif elm sahələrində humanitar elmlərdən yüksək texnologiyalara qədər mühüm elmi nailiyyətlərə imza atırlar. Onlar öz intellektual potensialları ilə müasir Azərbaycan elminin simasını müəyyən edən əsas qüvvələrdən birinə çevrilmişlər. İnanıram ki, yüksək zəka sahibi olan xanımlarımız bundan sonra da ölkəmizin intellektual gələcəyinin təmin olunmasında var qüvvələrini səfərbər edəcəklər.
Əziz xanımlar!
Sizi bir daha ürəkdən təbrik edir, şəxsi həyatınızda və elmi fəaliyyətinizdə uğurlar arzulayıram!
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
www.science.gov.az


