Mar 02, 2026 | 09:39 Mühüm hadisələr
Ölkə başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən Qurultayın yubileyinin bir əsr sonra Bakıda keçirilməsi keçmişə ehtiram, bu günə məsuliyyət və gələcəyə inamın ifadəsidir.
Bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 28-də Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda çıxışı zamanı səsləndirib.
Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı tərəfindən sözügedən sərəncamda Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil edən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə Mədəniyyət Nazirliyi, AMEA və Elm və Təhsil Nazirliyi məsul qurumlar kimi müəyyən edilib. O, fevraln 27-də AMEA Rəyasət Heyətində keçirilən Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda bu üç qurumun özünəməxsus rolunun olduğunu söyləyib. Konfransda sanballı məruzələrin dinlənildiyini deyən alim tədbirin Türk dünyasında türkologiyaya dair tədqiqatların genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Türkoloji Qurultayın tarixi, elmi əhəmiyyəti haqqında danışan AMEA rəhbəri bu mötəbər tədbirin türkçülüyün, türk birliyi ideyasının başlanğıcı olduğunu qeyd edib, Qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. Bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni inteqrasiyasının, birliyinin, həmrəyliyinin bir olduğunu düşüncəmizə möhkəm şəkildə həkk edib.
AMEA prezidenti əlavə edib ki, Türkoloji Qurultay, həmçinin türkologiya elminin əsas hədəf və istiqamətlərini müəyyən edib. Qurultaydan bəri ötən dövr türkologiyaya daha geniş aspektdən yanaşılması, türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır.
O, Birinci Türkoloji Qurultayın əsas vəzifələri sırasında Türk dünyasının elmi və mədəni əməkdaşlığının gücləndirilməsinin dayandığını deyərək bildirib ki, Qurultayın ən böyük tarixi xidməti mürəkkəb siyasi şəraitə baxmayaraq latın qrafikalı türk əlifbasının qəbul edilməsi və bununla da türk xalqlarının mədəni inteqrasiyasına yol açması olub. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən keçirilmiş “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzrə ümumi razılığın əldə edilməsi Qurultayın ideyalarının yaşadığını və davam etdirildiyini əyani şəkildə göstərir.
“Birinci Türkoloji Qurultayın əsas dərslərindən biri də Azərbaycanda və Türk dünyasında elmi elitanı yaratmaq olub”, - deyə bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, dünyanın ən görkəmli alimlərinin iştirak etdiyi bu mötəbər tədbirə ölkəmizdən iyirmiyə yaxın ziyalı qatılıb. Onlar elmi elita qarşısında məruzələrlə çıxış edərək türk dillərinin ortaq prinsiplər əsasında öyrənilməsi, müasir tədris metodlarının yaradılması kimi təkliflər irəli sürüblər.
AMEA prezidenti vurğulayıb ki, Türk dünyasının müxtəlif yerlərindən gəlmiş alimlərin intellektual keyfiyyətlərini ilk dəfə dünyaya və Türk dünyasına Birinci Türkoloji Qurultay təqdim edib. Türk ölkələrində elmi elitanın ümumi ziyalılığın aparıcı qollarından biri olmasının kökü Qurultayla bağlıdır. Hazırda Qurultayın elmi elita ənənəsini Elmlər Akademiyası və ali təhsil ocaqları yaşadır. Təhsil sistemi beynəlxalq standartlara və müasir tələblərə tam uyğunlaşdırılan Xəzər Universiteti də elmi elitanın formalaşmasına öz töhfəsini verir.
www.science.gov.az


